Azərbaycanın böyük məbləğdə vəsaiti təhlükədədir
Tarix: 25-02-2018 11:25 | Bölmə: Slayd
Azərbaycanın böyük məbləğdə vəsaiti təhlükədədir

Neft Fondunun qonşu ölkəyə yatırdığı milyonların geri götürülməsi təklif olunur

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Rusiyadakı yatırımları təhlükəli vəziyyətdədir. Bu ölkəyə yatırılan 633 milyon dolların 38 faizi artıq əldən çıxıb.

Məlumat üçün bildirək ki, Dövlət Neft Fondu 2012 və 2013-cü illərdə Rusiyada daşınmaz əmlaka 133 milyon dollar (Moskva şəhərində yerləşən “Qalereya Aktyor” ofis-ticarət mərkəzi satın alınıb), “Bank VTB”-nin səhmlərinə isə 500 milyon dollar investisiya qoyub. Rus rublunda ifadə olunan aktivlərə üst-üstə 633 milyon dollar məbləğində investisiya yatırılıb.

Azərbaycanın böyük məbləğdə vəsaiti təhlükədədir

Natiq Cəfərli: “Rusiyadakı yatırımları indidən çıxarmaq ən məqbul variantdır”

İqtisadçı Natiq Cəfərli “Reytinq”ə deyib ki, Neft Fondu öz vəsaitlarini çoxçeşidli və çoxşaxəli yatırım adı altında bir çox ölkələrdə daşınmaz əmlaka və qiymətli kağızlara qoyub. Onun sözlərinə görə, bəzi ölkələrdə - əsasən Avropada, Sinqapurda, Yaponiyada daşınmaz əmlaka qoyulan yatırımlar illik 4-5 faiz artımla müşahidə olunsa da, bunu Rusiyaya qoyulan yatırımlar barədə demək mümkün deyil:

“2012-2013-cü illərdə Rusiyada daşınmaz əmlaka 135-140 milyon civarında yatırım qoyuldu. Ticarət evi alındı, amma sonradan Rusiyada baş verən proseslər, neftin qiymətinin düşməsi, rus rublunun dəyərinin azalması və ölkədə gedən proseslər daşınmaz əmlakın qiymətlərinə də təsir elədi. Çünki bu prosesdən sonra Rusiyada daşınmaz əmlak ucuzlaşmağa başladı”.

N. Cəfərli bildirib ki, ikinci böyük yatırım VTB Rusiyanın səhmləri ilə bağlıdır. Ora da təxminən 500 milyon dollar vəsait qoyulub:

“Son iki ildə VTB-nin səhmlərində də ciddi enmələr müşahidə olundu. Yəni, Rusiyaya qoyulan yatırımların təxminən 30-35 faizinin dəyərdən düşdüyünü söyləmək mümkündür. Buradan da o nəticə çıxır ki, Neft Fondunun Rusiyaya etdiyi yatırımlar uğurlu deyil”.

Ekspert qeyd edib ki, Neft Fondu gələcəkdə hər hansı ölkəyə yatırım etməzdən öncə ciddi düşünməlidir. “Bu məsələdə siyasi yox, iqtisadi məntiqli qərarlar verilməlidir. Rusiyaya qoyulan yatırımların iqtisadi məntiqi yox idi. Ora ancaq siyasi maraqlardan çıxış edərək yatırım qoymaq olardı ki, bunun da mənfi nəticələri ortadadır. Rusiya ilə müəyyən iş birliyinin olmasını göstərmək, əlaqələri sıxlaşdırmaq üçün belə bir seçim edildi. Amma iqtisadiyyat siyasi maraqlarla deyil, iqtisadi məntiqlə idarə olunmalıdır. İqtisadi məntiqlə Rusiya daşınmaz əmlakına, səhm bazarına belə yatırımlar qoymaq olmaz. İndi də Rusiya çox ciddi təzyiq altındadır, sanksiyaların getdikcə artacağı gözlənilir. Yəni, vəziyyət getdikcə pisləşir. Ona görə də Rusiyadakı yatırımları indidən çıxarmaq ən məqbul variantdır”, - deyə N.Cəfərli fikirini tamamlayıb.

Azərbaycanın böyük məbləğdə vəsaiti təhlükədədir

Nemət Əliyev: “Xalqa məxsus sərvətlərin iqtisadi təhlükəsizliyini təmin etmək çətin olacaq”

İqtisadçı ekspert Nemət Əliyev isə bir qədər sərt mövqe ifadə edib. O bildirib ki, Neft Fondunun rəhbərliyi batan milyonlara görə xalqa izahat verilməlidir. Onun qənaətincə, Neft Fondunun Müşahidə Şurasının sədri, baş nazir Artur Rasi-zadə də bu məsələyə aydınlıq gətirməlidir:

“Neft Fondunun 31.12.2017-ci il tarixə açıqladığı rəsmi məlumatlardan məlum olub ki, rus rublunda ifadə olunan aktivlərin dəyəri 394 milyon dollara (21,783 milyard rubla) düşüb. Deməli, Neft Fondunun 633 milyon dollar məbləğində investisiya etdiyi daşınmaz əmlak və səhmlər öz ilkin dəyərini üst-üstə 239 milyon dollar məbləğində itirib (633–394=239). İtki 38 faizə yaxındır (239/633x100%≈38%). İtkilərin 56 faizi 2017-ci ilin payına düşür”.

N. Əliyev itkilərin bununla bitmədiyini qeyd edib: “Yarım milyarddan artıq maliyyə vəsaiti Rusiya bazarlarına investisiya edilərkən planlar tökülmüşdü, hesaba alınmışdı ki, bu layihədən milyonlarla qazanc əldə olunacaq. Nəzərdə tutulan milyonlarla gəlir də əldən çıxıb. İtkilər çox böyükdür”.

Ekspertin fikrincə, Neft Fondu Rusiyaya investisiya etdiyi maliyyə vəsaitlərinin nəinki iqtisadi təhlükəsizliyini qoruya bilməyib, hətta mayanı batırıb: “Rusiya bazarlarına investisiya qoymağın çox riskli olmasına dair zamanında peşəkar iqtisadçılar tərəfindən edilən müxtəlif çağırışlar nəzərə alınsaydı, heç olmasa, mayanı qoruyub saxlamaq mümkün olardı. Odur ki, Neft Fondunun çox riskli sayılan bu layihədə inadkarlıq etməsinin həqiqi səbəblərinə aydınlıq gətirilməli və buna görə həm də fərdi məsuliyyət tələb olunmalıdır. Əks halda, xalqa məxsus sərvətlərin iqtisadi təhlükəsizliyini təmin etmək çətin olacaq. İtirilən milyonları bundan sonra çətin ki, bərpa etmək mümkün olsun. Heç olmasa, ibrət almalı və ziyanın yarısından dönmək lazımdır”.

N. Əliyev qeyd edib ki, “Bank VTB”nin adı yaxın gələcəkdə Rusiyaya tətbiq olunması gözlənilən əlavə sanksiyalar siyahısına daxil edilib. Sanksiyalar gerçəkləşərsə (ehtimalı yüksəkdir), rus rublunda ifadə olunan aktivlərin daha sürətlə dəyər itirəcəyi şübhə doğurmur. O zaman Neft Fondunun itkiləri daha artacaq.

Z.ƏHMƏD

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}