Paşinyan “Qarabağ klanı”nın könlünü almaq üçün populist çıxışlar edir
Tarix: 12-05-2018 11:46 | Bölmə: Slayd
Paşinyan “Qarabağ klanı”nın könlünü almaq üçün populist çıxışlar edir

Ermənistanın baş naziri seçilən Nikol Paşinyan bir neçə gün əvvəl Azərbaycanın işğal altındakı ərazisində - Xankəndində çoxsaylı yerli və xarici jurnalistlərin iştirakı ilə mətbuat konfransı keçirib.

Paşinyanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi aşağıdakılardan ibarət olub:

“Dağlıq Qarabağ ayrıca subyekt kimi qatılmadan danışıqlar mümkün deyil, güzəştlər, kompromislər barədə erməni tərəfi ancaq Azərbaycanın Dağlıq Qarabağı tanımağa hazır olmasından sonra danışmaq mümkündür. Ermənistan əsas diqqəti silahlanmaya və təhlükəsizliyin təmin olunmasına yönəltməlidir”.

Baş nazir həmsədr ölkələrin tərəflərə təqdim etdiyi və danışıqlar masasında son sənəd hesab edilən Madrid prinsiplərinə də istinad etməyib.

Başqa sözlə, Nikol Paşinyan Qarabağ məsələsində Ermənistanın mövqeyində hansısa dəyişikliyin baş verməyəcəyini təsdiqləyib. Hətta o, daha radikal mövqe nümayiş etdirib. Yəni Dağlıq Qarabağın danışıqlarda tərəf kimi tanınması məsələsini qoyur və bu olmadan danışıqlara lüzum görmür.

“Mən Azərbaycan prezidenti ilə danışıqlarda ancaq Ermənistanı təmsil edə bilərəm. Dağlıq Qarabağı isə onun öz rəhbərləri təmsil etməlidir. Əgər Azərbaycan bu məsələnin həllini istəyirsə, onu indiki formatda, yəni tərflərdən birinin danışıqlar masası arxasında olmadığı şəraitdə həll etmək mümkün deyil. Dağlıq Qarabağın adından ancaq onun hakimiyyəti danışa bilər”, - Paşinyan deyib.

N. Paşinyana görə, Azərbaycan həm də Dağlıq Qarabağın “öz müqəddəratını təyin etmə hüququnu” tanımalıdır. Əks halda erməni tərəfi hər hansı güzəştə gedə bilməz.

Xarici jurnalistlərdən birinin Paşinyana Qarabağ məsələsindən sual verərkən “bu ərazilərə görə danışıqlar”- ifadəsini işlətməsi baş naziri qəzəbləndirib:

“Hörmətli jurnalist, mən bilmirəm hansı ölkəni təmsil edirsiniz, amma siz deyirsiniz ki, “bu ərazilərə görə danışıqlar”. Görünür, biz uzun müddət əmin olmuşuq ki, beynəlxalq ictimaiyyətə Qarabağ münaqişəsinin mahiyyətini çatdıra bilmişik. Amma belə görünür ki, beynəlxalq ictimaiyyətə problemin əsl mahiyyətini çatdırmaq vacibdir”.

Reyting.az-ın məlumatına görə, Paşinyanın Qarabağda belə mövqe sərgilməsinin iki səbəbi ola bilər:

Birinci səbəb ölkəsindəki mövcud ictimai rəydirsə, ikinci səbəb “Qarabağ klanı”nın hakimiyyətdə təmsil olunması və Ter-Petrosyanın hakimiyyəti dövründən üzü bu yana iqtidarda olmaqla hər sahəyə təsir etmək güclərinin hələ də qalmasıdırır.

Paşinyanın mövqeyi dəyişəcək

Mütəxəssislərin fikirincə, Paşinyan indiki məqamda bu klana qarşı bir neçə addım atarsa, o zaman cox böyük və təhlükəli güc ona qarşı birləşər:

“Gəlin, unutmayaq ki, bu klan ordu və digər güc qurumlarını ələ keçirib. Üstəlik, keçmiş prezident Serj Sarkisyanın təsirində olan və parlamentdəki çoxluğu təmsil edən partiya da bu klanın maraqlarına xidmət edir. Bu faktlar da göstərir ki, klan istənilən anda Paşinyanı “kilidləyə” bilər. Sözsüz ki, Paşinyan ilk səfərini Qarabağa etməklə, bütün bunların dəqiq analizini apardığını göstərdi.

