Yaqub Eyyubovun başçılıq edəcəyi yeni komissiyanın işi effektiv olmayacaq – Ekspert
Tarix: 24-07-2017 18:58 | Bölmə: Slayd


Azərbaycanın iri dövlət şirkətlərinin gəlir və xərclər smetalarının tərtibi qaydaları dəyişib.

Ötən həftə Nazirlər Kabineti bununla bağlı "İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” 2016-cı il 30 dekabr tarixli qərarında dəyişiklik edib. İri dövlət şirkətlərinin siyahısına SOCAR, "Azərenerji" ASC, "Azərbaycan Hava Yolları" QSC (AZAL), "Azərbaycan Dəmir Yolları" QSC, "Azərsu" ASC, "Azərişıq" ASC, "Xəzər Dəniz Gəmiçiliyi" QSC, "Bakı Metropoliteni" QSC, "Meliorasiya və Su Təsərrüfatı" ASC, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlar ("Azərkosmos" ASC, "Aztelekom" MMC, "Azərpoçt" MMC və "Bakı Telefon Rabitəsi" MMC) daxildir.

"İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” 2016-cı il 30 dekabr tarixli qərara əsasən iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarına baxılma və həmin smetaların təsdiq edilməsi üzrə komissiya yaradılıb. Komissiyanın sədri baş nazirin birinci müavini Yaqub Eyyubov, komissiyanın üzvləri iqtisadiyyat naziri Şahin Mustafayev, maliyyə naziri Samir Şərifov, vergilər naziri Fazil Məmmədov, Mərkəzi Bankın sədri Elman Rüstəmov və Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlıdır.

Komissiyanın cari fəaliyyətinin təşkili məqsədi ilə komissiyanın katibliyi yaradılıb və katibliyin funksiyalarının həyata keçirilməsi Maliyyə Nazirliyinə həvalə edilib. İri dövlət şirkətləri növbəti ilin gəlirlər və xərclər smetalarının ilkin layihələrini hər il iyulun 1-dək komissiyanın katibliyinə təqdim etməli idi. Dəyişikliyə əsasən iri dövlət şirkətləri növbəti ilin gəlirlər və xərclər smetalarının ilkin layihələrini hər il iyulun 1-dək deyil, dekabrın 20-dək katibliyə təqdim etməlidirlər. İri dövlət şirkətləri təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatı hər rübdən sonra 30 gün ərzində, illik icrası barədə hesabatı isə hər il aprel ayının 1-dək komissiyaya təqdim etməli idilər. Dəyişikliyə əsasən isə artıq iri dövlət şirkətləri təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatı artan yekunla hər rübdən sonrakı ayın 15-dək komissiya üzvlərinə və katibliyə kağız və elektron daşıyıcılarda təqdim etməlidirlər. İri dövlət şirkətləri təsdiq olunmuş smetanın icrası barədə rüblük hesabatda iri dövlət şirkətlərinin daxilolmaları və xərcləri proqnoz göstəricilərindən 10%-dək az və ya çox olduqda, komissiyanın katibliyinə bunun səbəbləri barədə müvafiq izahat təqdim edəcək. Komissiyanın katibliyi hər rüb üzrə smetanın icrasına dair müvafiq arayış hazırlayaraq Komissiyanın üzvlərinə təqdim edəcək və hər rübdən sonrakı ayın 30-dək komissiyada müzakirəsini təşkil edəcək.


ReAL Hərəkatının icraçı katibi, tanınmış iqtisadçı-ekspert Natiq Cəfərli isə düşünür ki, bu kimi addımlar müsbət nəticə verməyəcək.

N.Cəfərli Reyting.az-a deyib ki, dövlət qurumlarına nəzarətin gücləndirilməsi istiqamətində həyata keçirilən layihələrin effekti olmayacaq:

«Dünyanın keçdiyi yol sübut edir ki, dövlət orqanlarının fəaliyyətinə nəzarət etmək üçün növbəti dövlət orqanlarının - komissiyaların yaradılması mənasız işdir. Yəni, bir müddət sonra həmin orqanların, komissiyaların yaradılmasına ehtiyac yaranır. Proses qeyri-effektiv şəkildə zəncirvari davam edir”.

N.Cəfərlinin fikrincə, dünya təcrübəsi göstərir ki, büdcə xərcləmələrinə nəzarətin iki effektiv yolu var: Biri müstəqil media, digəri azad məhkəmə. Azad media və məhkəmə olandan sonra dövlət orqanlarına nəzarət üçün komissiyalar lazım deyil. Belə olan təqdirdə dövlət büdcəsi hesabına ayaqda qalan məmur ordusuna da ehtiyac yaranmır. Çünki dünya bunun effektiv yolunu sübut edib.

İqtisadçı-ekspert qeyd edib ki, dünyada ən şəffaf büdcə xərcləmələri Skandinaviya ölkələrindədir: "Onların təcrübəsinə nəzər yetirdikdə görürük ki, orada nə korrupsiyaya qarşı mübarizə aparan dövlət idarəsi var, nə də bu xarakterli başqa qurumlar. Sadəcə olaraq, hesabatlı hökumət mövcuddur, media azad şəkildə həmin faktları üzə çıxarır, məhkəmələr də bu faktlar üzə çıxdıqdan sonra ciddi araşdırma aparıb lazımi tədbirlər görür. Yəni, dünyanın büdcə xərcləmələrinə nəzarət mexanizminin ən effektiv yolu bundan ibarətdir. Azərbaycanda olan variant isə qeyri-effektivdir».

