Hökumətin qərarı kiçik və orta sahibkarlara böyük problemlər, inhisarçılara yeni imkanlar vəd edir
Tarix: 04-08-2018 09:51 | Bölmə: Slayd
Hökumətin qərarı kiçik və orta sahibkarlara böyük problemlər, inhisarçılara yeni imkanlar vəd edir

Son günlər hökumətin həyata keçirdiyi qiymət artımı siyasəti narazılıqla qarşılanıb. Hökumət nümayəndələri qiymət artımını əsaslandırmağa çalışsalar da, əhalinin sosial cəhətdən aztəminatlı hissəsi baş verən bahalaşmadan əziyyət çəkəcəklərini bildirirlər.

Ancaq hökumətin qiymət artımı təkcə nəqliyyat sahəsində baş verməyib. Bir sıra sahələr üzə rüsumların artırılması istiqamətində də qərarlar qəbul edilib. Baş nazir Novruz Məmmədov "Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləği”nin təsdiq edilməsi barədə qərar imzalayıb. İyulun 31-dən qüvvəyə minən qərarla satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxslər tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləği müəyyənləşib.

Bundan sonra mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu mobil cihazın bazar qiymətinə uyğun müəyyən ediləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil cihazların bazar qiymətlərini öz rəsmi internet saytında yerləşdirəcək.

Foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan və bazar qiyməti 100 dollardan aşağı olan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödəniləcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazların qeydiyyata alınmasına görə də 20 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur.

Digər telefonlar isə bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat; bazar qiyməti 101 dollardan 200 dollara qədər olduqda – 50 manat; bazar qiyməti 201 dollardan 400 dollara qədər olduqda – 60 manat; bazar qiyməti 401 dollardan 700 dollara qədər olduqda – 70 manat; bazar qiyməti 701 dollardan 1 000 dollara qədər olduqda – 100 manat; bazar qiyməti 1001 dollardan yuxarı olduqda – 150 manat dövlət rüsumu ödəniləcək.

Qeyd edək ki, bu qərardan öncə bütün mobil telefonların qeydiyyatının dövlət rüsumu 5 manat idi.

Məsələylə bağlı “Reytinq”ə açıqlama verən Real Hərəkatının icra katibi, iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, hökumətin qərarı ilə telefonların qeydiyyat rüsumunun artırılması çox kəskindir.

Onun sözlərinə görə, qiymət fərqindən asılı olaraq, rüsumların məbləğinin 6 dəfədən 30 dəfəyə qədər qaldırılması məqsədəuyğun deyil:

“Əgər bütün növ telefonlar 5 manata qediyyatdan keçilirdisə, indi minimum 30, maksimum 150 manata qeydiyyatdan keçiriləcək. Bu kəskin artım onu düşünməyə əsas verir ki, fiziki şəxsləri mobil telefon bazarından sıxışdırıb çıxarmaq istəyirlər. Fiziki şəxslər gətirdikləri telefonların qeydiyyatını ya özləri aparmalıydılar, ya da müştərinin üzərinə qoyub qiymətdən çıxmalıydılar deyə, onlara yeni qeydiyyat qiyməti sərf eləməyəcək. Bununla da bazarı tərk etmək məcburiyyətində qalacaqlar. Böyük ehtimalla fiziki şəxslər bazardan sıxışdırılıb çıxarıldıqdan sonra, rəsmi dilerlər, Azərbaycanda elektrotexnika sahəsində fəaliyyət göstərən şəbəkələrin işi rahatlaşacaq. Bildiyim qədəri bu dəyişiklik onlara şamil olunmayıb. Bundan sonra həmin şəbəkələr bazarda söz sahibinə çevriləcəklər. Deməli, rüsumları 6 dəfədən 30 dəfəyə qədər artırmaqda məqsəd bu sahədə də tam inhisarçılıq yaratmaq, fiziki şəxslərin telefon gətirməsinin qarşısını almaq, böyük şirkətlər üçün yolu təmizləməkdir.

Bəs, telefon satış ilə məşğul olan böyük şirkətlər və ya rəsmi dilerlər kimə məxsusdur? Əlbəttə ki, elə həmin qərarı verən qalstuklu müəllimlərə, onların yaxınlarına, quhum-əqrəbalarına. Odur ki, hökumətin qərarı orada təmsil olunanlardan başqa heç kimə xeyir verməyəcək”.

Ekspert nəzərə çatdırıb ki, hökumətin bu addımı xırda oyunçuları zərərsizləşdirib, böyük oyunçulara yeni imkanlar yaradacaq. Əslində bu, çox səhv addımdır. Çünki hökumət orta və xırda sahibkarlığı inişaf etdirməkdə maraqlı olmalı və onlara şərait yaratmalıdır. “Amma görünən odur ki, hökumət tamamilə əks yol tutub. Bu qərarla inhisarşılığa dəstək verib, iri şirkətlərin maraqlarına xidmət etmiş oldular. Bu qərardan sonra ayrı-ayrı vətəndaşların da fərdi qaydada ölkəyə telefon gətirməsinin mənası qalmayacaq. Yəni, fərdi qaydada sifariş verib gətirdiyin zaman dükandakı satış qiyməti ilə arasında yaranan fərqi qeydiyyat rüsumuna verməli olacaqlar”, – iqtisadçı əlavə edib.

İqtisadçı-alim Qubad İbadoğlu isə hesab edir ki, hökumətin bu qərarı mobil telefonların bahalaşmasına səbəb olacaq.


