Maliyyə-bank sektorunda yenidən gərginlik yarana bilər
Tarix: 23-09-2017 13:17 | Bölmə: Slayd
Maliyyə-bank sektorunda yenidən gərginlik yarana bilər

Bir neçə gün öncə Mərkəzi Bankın sədri Elman Rüstəmov ölkənin maliyyə-bank sistemi ilə bağlı nikbin açıqlama verərək bildirib ki, Azərbaycan hökuməti manatın məzənnəsi üçün xüsusi risk görmür.

Manatın məzənnəsini bazarın həll etdiyini deyən E.Rüstəmovun sözlərinə görə, hökumət Mərkəzi Bankı da düşünməlidir ki, bütövlükdə manatın möhkəmlənməsi nə dərəcədə ölkədə həyata keçirilən iqtisadi strategiyaya uyğundur. Xüsusi ilə də ixracın şaxələnməsi, ixracın dəstəklənməsi nə dərəcədə doğrudur.

Maliyyə-bank sektorunda yenidən gərginlik yarana bilər

Hələlik əsaslı qorxu görmədiklərini bildirən baş bankir qeyd edib ki, bu gün manat üzən məzənnə rejimindədir:

"Müsbət trend adətən tədiyə balansının cari əməliyyatlar hesabının profisiti hesabına formalaşır. Yəni biz cari hesabın profisitinin təqribən 1,5 - 2 milyard dollar təşkil edəcəyini gözləyirik.

Mühüm məsələ ondadır ki, manatın möhkəmlənməsi iqtisadi strategiyaya nə dərəcədə uyğun olacaq. Lakin biz, hələ ki belə risklər görmürük".

Onun sözlərinə görə, iqtisadiyyatda cari trendlər hökuməti qane edir: "Məndən mümkün devalvasiya barədə soruşdular, çox təəccübləndim və sarsıldım ki, devalvasiya ilə bağlı hələ də belə fikirlər qalır".

Maliyyə-bank sektorunda yenidən gərginlik yarana bilər

Reyting.az-ın xəbərinə görə, iqtisadçı alim Qubad İbadoğlu isə bildirib ki, Mərkəzi Bank sədri bir sıra önəmli məqamlara toxunmadan nikbin açıqlama verib.

Q.İbadoğlunun sözlərinə görə, neftin dünya bazar qiymətində bu ildən başlayan pozitiv dəyişikliklərin xarici ticarət və tədiyyə balansında yaratdığı müsbət saldodan ruhlanaraq çıxışını ümidverici notlar üzərində quran baş bankir bilərəkdən, artıq çoxdan qərarlaşmış tendensiya xarakteri daşıyan kreditlərin vaxtında qaytarılmaması və ya gecikdirilməsinin, müddətli öhdəliklərin sahibləri tərəfindən vəsaitlərin vaxtından əvvəl geri götürülməsinin, kredit qoyuluşunun aşağı düşməsinə görə banklarda yaranan izafi likvidlik probleminin, bankların cari və müxbir hesablarında vəsaitlərin azalmasının, ikinci ildir ki, davamlı olaraq müşahidə edilən ikirəqəmli inflyasiyanın səbəblərinə toxunmayıb: “Bir sözlə, ali səviyyədə səslənən yalanları bir az da inkişaf etdirmək məqsədilə açıqlama verən Mərkəzi Bankın sədri nə iqisadiyyatda kredit qoyuluşlarının 25 faizə qədər azalmasından, nə də vaxtı keçmiş kreditlərin əvvəlki illə müqayisədə 20 faizdən çox artaraq, 2 milyard manata yaxınlaşmasından, onun kredit portfelində payının 14 faizi ötməsindən, eləcə də son zamanlar daha sürətlə artan kredit, likvidlik və inflyasiya risklərindən, bütövlükdə isə bank böhranından narahatlıq ifadə etmədi”.

Q.İbadoğlunun fikrincə, baş bankirin açıqlamasından məlum olub ki, bu ilin sonuna doğru manatın dollara nəzərən məzənnəsindəki cari səviyyə ilə müqayisədə ciddi dəyişiklik olmayacaq, hətta dəyişiklik baş verərsə, bu, cüzi xarakter daşıyacaq. “Bu çıxışdan sonra yaranan qənaətlərdən biri də odur ki, hökümət manatın məzənnəsinin ucuzlaşması vasitəsilə ixracı stimullaşdırmaq sahəsində qərarlı görsənmir. Əslində bu qənaətin yaranmasında da neftin qiymətindəki son bahalaşma müəyyən rol oynayır. Amma davamlı və sabit olmayan qiymətlər aldadıcı xarakterə malik ola bilər. Odur ki, vaxt itirmədən iqtisadi sahədə dövlət siyasəti, xüsusilə də monetar və fiskal siyasət, məzənnə və ixrac siyasəti əlaqələndirilməli və eyni mərkəzdən idarə olunan makro iqtisadi və makro-maliyyə siyasəti yürüdülməlidir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}