Müsahibimiz bildirib ki, Azərbaycan dünya təcrübəsində olduğu kimi, azad media və ədalətli məhkəmə sistemini qurmaq üçün ortaya siyasi iradə qoymalıdır. «Hakimiyyət istəyir buna getsin, istəyir getməsin, məsələ ondadır ki, bundan başqa yol yoxdur. Əgər ölkədə iqtisadi problemlər varsa, iqtisadiyyatı gücləndirmək istəyiriksə, siyasi idarəetmənin fəlsəfəsi və iş prinsirləri də dəyişməlidir. Normal ölkələr bu yolla gedir. Bunun əksini sübut edən heç bir yol yoxdur. Söhbət demokratiyadan, seçkilərdən də getmir. İdarəetmə fəlsəfəsi dəyişməyincə, normal məhkəmə sistemi qurulmayınca, müsbət dəyişilik gözləməyə dəyməz. Heç olmasa, azad rəqabət mühiti olsun, biznesə şərait yaradılsın, azad məhkəmə də olsun ki, qanunun aliliyi təmin olunsun. O zaman hansısa müsbət dəyişikliklərdən danışmaq olar. Bu yolu seçəcəklərsə, ölkə inkişaf edəcək, seçməyəcəklərsə, problemlər daha da dərinləşəcək və sonda ölkədəki vəziyyət idarəolunmaz səviyyəyə çatacaq. Ağlı başında olan heç bir adam Azərbaycanda proseslərin idarəolunmaz vəziyyətə çatmasını istəməz»,- deyə N.Cəfərli əlavə edib.

Bir məqamı da qeyd edək ki, son dövrlər hökumət dövlət qurumlarının nəzdində yeni təsisatlar yaradaraq özəl təşkilatların formalaşmasının qarşısını alır. Yəni, hər hansı bir sahə üzrə özəl qurumların inkişafına şərait yaratmaqdansa, nazirliklərin nəzarətində MMC-lər formalaşdırırlar. Ötən həftə Nazirlər Kabineti həm də "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” 2015-ci il 17 aprel tarixli qərarında dəyişiklik edib. Qərara əsasən, Xaçmaz rayonundakı "Azərbaycan” tərəvəz toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” MMC və "28 May” taxıl toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi" MMC birləşdirilərək Kənd Təsərrüfatı Nazirliyinin "Xaçmaz Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC yaradılıb. Dəyişikliyə əsasən, Xaçmaz rayonundakı "Azərbaycan” tərəvəz toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” MMC "Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsi”nin tabeliyinə veriləcək. Yaradılmış "Xaçmaz Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC isə ləğv edilib, Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki təsərrüfathesablı təşkilat kimi "28 May” Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi” MMC yaradılıb.

"Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” 2015-ci il 17 aprel tarixli qərara əsasən, Quba rayonundakı "Meyvə tingliyi dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” MMC və "Şəfəq” südlük-maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” MMC birləşdirilərək Kənd Təsərrüfatı Nazirliyinin "Quba Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC yaradılmışdı. Dəyişikliyə əsasən isə Quba rayonundakı "Şəfəq” südlük-maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” MMC-nin adı dəyişdirilərək Kənd Təsərrüfatı Nazirliyinin "Quba Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi" MMC adlandırılacaq.

N.Cəfərli bu tendensiyanın da yanlış olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu, qeyri-effektiv yoldur: «Dövlət iqtisadiyyatda birbaşa iştirak edirsə, ən pis menecer olur. Bir sıra böyük dövlətlər də bu təcrübənin effektsiz olduğunu sınaqdan çıxarıb. Anladılar ki, azad rəqabət olmasa, özəl şirkətin məntiqi ilə iqtisadi model qurulmasa, iqtisadiyyat inkişaf edə bilməz. Dövlət iqtisadiyyatda birbaşa iştirakçı yox, təşviqlərə yol açan institut kimi çıxış etməlidir. Müstəqillikdən bu yana dövlətin şirkətlərdə birbaşa iştirakına baxsaq, hamısının ziyanla işlədiyini görərik, hamısının külli miqdarda borcu var və buna görə dövlət sonradan külli miqdarda ziyana düşür. İndi də eyni səhvləri müxtəlif sahələrdə təkrarlamaq məntiqsizlikdir və effekt verməyəcək. Dövlətin iqtisadiyyatda birbaşa iştirakı həmişə fiasko ilə nəticələnir. Dünya təcrübəsi də bunu sübut edir. Dövlət ən yaxşı halda startap rolunda çıxış eləməlidir, uzunmüddətli və aşağı faizli kreditlərin verilməsi üçün şərait yaratmalıdır. Dövlət iqtisadiyyatda adil hakim rolunda olmalıdır. Təəssüf ki, Azərbaycanda hökumət və dövlət bütün sahələri öz nəzarətində saxlamağa çalışır. Bu isə effekt vermir və verməyəcək».

Zaur ƏHMƏD

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}