Düzdür, indi Azərbaycan da daxil olmaqla, Ermənistanda da Paşinyana qeyri-ciddi yanaşanlar çoxdur. Amma unutmayın ki, bu adam indiki zamanda mafioz bir iqtidarı devirdi, Ermənistanı bir əyaləti kimi görən Rusiyanı qısa zamanda özü ilə müəyyən mənada hesablaşmağa, hakimiyyətə gedən yolunu açmağa məcbur qoydu. Yəni Paşinyana o qədər də zəif fiqur kimi yanaşmaq lazım deyil. Hesab edirəm ki, Paşinyan tədricən “Qarabağ klanı”nın hakimiyyətdəki dayaqlarını zəiflətməklə, iqtidarını möhkəmləndirəcək. Necə ki, artıq bu istiqamətdə addımlar atır. O, DİN və MTN rəhbərlərini sıradan çıxardı, ordu rəhbərliyini istefaya getməyə məcbur elədi. Bu qurumlara etibarlı adamlarını gətirə bilərsə, o zaman onun Qarabağ və digər məsələlərlə bağlı real düşüncəsi ortaya çıxacaq. Onun indiki açıqlamaları isə publikaya hesablanmış şou xarakterlidir. O, əla bilir ki, indi 90-cı illər deyil və Azərbaycanın qarşısında durmaq hər keçən il ermənilər üçün daha da çətinləşir. Üstəlik, Azərbaycanla sülhə nail olmadan ölkəsində nə qitisadi rifahı təmin edə, nə də digər vəd etdiyi proqamları həyata keçirə biləcək”.

Baş nazir ziddiyyətli açıqlamalar verir

Qeyd edək ki, Azərbaycanın işğal altında olan əraizlərindən mesaj verən Paşinyana rəsmi Bakının və cəmiyyətin cavabı gecikməyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar açıqlamasına cavab verib. O, deyib ki, Ermənistanın yeni baş naziri ilk addım kimi Ermənistan əhalisinin çoxdan ehtiyac duyduğu iqtisadi-sosial islahatlara başlamaq əvəzinə, Dağlıq Qarabağ mövzusuna müraciət edərək siyasi aqitasiyaya üstünlük verir:

"Təəssüf edirik ki, bu məqsədlə o, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında ziddiyyətli açıqlamalarla çıxış edir.

Ermənistan BMT nizamnaməsinə zidd olaraq gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf rayonlarını işğal edib və işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlıya qarşı qanlı etnik təmizləmə törədib.

Xatırlatmaq istərdik ki, ATƏT-in mart 1992-ci il Helsinki Nazirlər Şurasının qərarı ilə Minsk qrupu yaradılıb, münaqişə tərəfləri kimi Ermənistan və Azərbaycan, münaqişədə maraqlı tərəflər kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları tanınıb.

Münaqişənin siyasi həllinin prinsipial əsasını BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri təşkil edir. BMT TŞ-nın qətnamələrində Azərbaycana qarşı gücdən istifadə olunması və Azərbaycan ərazilərinin işğalı pislənilir və ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bir daha təsdiq olunur. Bu qətnamələrdə BMT TŞ bir daha təsbit edir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Həmçinin, qətnamələrdə BMT TŞ tərəfindən işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur”.

H.Hacıyevin sözlərinə görə, rəsmi Bakı hələ də ümid edirik ki, Ermənistanın yeni siyasi rəhbərliyi sələflərinin səhvlərini təkrar etməyəcək, sağlam siyasət yürüdəcək və qonşu dövlətlərlə sülh şəraitində yaşamaq üçün sivil münasibətlər qurmağa çalışacaqdır: “Münaqişənin həll edilməsi regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına və hərtərəfli regional əməkdaşlıq imkanlarının yaranmasına xidmət edə bilər və bundan da ilk növbədə Ermənistan əhalisi faydalanar. Odur ki, top Ermənistanın meydançasındadır və yenidən velosiped kəşf etməyə ehtiyac yoxdur.

Bir daha vurğulamaq istərdik ki, Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə mövcud gündəlik əsasında münaqişənin tezliklə həlli üçün substantiv danışıqlara hazırdır”.

Separatçılar tərəf kimi danışıqlara qatıla bilməz!

“Dağlıq Qarabağdakı separatçı rejim danışıqlarda tərəf qismində iştirak edə bilməz”.

Bunu isə jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

“Bu nonsensdir, real deyil. Bu, danışıqlar prosesinə və onun predmetinə uyğun deyil. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir”, – o qeyd edib.

Nazir müavini vurğulayıb ki, danışıqların formatı əvvəldən müəyyən olub: “Müzakirə predmeti yalnız işğal olunmuş ərazilərin azad olunması və Dağlıq Qarabağdakı erməni azlığının azərbaycanlılarla birgə yaşamasıdır”.

