Şair-dramaturq Birinci vitse-prezidentə müraciət edib
Tarix: 04-08-2018 20:59 | Bölmə: Slayd
Şair-dramaturq Birinci vitse-prezidentə müraciət edib

Şair-dramaturq, Prezident təqaüdçüsü, Gürcüstan Respublikasının "Şərəf" ordeni ilə təltif olunmuş Ramiq Muxtar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb.

10 il bundan əvvəl, ağır xəstəliyə tutulduğu vaxt onu xarici ölkəyə əməliyyata göndərib, müalicə etdirdiyini M. Əliyevaya bir daha xatırladıb, ona yenidən təşəkkür edən Ramiq Muxtar yazır ki, ölkəmizin ağır vaxtında Ulu Öndər Heydər Əliyevin xalqın iradəsi ilə yenidən hakimiyyətə gəlişi Azərbaycanın bir dövlət kimi dağılmasının qarşısını alıb:

“Əlbəttə, Ulu Öndərin Naxçıvana ağır xəstə halında gəlişi və onun yenidən səhhətinin bərpa olunmasında bacısı qızı Sənifə xanımın zəhməti danılmazdır. Çünki mən Heydər Əliyevin sədaqətli silahdaşı kimi iki dəfə Naxçıvana getdim, Sənifə xanımın, onun Bəylər və Vasif adlı kürəkənlərinin Ulu Öndərin qayğısına necə qaldıqlarının şahidi oldum.

Bir də Naxçıvan camaatının kütləvi halda onun hər gün görüşünə gəlmələri Ulu Öndərin yenidən yaşamaq əzmini artırdı.

Hörmətli Mehriban xanım!

Ulu Öndərlə mən ilk dəfə 1961-ci ildə, o, polkovnik rütbəsində olan vaxtdan ta ömrünün sonuna qədər 17 dəfə görüşmüşük. Bu görüşlər öz evlərində, qayınanası Leyla xanımgildə, Prezident Aparatında və bir çox tədbirlərdə baş tutub. Hələ 1976-cı ildə mən dama üzrə SSRİ idman ustası normasını yerinə yetirəndə Ulu Öndər məni təbrik edib, özü ilə Azərbaycandan Yuqoslaviya Respublikasına gedən fəal gənclər heyətinə daxil etdi.

Heydər Əliyev Naxçıvanda olarkən İsgəndər Həmidov onun üstünə qoşun göndərmək istəyərkən, 1993-cü ilin yanvar ayından mən, Səriyyə Əbilhəsənova, Səlimə xanım, Qafar Əliyev, Əhliman Məmmədov və bir çoxları yeni yaradılan YAP-a üzv toplamaq üçün təşkilatlara gedib təbliğat aparırdıq. Düzdür, o vaxt bizim ağlımıza gəlmirdi ki, Heydər Əliyev Prezident olacaq. Biz bu insanları toplayırdıq ki, Ulu Öndər Milli Məclisdə çıxış edəndə, bilsin ki, onun arxasında 30-40 min partiya üzvü vardır.

Ona görə Heydər Əliyev Prezident seçilən kimi, ilk növbədə, məni və övladlarımı Prezident Aparatına işləməyə dəvət etdi. Övladlarım hərbçi zabit olduqlarına görə vəzifədən imtina etdilər. Qızım isə dedi ki, ata, mən müəllimə olmaq istəyirəm.

Sonradan Heydər Əliyev məni müxtəlif vəzifələrə dəvət etdi, mən isə ona yazıçı kimi sərbəst olmağımı bildirdim. Buna baxmayaraq, məni Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İxtisaslaşdırma və İxtisasartırma İnstitutuna direktor göndərdi. 16 ildir ki, bu vəzifədə çalışıram.

Hörmətli Mehriban xanım!

Mən 2002-ci ildən Səbail Rayon İcra Hakimiyyətində mənzil növbəsində durmuşam. Mənzil növbəsində duranların siyahısını Yazıçılar Birliyinin sədri, dünya şöhrətli yazıçı Anar və Səbail rayonunun sabiq icra başçısı Sahib Ələkbərov təsdiq ediblər. Lakin Yazıçılar Birliyinə ayrılmış 9 mənzili siyahıda olanlara vermək əvəzinə, həmin mənzillər yazıçı olmayan bir işbaz - Rauf Aslanov tərəfindən guya 100 min manata satılıb, 36 nəfərə (hər birinə) 25 min manat verilib. Halbuki həmin mənzillər Daxili İşlər Nazirliyinin yanındadır və minimum qiyməti 250 min manatdır.

Mən 25 min manatdan imtina edib, iclası tərk etdim. Halbuki o mənzillər satılmadı və heç bir notariusda qeydiyyata alınmayıb.

Ən dəhşətlisi isə budur ki, Anarın və Sahib Ələkbərovun imzası ilə təsdiq edilmiş siyahını Rauf Aslanov kənara ataraq, Çingiz Abdullayev tərəfindən imzalanmış, lakin Səbail Rayon İcra Hakimiyyətinin təsdiqi olmayan siyahını vəkili vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərib. Həmin vaxt sənəd o qədər tələm-tələsik yazılıb ki, hətta tarixini də qeyd etməyi unudublar.

Bu günlərdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin tapşırığı ilə DTX-nın Nəsimi Rayon İdarəsi mənim şikayətim əsasında yoxlama aparıb. Xahiş edirəm, o yoxlamanın nəticəsi ilə tanış olub, mənim qanuni mənzil hüququmu bərpa edəsiniz”.

Sonda R. Muxtar M. Əliyevadan xahiş edib ki, yazıçı və şairlərə mənzil bölgüsü zamanı qanunları pozmuş şəxslərin cəzalandırılmasıı üçün hüquq-mühafizə orqanlarına araşdırma aparmaq göstərişi versin.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}