Universitet rektoru müqavimətlə üzləşib
Tarix: 20-11-2017 15:19 | Bölmə: Slayd
Universitet rektoru müqavimətlə üzləşib

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəyli hələ də nəzərdə tutduğu bir çox dəyişiklikləri həyata keçirə bilmir.

Reyting.az-a verilən məlumata görə, Gəray Gəraybəyli ATU-ya rektor təyin edildikdən sonra özündən əvvəlki rəhbərliyin dövründə seçilən bəzi dekan və kafedra müdirlərilə, həmçinin, klinika rəhbərləri ilə vidalaşsa da, bu prosesi başa çatırmağı bacarmır. Onun yaşlı və himayəsi güclü olan kafedra müdiri və dekanların müqaviməti ilə üzləşdiyi bildirilir.

Məlumatda qeyd olunur ki, Gəray Gəraybəyli bir sıra kafedra müdirləri ilə vidalaşmaq istəsə də, Urologiya, Oftalmologiya, Travmatologiya, Ortopediya və digər bir neçə kafedra müdirləri ilə bacarmır. Məsələn, 27 ildir Urologiya kafedrasına rəhbərlik edən sabiq deputat, AMEA-nın müxbir üzvü Sudeyif İmamverdiyev yeni rektoru ilk cəhdində uğursuzluğa düçar edib: “Rektor, 26 idir Oftalmologiya kafedrasına rəhbərlik edən tanınmış göz həkimi Paşa Qəlbinurla bağlı məsələdə də belə vəziyyətlə üzləşib. Ancaq bu o demək deyil ki, rektor iddiasından geri çəkilib. Düşünürəm, o, fürsət tapan kimi, yaşlı kafedra müdirləri ilə yollarını ayıracaq".

ATU-nun Onkologiya kafedrasına keçmiş rektor, deputat və AMEA-nın bömə müdiri Əhliman Əmiraslanovun rəhbərlik etdiyini deyən mənbəmizin sözlərinə görə, xələfinin onu “yerindən tərpətməyə” nə gücü, nə də cəsarəti çatar: "Əhliman müəlimlə üz-üzə gəlmək rektora baha başa gələ bilər. Ancaq onun Stomatologiya Klinikasına 10 ildir rəhbərlik edən qohumu Alqış Səfərovla rektorun yenidən üz-üzə gələcəyi qaçılmazdır. Necə ki, 2016-cı ilin noyabr ayından Tədris Terapevtik Klinikanın direktorunu çıxarıb, yerinə Hüseyn Qabulovu təyin etdi. Məncə, Alqış Səfərovu da başqası ilə əvəzləyəcək".

Qeyd edək ki, Tədris Terapevtik Klinikanın direktoru ilə yanaşı, 2016-cı ilin sentyabr ayında Tədris Cərrahiyyə Klinikasının direktoru da işdən çıxarılıb. Hazırda bu vəzifədə Surxay Hadıyev çalışır: "Həmin klinikanın baş həkimi də dəyişdirildi. Bu posta isə Rauf Ağayev təyin olundu. Rauf həkim hazırki vəzifəsinə qədər Respublika Müalicəvi Diaqnostika Mərkəzində baş direktorun müavini və baş həkim vəzifələrində çalışıb. Ancaq o, bu vəzifədən imtina edərək, rektor Gəray Gəraybəylinin vasitəsi ilə Tədris Cərrahiyyə Klinikasına baş həkim təyinatına razılıq verib".

Universitet əməkdaşı qeyd edib ki, rektor dəyişiklikləri davam etdirməkdə qərarlıdır. Məsələn, o, bir neçə ay əvvəl Təsərrüfat işləri üzrə prorektor Aydın Vəliyevi tutduğu vəzifədən azad edib. İddiaya görə, belə davam edərsə, rektor, deputat Rafiq Məmmədhəsənovu da Tərbiyəvi işlər üzrə prorektor postundan uzaqlaşdıracaq.

G.Gəraybəylinin daha bir neçə dekanı da vəzifədən kənarlaşdıracağı iddia olunur. Buna qədərsə, I Müalicə -Profilaktika fakültəsinin dekanı dəyişdi. Hazırda o fakültəyə Qorxmaz Hüseynov rəhbərlik edir.

Məlumatda bildirilir ki, İctimai Səhiyyə fakültəsinə 22 il rəhbərlik etmiş A.Məmmədovla da yollarını ayıran Gəray müəllim onun yerinə dosent A.Ağayevin seçilməsini təmin edib: “Ancaq bütün fakültələrdə arzulanan dəyişikliklərə hələ ki yeni rektor nail ola bilməyib".

G.Gəraybəylinin mərhələlərə bütün kafedra, dekanlıq, klinika və digər sahələrdə dəyişə bilmədiyi rəhbər şəxsləri "vuracağı" ehtimal olunur: "O, qısa müddətdə ATU-nu keçmiş rəhbərliyin kadrlarından təmizləmək niyyətini gizlətmir və hesab edirəm ki, bu iddiası ona müəyyən problemlər yarada bilər".

Məsələ ilə bağlı universitetdən mövqe öyrənə bilmədik. Onları da dinləməyə hazırıq.

E.ARAZ




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}