Təhsil sistemində islahatlar başlayacaq - Ekspert
Tarix: 28-05-2018 22:09 | Bölmə: Slayd
Təhsil sistemində islahatlar başlayacaq

Milli Məclisin Elm və təhsil komitəsinin mayın 24-də keçirilən iclasında Əmək Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub.

Müzakirələr zamanı təhsildə islahatların aparılması ilə bağlı fikirlər səsləndirilib. Milli Məclisin Elm və təhsil komitəsinin iclasında çıxış edən komitə sədri İsa Həbibbəyli deyib ki, dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” qanunda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb ediləcəklər.

Komitə sədri bildirib ki, hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilimir.

“İlk dəfə işə qəbul olunanlar beş il müddətində, eləcə də azı üç dəfə sertifikasiyadan keçmiş şəxslər sertifikasiyaya cəlb edilməyəcəklər. “Təhsil haqqında” qanuna edilən dəyişikliyə görə, vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respubilkasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti orqanı ilə razılaşmaya uyğun olaraq təhsil məssisələrində tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası tədris olunmalıdır”,- deyə millət vəkili bildirib.

Təhsil sistemində islahatlar başlayacaq

“Karyera” Tədris və Araşdırmalar Mərkəzinin direktoru, təhsil üzrə ekspert Elşən Qafarov isə “Reytinq”ə deyib ki, öncə attestasiya ilə bağlı qanunvericilikdə indiyə qədər olan məqamlara nəzər salmaq məqsədəuyğundur.

Onun sözlırinə görə, 1 fevral 1999-cu ildə qəbul edilən və 1 iyul 1999-cu ildən qüvvədə olan Əmək Məcəlləsinin 64, 65, 66, 67, 67-1-ci maddələri “İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsini tənzimləyən hüquq normaları” adlanan IX fəsldə iş yerlərinin attestasiyası, onun məqsədi və keçirilməsinin tənzimlənməsi, işçilərin attestasiyası, onun keçirilmə qaydaları və şərtləri, attestasiya olunmayan işçilər, işçilərin və iş yerlərinin attestasiya nəticələrinin tənzimlənməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını tənzimləyir:

“Attestasiya - bir şəxsin bilik dərəcəsini, qabiliyyətini və bacarığını təyin etmə, bilik və bacarığı haqqında xarakteristika, işçinin bilik və ya bacarığını yoxlayan komissiyadan keçməsi, vəzifə attestasiyası, işçinin və ya şagirdin ixtisasının, bilik səviyyəsinin müəyyən edilməsi; onun tutduğu vəzifəyə uyğun olmasını yoxlamaq üçün aparılır. Bir sıra idarə və təşkilatlarda işçiyə dərəcə, ad, rütbə və s. verildikdə attestasiyadan keçirilməsi tələb olunur. Eyni zamanda, işçinin bilik və ixtisas səviyyəsinin, həmin işçinin tutduğu vəzifəyə, tutmaq iddiasında olduğu yerə müvafiqliyinin müəyyən edilməsi, işçinin ixtisasına müvafiq olaraq ona əməkhaqqı kateqoriyasının müəyyən edilməsi üçün sorğu, xasiyyətnamə lazımdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndində göstərilir ki, işəgötürən peşəkarlıq səviyyəsi, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, işçi ilə əmək müqaviləsini ləğv edə bilər. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra cəmi bir dəfə ümumi təhsil pilləsində çalışan təhsilverənlərin attestasiyası 1993-cü ildə keçirilib və onun nəticələri 1994-cu ilin yanvar ayından ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və bacarıqlarının diqnostik qiymətləndirilməsi keçirilənədək (2014-2017-ci illər) qüvvədə idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə Azərbaycanda işçilərin attestasiyasının keçirilməsi qaydaları təsdiq edilib”.

Müsahibimiz nəzərə çatdırıb ki, ölkəmizdə sertifikasiyanın təhsil sahəsinə tətbiqi daha çox Ukraynadakı medelin bir qədər fərqli formada tətbiqdir. Əslində attestasiyanı keçirə bilmədiyimizdən bunu, bu gün üçün ən optimal variant saymaq olar.