Paşinyan uğursuzluğa düçar ola bilər


Rusiyalı politoloq Andrey Yepifantsev mətbuata açıqlamasında deyib ki, müəyyən müddətdən sonra Paşinyan uğursuzluqlarla üzləşəcək: “Çox zaman keçməyəcək və Paşinyan xalqın kumirindən uğursuz liderə çevriləcək. Prinsipcə, Ermənistanın “siyasi prinsiplərindən” (Qarabağ və qondarma erməni soyqırımı – red.) imtina etmədən, blokadada və nəqliyyat marşrutlarından kənarda qalmaqla iqtisadiyyatı qaldırıb, vətəndaşların yoxsulluq səviyyəsini necə aşağı salmaq olar? Hələlik, ermənilər hesab edirlər ki, siyasi priniplərdən imtina etməyəcəklər. O zaman belə çıxır ki, hakimiyyətə ya sehrbaz gəlməli və nəzəri olaraq çarəsiz situasiyadan konfet düzəltməyi bacarmalı, ya da onların xərclərini başqaları ödəməlidir. Bunlar isə ya Rusiya, Avrasiya İttifaqı, ya Qərb, yaxud Rusiya-Qərb (birgə) və ya diaspor olmalıdır. Yəni kim edirsə etsin, amma qürurla öz prinsiplərinə sadiq qalsınlar”.

Politoloq bildirib ki, bugünkü ana qədər belə cəhdlər Ermənistan üçün uğurlu olmayıb, amma çox aktiv şəkildə davam edir:

“Paşinyanın iqtisadi proqramı zəif və populistdir. O, mikroskopik erməni bazarının demonopolizasiyasından, kölgə iqtisadiyyatı ilə mübarizədən və s. danışır. Ermənistanın saxlanılmasına mənbə kimi isə o, yenə də strateji tərəfdaşlarını görür. Aktiv şəkildə varli diasporu ölkəyə cəlb etmək Qərbə doğru getmək deməkdir. Bu isə Rusiyadan gələn mənbələrin qapadılması və həm də Ermənistanın sonu deməkdir.

Paşinyan iqtisadiyyata yeni heç nə gətirmir. O, Ermənistanın siyasi tələblərindən də imtina etmir, nəticədə Ermənistanı iqtisadi kollapsa aparır. Digər tərəfdən, Paşinyan başqa ölkələrdən pul gətirib, vətəndaşları yemləyəcəyini deyir, lakin hələ də bəlli deyil ki, onlar niyə Ermənistana bu pulları verməlidirlər.


Paşinyanın proqramı Ermənistanın blokadadan və təcriddən çıxarmayan, indiki siyasi mövqeyini qoruyub saxlayan digər proqramlar kimi uğursuzluğa məhkumdur. Məncə, bir il ərzində biz Paşinyanın iqtisadiyyat və rifah məsələsində heç nə edə bilməyəcəyini görəcəyik. Demək ki, ictimaiyyətdə neqativ əhval-ruhiyyə güclənəcək və yeni kumir axtarılacaq”.

Ter-Petrosyan: “Paşinyan buxovda olacaq”

“Ermənistanın Respublika Partiyası parlamentdəki üstünlüyü sayəsində hökumətin bütün qanunvericilik təşəbbüslərini yox edə bilər”.

Bunu isə mətbuata Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan deyib. Onun sözlərinə görə, respublikaçıların nümayəndələri son çıxışlarında bu istəklərini gizlətmirlər:

“Son zamanlar çoxları parlamentlə hökumət arasındakı münasibətlərdə yaranan qeyri-adi situasiyaya siyasi xarakter verməyə cəhd edir. Parlamentdəki çoxluq özünü müxalifət elan edib, hökumətə isə azlıq kimi yanaşılır. Buna Paşinyanın yeni hökuməti necə müqavimət göstərə bilər? İndiyə qədər Paşinyan parlamentə öz iradəsini aksiyaların yardımı ilə yeridə bilib. Bu, beynəlxalq ictimaiyyət tərəfindən demokratik görüntü olaraq qəbul edilib. O, bundan sonra Məclisə eyni metodla təsir edə bilərmi? Aydındır ki, yox. Ona görə də bu resurs artıq yox olub. Parlamenti öz iradənə xalq hərəkatının lideri kimi tabe etdirmək başqa məsələ, baş nazir qismində buna cəhd etmək tamam ayrı məsələdir. Belə olan halda Paşinyanın yol verəcəyi bu addımları dünya ictimaiyyəti qəbul etməyəcək. Çoxları anlayır ki, yaranmış situasiyadan yeganə çıxış yolu növbədənkənar seçkinin keçirilməsidir. Bu isə Seçki Məcəlləsində köklü dəyişikliklərdən sonra baş tutmalıdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}