Səlim Müslümovla sabiq Aparat rəhbərinin qohum-əqrəbasından ibarət komanda çətin vəziyyətlə üzləşib
Tarix: 12-05-2018 12:33 | Bölmə: Slayd
Səlim Müslümovla sabiq Aparat rəhbərinin qohum-əqrəbasından ibarət komanda çətin vəziyyətlə üzləşib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mayın 8-də nazirlikdə ilk kadr dəyişikliyini həyata keçirib.

“Reytinq”
qəzetinin məlumatına görə, nazirin əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Aparat rəhbəri Əjdər Cəbiyev, Daxili nəzarət şöbəsinin müdiri Soltan Hacıyev, Kadr və kadr hazırlığı şöbəsinin müdiri Qurbanəli Əsədov, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev və daha bir neçə nəfər işdən çıxarılıb. İctimaiyyətlə əlaqələr şöbəsi vəzifəsini müvəqqəti icra etmək sektor müdiri Pərviz Cəfərova, digər vəzifədən çxarılanların səlahiyyətləri isə müavinlərinə həvalə olunub. Aparat rəhbərinin səlahiyyətləri isə yeni müşavir Anar Əliyevə tapşırılıb.

Qeyd edək ki, nazir, Anar Əliyevlə yanaşı, DİN-in Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi, Hacı Məmmədov olayında həbs edilmiş general Zakir Nəsirovun oğlu Vüsal Nəsirlini də özünə müşavir təyin edib.

Bundan başqa, ƏƏSMN-nin Daxili nəzarət şöbəsinin müdiri vəzifəsinin icrası Günel Nəsibovaya, Kadr və kadr hazırlığı şöbəsinin müdiri vəzifəsinin icrası isə Südabə Cəfərovaya tapşırılıb.

Xatırladaq ki, bu günə qədər Daxili nəzarət şöbəsinə Sultan Hacıyev, Kadr və kadr hazırlığı şöbəsinə isə Qurbanəli Əsədov rəhbərlik edib.

Əldə etdiyimiz məlumatda bildirilir ki, yaxın günlərdə nazirlikdə növbəti kadr dəyişiklikləri olacaq və böyük ehtimala keçmiş nazir Səlim Müslümovla sabiq Aparat rəhbəri Əjdər Cəbiyevin qohum-əqrəbası vəzifədən kənarlaşdırılacaqlar.

Eyni zamanda, nazirliyin İqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərovanın, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadənin, Dövlət Sosial Müdafiə Fondunun sədri, 67 yaşlı Zakir Babayevin, həmin Fondun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin rəisi Ağalar Xasayevin, Suraxanı şöbəsinin müdiri Şahalı Cəbiyevin, nazirliyin Nəsimi rayon Sosial Müdafiə Mərkəzinin rəhbəri Əsgər Əsgərovun, müşavir Yalçın Müslümovun, DSMF-nin Hüquqi Şəxslərlə İş İdarəsinin rəisi Şiraslan Əsədovun və daha bir neçə nəfərin də işdən azad olunacağı bildirilir.


İddiaya görə, Sahil Babayev Səlim Müslümovun DSMF-dən başlayaraq, ətrafına topladığı kadrların əksəriyyətini vəzifədən kənarlaşdırmaq istəyir:

“Dəyişikliklər təkcə onların keçmiş nazirin yaxını və ya qohum-əqrəbası olmasına görə aparılmayacaq. Bu, həm yarıtmaz fəaliyyət, həm də zərurətdir. Baxın, 1993-cü ildən DSMF-də işləyən və məhz Səlim Müslümovun əmri ilə əvvəl müavin, sonra isə direktor təyin edilən Zakir Babayevin pensiya yaşından 4 il ötsə də, nazir, 67 yaşlı kadrını işdən kənarlaşdırmırdı. Əksinə, onunla hər il bir illik müqavilə bağlamaqla, işləməsinə şərait yaradırdı. Sual oluna bilər ki, Səlim Müslümovu buna nə məcbur edib? Bəyəm Neft Akademiyası məzununun pensiya sistemində əvəzolunanı yox idi?

Əlbəttə, var idi! Lakin onunla Səlim Müslümovu birləşdirən “çox incə tellər” işdən çıxarılmasına imkan vermirdi”.

Hələlik bu barədə danışmaq istəməyən mənbəmiz qeyd edib ki, Zakir Babayev DSMF-nin bütün rayon və şəhərlərdə tikilən yeni binalarında əsas rol oynamış şəxsdir. Onun məhz tikintidə hansı “manevrlər”lə S. Müslümovun “qəlbini fəth etməsi” qədər, əvvəlki sədr Elman Mehdiyevi necə “devirməsi” də araşdırılmalıdır.

