Bəzi banklar bağlanacaq
Tarix: 07-09-2017 14:53 | Bölmə: Slayd
Bəzi banklar bağlanacaq

Ölkədə bank sisteminin sağlamlaşdırılmasına start verilsə də, proses sona çatdırılmadı.

Reyting.az-ın xəbərinə görə, iqtisadçı Natiq Cəfərli Modern.az-a bunun səbəblərini açıqlayıb. O qeyd edib ki, bank sistemində problemlər dərinləşməkdə davam edir:

"Prosesin dayandırılması panikanın aradan qaldırmasına yönəlib. Rəsmi rəqəmlər də bunu sübut edir. Həm problemli kreditlərin həcmi artır, həm də ötən illə müqayisədə kreditləşmədə ciddi geriləmə var. Banklar iqtisadi aktivliyi xeyli dərəcədə zəiflədən bir amilə çevrilib. Çünki özlərinin vəziyyəti yaxşı deyil”.

Natiq Cəfərli deyib ki, əgər rəsmi rəqəmlərə görə problemli kreditlərin həcmi 13-14 faizə yaxınlaşırsa və beynəlxalq qiymətləndirmədə 25-30 faiz civarında göstərilirsə, deməli, bankların vəziyyəti yaxşı deyil:

“Sağlamlaşdırma prosesi sürətlə başlasa da, səngidi. Bəzi problemli bankların birləşdirilməsi, bəzilərinin bağlanması gündəmdədir. Sadəcə, panika havası yaranmasın deyə proses səngidi. Çünki banklarla bağlı məlumatlar yayılanda insanların güvəni sarsılmış və depozitlərini sürətlə geri çəkməyə başlamışdılar. Bu prosesi saxlamaq, panikanın yatırılması üçün bankların bağlanması və birləşdirilməsi dayandırıldı. Əslində isə proses sona çatmayıb. Mütləq bank sistemi sağlamlaşdırılmalıdır ki, iqtisadiyyat yenidən canlansın, banklar ayaqda durmağı bacarsın, daha ciddi strukturlara çevrilsinlər ki, prosesdə mühüm rol oynasınlar. Bank kreditləri, bankların iqtisadiyyatda iştirakı olmadan nə ticarətdə, nə istehsalda, nə yeni iş yerlərinin yaradılmasında biznesə dəstək vermək olur. Çünki biznesə uzunmüddətli və ucuz kreditlər lazımdır ki, yeni iş yerləri, istehsal sahələri yaradılsın. Hansı ki, Azərbaycan hökuməti məqsəd olaraq qarşısına qoyub. Amma indiki 20-25 faizə, ağır şərtlərlə verilən biznes kreditlərinə maraq azalıb. İqtisadi aktivlik aşağı olduğu üçün biznes kreditlərindən istifadə olunmur.

İstehlak kreditlərində də eyni vəziyyətdir. Əhalinin çox böyük hissəsi kredit borcları altındadır. Son 25-30 faizlik istehlak kreditləri əhalinin qaldıra biləcəyi bir yük deyil. Sağlamlaşdırma proqramları sonuna qədər getməlidir. Çünki, problemləri yüksək olan banklar ya birləşdirilməli, ya da bağlanmalıdır ki, iqtisadiyyatda canlanma olsun. Bu fəaliyyətin təşkil olunmasında da Mərkəzi Bankın və hökumətin dəstəyi lazım olacaq. Banklar öz-özlüyündə düşdükləri vəziyyətdən çıxa bilməyəcəklər”.

Ekspertin sözlərinə görə, bank sistemində mövcud vəziyyəti stabilləşdirmək, maliyyə məsələlərini tənzimləmək üçün yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası ona verilən etimadı doğrultmayıb:

"Palatanın verdiyi qərarlar, xüsusilə də nağdsız hesablaşmalarla bağlı addımlar bank sistemində nəinki sadələşməyə, əksinə, daha çətin bir durumun yaranmasına səbəb oldu. Obyektivlik naminə deməliyəm ki, bu, təkcə Palatadan asılı məsələ deyildi. Palata Mərkəzi Bank və hökumətlə birgə bankların sağlamlaşdırılması üçün ciddi plan hazırlamalı və tədqiqat həyata keçirməli idi. Təəssüf ki, Palatanın verdiyi qərarların əksəriyyəti əngəlləyici və vəziyyəti mürəkkəbləşdirməyə xidmət etdi. Bu da bank sistemində olan çətin vəziyyətin daha da çətinləşməsinə səbəb oldu. Ona görə də Mərkəzi Bank da, Maliyyə Bazarlarına Nəzarət Palatası da, Maliyyə Nazirliyi də bir-birini tamamlayıcı addımlar atmalıdır. Müxtəlif qurumlar tərəfindən verilən qərarlar effekt vermir. Çünki Mərkəzi Bankın qərarlarını Palata bəyənmir, Palatanın verdiyi qərarlar isə reallıqdan uzaq olduğu üçün həyata keçirilməsi mümkün olmur. Bütün bunlar isə iqtisadiyyata xeyirdən çox, ziyan gətirir. Ona görə də ciddi koordinasiyaya ehtiyac var. Hələlik görünən odur ki, hər üç tərəfin məsələyə fərdi baxışı var və birgəlik nümayiş etdirmək istəmirlər. Bunun da əziyyətini həm banklar, həm də əhali çəkir”.

N.Cəfərli bankların sağlamlaşdırma prosesinin davam etdirilməsinin siyasi qərardan asılı olacağını bildirib:

"Palatanın məsləhətləşmiş şəkildə qərar verəcəyi gözlənilir. Əslində doğru olan odur ki, fəaliyyət göstərə bilməyən banklar bazardan çıxarılmalıdır. Ola bilər ki, ilin sonuna doğru biz belə addımların şahidi olacağıq”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}