Onun sözlərinə görə, bu qərar mobil telefon bazarından fərdi sahibkarları çıxarmağa hesablanıb və ona görə də “telefon mafiyası” bayram edir:

“O zaman ortaya maraqlı sual çıxır: Görəsən, bu qərarı keçirmək üçün onlar nə qədər "tərləyiblər"?

Qeydiyyat rüsumlarının birdən-birə 30 dəfəyə qədər artırılması müasir və keyfiyyətli texnologiyalara çıxış imkanlarını məhdudlaşdırmaqla yanaşı, Çində istehsal olunmuş radiasiya riski yüksək mobil cihazların idxalını stimullaşdıracaq”.

Q. İbadoğlu bildirib ki, Nazirlər Kabinetinin mobil cihazların qeydiyyatı ilə bağlı qəbul etdiyi qərar yalnız fiziki şəxslər tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazlara tətbiq olunacaq.

İqtisadçı-alimin sözlərinə görə, bir qərarla fiziki şəxslərin hətta fərdi ehtiyacları üçün gətirdikləri mobil cihazların qeydiyyat rüsumları 4 dəfədən 30 dəfəyədək qaldırılıb. “Bu qərar ilk növbədə yeni model və müasir funksiyalara malik olan mobil cihazların bazar qiymətini bahalaşdıracaq.

İkincisi, bazarda bu növ məhsulları təklif edən şirkətlərə üstün və hökmran mövqe qazandıracaq.

Üçüncüsü, bu qərar mobil telefon bazarından fərdi sahibkarları çıxarmağa hesablanıb.

Dördüncüsü, radiasiya riski yüksək Çin mobil cihazlarının idxalını stimullaşdıracaq.

Nəhayət, köhnə telefonların istismar müddətini uzatmaqla istehlakçıların müasir və keyfiyyətli texnologiyalara çıxış imkanlarını məhdudlaşdıracaq”, – deyə Q. İbadoğlu fikrini tamamlayıb.

Onu da qeyd edək ki, Nazirlər Kabineti 2018-ci il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında tələb olunan rüsumlarla bağlı da yeni qaydaları təsdiqləyib. Bununla da müqavilələrin Azərbaycanın Daxili İşlər Nazirliyində dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun yeni məbləğləri müəyyən olunub.

Minik avtomobillərinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumu aşağıdakı kimi müəyyən edilir:

2.1.1. 2000 kubsantimetrədək mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,05 manat;

2.1.2. 3000 kubsantimetrədək 100 manat+ mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,1 manat;

2.1.3. 4000 kubsantimetrədək 200 manat+ mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,2 manat;

2.1.4. 5000 kubsantimetrədək 400 manat+ mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,3 manat;

2.1.5. 5000 kubsantimetrdən çox olduqda 1500 manat;

2.2. Minik avtomobillərinin istehsal tarixindən asılı olaraq, onların dövlət qeydiyyatına alınmasına görə bu aktın 2.1-ci bəndi ilə müəyyən olunan dövlət rüsumunun məbləğlərinə aşağıdakı əmsallar tətbiq edilir:

2.2.1. istehsal tarixi 4 ilədək olan minik avtomobillərinə – 1,0;

2.2.2. istehsal tarixi 4 ildən 10 ilədək olan minik avtomobillərinə – 0,8;

2.2.3. istehsal tarixi 10 ildən çox olan minik avtomobillərinə – 0,3.

Bu normativ hüquqi aktda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Natiq Cəfərli isə deyir ki, avtomobillərin qeydiyyat rüsumlarında da ciddi artım müşahidə olunur. Onun qənaətincə, əvvəl bütün avtomobillər üçün eyni rüsum ödənilirdisə, indi diferensial qaydaya keçilib: “Bundan sonra rüsumlar abtomobillərin mühərrik həcminə görə müəyyənləşəcək. Mühərrik həcmi böyük olan avtomobillərə görə daha çox rüsum ödəniləcək. Belə götürəndə burada ümumən məntiq var. Əgər avtomobil bahalıdırsa, mühərrik həcmi böyükdürsə, onun qeydiyyatının bahalı olması məntiqlidir. Amma aşağı kateqoriyalı, yəni, mühərrik həcmi kiçik olan avtomobilərin qeydiyyat rüsumları artırılmamalı idi. Bu mənada sözügedən qərarın kiçik həcmli mühərriki olan avtomobillərə şamil edilməsi doğru deyil”.

Bəs, bu artımlar büdcəyə hansı formada dəstək olacaq?

Müsahibimizin bu suala cavabı belədir:

“Həm telefon, həm də avtomobil qeydiyyatı rüsumlarının artırılması büdcəyə əlavə gəlirlərin gəlməsinə xidmət edəcək. Ancaq bu, vətəndaşların gəlirlərinin azalması ilə müşahidə olunacaq. Yəni, büdcə gəlirlərinin vətəndaşın real gəlirlərinin aşağı düşməsi yolu ilə olması yaxşı hal deyil. Əgər büdcəyə daxil olan həmin vəsaitər sosial xərclərə, maaş və təqaüdlərə yönlənsəydi, bunu anlamaq olardı. Amma görünən odur ki, bu ilin sonuna kimi nə maaşlarda, nə də təqaüdlərdə artım nəzərdə tutulmayıb. Bu səbəbdən də hökumətin bu qərarlarının vətəndaşa hər hansı xeyri yoxdur”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}