Digər kadrlara gəldikdə, mənbəmiz deyib ki, onlar da Zakir Babayevlə eyni sistemin yetirmələridir. Məsələn, ƏƏSMN-in bütün maliyyə-təsərrüfat, mühasibatlıq sektorunun cəmləşdiyi ən böyük sahəni əhatə edən İqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərovanın bu vəzifəyə necə yüksələməsini nazirlik sistemində bilməyən yoxdur.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadəyə gəldikdə, mənbəmiz diqqətə çatdırıb ki, bu adam Səlim Müslümovun dayısının kürəkənidir: “O da Zakir Babayev kimi Səlim Müslümova kimlərinsə gözünə regional zəmində “kül üfürmək” üçün lazım idi. Amma çox adam bilmirdi ki, Fuad Səlim Müslümovun qohumu olduğu üçün sürətli və şübhəli yüksəlişə nail olub. Təsadüfi deyildi ki, Fuad Əlizadə sabiq nazirin bütün gizli və açıq maliyyə məsələlərində böyük rol oynayıb. Onun biznesini araşdırsanız, heyrətə gələcəksiniz”.

Keçmiş nazirin “vurulması” zərurətə çevrilən digər kadrı isə qaynıdır. “Cəzasızlığın, özbaşınalığın dərəcəsinə baxın ki, keçmiş nazir öz qayını Ağalar Xasayevi DSMF-nin 3 ən prestijli idarəsindən birinin - Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin rəisi təyin etmişdi. Fondun digər gəlirli sahəsini - Hüquqi Şəxslərlə İş İdarəsinin rəisi vəzifəsinə isə kirvəsi Şiraslan Əsədova etibar eləmişdi. Şiraslan Əsədov keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun qardaşıdır. Hazırda Şiraslan Əsədovun da pensiya yaşı çatıb, səhv etmirəmsə, indi onun 64 yaşı var. Yəni, yeni nazir onu da rahatlıqla pensiyaya göndərə biləcək”.

Məlumatlı şəxs deyib ki, keçmiş nazir kadr seçimində qohumluq prinsipinə üstünlük verib. S. Müslümov hətta bacısının həyat yolaşdına da yüksək vəzifə verməkdən çəkinməyib: “Müslümov tək dayısının, bacısının, qardaşının və digər qohumlarının yaxınlarına da vəzifə verməklə nazirliyi sanki şəxsi şirkəti hesab edirdi. O, təkcə dayısının kürəkəni Fuad Əlizadəyə deyil, həm də öz kürəkəninə də yüksək vəzifə verib. Belə ki, bacısının həyat yoldaşı Əsgər Əsgərovu da nazirliyin Nəsimi rayon şöbəsinin müdiri təyin edib. Ümumiyyətlə, bu sistemdə gəlin, qudalar, qardaş faktorlarına əsaslanmış xoşagəlməz təyinatlar kifayət qədərdir”.

Qeyd olunur ki, sabiq nazirin belə hərəkəti işçilərinə də sirayət edib. Məsələn, Əjdər Cəbiyev də vəzifə səlahiyyətindən istifadə edərək, qardaşı Şahalı Cəbiyevi DSMF-nin Suraxanı şöbəsinin müdiri təyin etdirib. “Korrupsiya haqqında” qanuna zidd olan belə rüsvayçı hallar çoxdur.

Hətta Səlim Müslümov İqtisad Universitetindən tanıdığı xeyli tələbə və iş yoldaşlarına da vəzifə verib. Yəqin ki, bütün bunları müvafiq qurumlar, həmçinin, yeni nazir diqqətlə araşdıracaq.

Məlumatda o da bildiirlir ki, yeni nazir Sahil Babayev tədricən komandasını formalaşdırır: “O, vaxtı ilə işlədiyi nazirlikdən bir neçə şəxsi ƏƏSMN-ə dəvət etsə də, hələlik işdən çıxarılanların çoxunun yerinə təyinat olmayıb. Güman olunur ki, çox yaxın günlərdə bu istiqamətdə də addımlar atılacaq. Eyni zamanda, Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin, Əmək siyasəti şöbəsinin müdiri, Aparat rəhbəri və müavininin yerinə də təyinat olacaq”.

Məlumata görə, bütün bunlarla yanaşı, nazirlikdə yoxlama aparılması da gündəmdədir: “Hesablama Palatasının son hesabatından görünür ki, burada hətta dünyasını dəyişmiş şəxslərin adına pensiya yazılıb. Ona görə də yoxlama aparılıb, dövlətin pulunu mənimsəyənləri məsuliyyətə cəlb etmək lazımdır. İnanın, siz işdən azad olunanlarla, qapı ağzında olanların ailələrinin adına aldıqları daşınar və daşınmaz əmlakların siyahısını araşdırıb cəmiyyətə təqdim etsəniz, bu, sensasiya olar. O zaman xalq görəcək ki, əlilin, təqaüdçünün pulunu kimlər və necə oğurlayıb. Hətta mümkündür ki, Səlim Müslümov başda olmaqla, qohum-əqrəbasından ibarət komandası istintaqa cəlb olunsun. Bunun üçün siyasi qərar verilməlidir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}