E. Qafarov qeyd edib ki, Ukraynada sertifikasiyaya 2017-ci ildən hazırlaşırlar, 2019-cu ildən tətbiq olunmağa başlayacaq və bu proses 10 il davam edəcək. Bizdə isə bu modelin tətbiq mexanizmlərinin necə olacağı hələ bəlli deyil. “Bu günlərdə Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinə rəhbərlik edən Eşqi Bağırovun bir həftə ərzində biri-birindən fərqli çıxışlarının sonuncusunda bildirdiyi kimi, hələ sertifikasiya ilə bağlı işçi qrup yeni yaradılır”,- deyə E.Qafarov əlavə edib.

Maraqlıdır, görəsən, Ukrayna modeli niyə daha əlverişli sayılır?

Ekspert bu suala cavabında bildirib ki, hər iki ölkədə əhalinin sayı, təhsilverənlərin və təhsilalanların sayı proparsinal qaydada biri-birinə uyğundur. Digər tərəfdən, hər iki ölkə faktiki olaraq müharibə vəziyyətindədir və mühəribə təhsil sahəsinə ciddi ziyan vurub. Eyni zamanda, yerli icra hakimiyyətlərinin təhsilin idarə olunmasına birbaşa müdaxiləsi də oxşardır:

“Ukraynanın 40 milyona, Azərbaycanın isə 10 milyona yaxın əhalisi var. Ukraynada 5 milyon, bizdə 1,5 milyondan artıq şagird, Ukraynada 400 00, bizdə 150 00 minə yaxın müəllim var.

Onu da qeyd edim ki, Ukraynada sertifikatlaşma könüllü olaraq nəzərdə tutulub və sertifikatlaşmaya müraciət edən və uğurla keçən müəllimin əməkhaqqında 20 faiz artım gözlənilir”.

Direktor onu da vurğulayıb ki, sertifikasiya ölkəmizdə yeni deyil. Onun sözlərinə görə, Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli 108 nömrəli qərarı ilə “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyası Qaydaları” təsdiq edilib:

“Bu sahədə sertifikasiyanın keçrilməsi heç də, tibb sahəsində fundamental irəliləyişlərə gətirib çıxartmadı. Səhiyyə sahəsində keçirilən sertifikatlaşma zamanı buraxılan səhvlər diqqətlə öyrənilməli, ümumi təhsil pilləsində çalışan təhsilverənlərin sertifikatlaşması həyata keçirilərkən risklər dəqiqliklə hesablanmalıdır”.

Ekspertin sözlərinə görə, ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirməsinin son mərhələsində buraxılan ciddi nöqsanlar da araşdırılmalıdır. “Əmək Məcəlləsinin 67-1-ci maddəsinin bəndlərini analiz edərkən görürük ki, əslində sertifikatlaşma da attestesiyanın ekvivalenti kimi tətbiq olunacaq”.

Ekspert qeyd edib ki, təhsilimizi düşdüyü mövcud durumdan çıxarmaq, ölkəmizin sosial-iqtisadi inkişafına uyğunlaşdırmaq üçün görülən tədbirlərə, ümumilikdə təhsil islahatlarına Azərbaycan müəllimi hazır olmalıdır. Azərbaycan müəllimi özünün peşə və ixtisas, eləcə də yeni təlim texnologiyaları və metodlarını mənimsəməli, İKT-yə tam yiyələnməli, bir sözlə, müasir Azərbaycan müəllimi olaraq ölkənin inkişafına, əmək bazarının tələblərinə uyğun insan kapitalının yetişdirilməsi üçün öz töhfəsini verməlidir. Müəllim bu prosesin bir parçasına çevrilmək üçün peşəkarlığı üzərində hər gün çalışmalı, təhsil islahatlarının səmərəli həyata keçirilməsi yolunda dözüm, səbr nümayiş etdirməli, milli mənafeyi şəxsi mənafedən üstün tutmağı bacarmalıdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}