Qarabağın azadlığı üçün hərb yoluna üstünlük verilməlidir - Ekspertlər
Tarix: 25-08-2018 10:16 | Bölmə: Slayd
Qarabağın azadlığı üçün hərb yoluna üstünlük verilməlidir

Dağlıq Qarabağ münaqişəsi 25 ildən çoxdur ki, Azərbaycanın bir nömrəli problemi olaraq qalır. Atəşkəs elan olunandan bəri münaqişənin danışıqlar yolu ilə həllinə çalışılır.

Bu proses təkcə Azərbaycan və Ermənistan arasında getmir. Dünyanın böyük dövlətləri vasitəçilik edərək məsələnin sülh yolu ilə həllinə çalışırlar. Lakin uzun sürən danışıqlar və ortada nəticənin olmaması göstərir ki, bu variant nəticə vermir. O zaman hərb yolu gündəmə gəlməlidir.

Təbii ki, Azərbaycan tərəfi - həm Müdafiə Nazirliyinin rəhbərliyi, həm siyasi hakimiyyət nümayəndələri, həm də ölkə başçısı ərazi bütövlüyünün təmin olunması üçün hərb yolundan istifadəyə hazır olduğunu bəyan edir. Prezident İlham Əliyev son çıxışlarının birində Ermənistanın başqa yolunun olmadığını bir daha bəyan edib və Azərbaycanın heç bir güzəştə getməyəcəyini bildirib. Amma hələ ki müharibə variantı ehtiyat kimi saxlanılır.

Maraqlıdır, bəs, ölkənin ictimai-siyasi düşərgəsi hansı fikirdədir? Qarabağ münaqişəsinin hərb, yoxsa sülh yolu ilə həlli Azərbayacana sərf edir?

Mövzu ilə bağlı “Reytinq”ə açıqlama verən ADP sədrinin müavini Taliyət Əliyev deyib ki, uzun illər seçilən danışıq yolu nəticə vermir. Onun fikrincə, problemin həlli siyasi müstəvidən beynəlxalq hüquq müstəvisinə daşınmalıdır:

“25 ilə yaxındır ki, atəşkəs rejimi elan olunub. Qarabağ probleminin sülh danışıqları ilə həllolunma missiyası ATƏT-in Minsk qrupuna həvalə edilib. Amma, bu illər ərzində aparılan danışıqlar problemin həllinə gətirib çıxarmayıb. Danışıqlar prosesində zaman-zaman problemin həllinə yaxınlaşmalar olsa da, Ermənistan tərəfinin provokasiyaları nəticəsində yenidən sıfır variantına qayıdılıb. Bu problemin həlli ilə bağlı aparılan danışıqların tarixçəsinə diqqət edəndə görünür ki, Dağlıq Qarabağ probleminin siyasi danışıqlar yolu ilə həlli mümkünsüzdür”.

T. Əliyevin sözlərinə görə, ATƏT-in Minsk qrupunda təmsil olunan ABŞ, Fransa və Rusiyanın ayrılıqda bu regionda siyasi maraqları var. Bu maraqlar da onların Qarabağ probleminin həllində obyektiv mövqedən çıxış etməsinə imkan vermir: “Bir çox hallarda bu dövlətlərin hər biri problemin həllində Ermənistanın mövqeyini birbaşa və dolayısı yolla müdafiə edirlər ki, bu da onların vasitəçilik missiyaları ilə bir araya sığmır. Belə olan halda problemin ədalətli həlli mümkün deyildir. Ona görə də Dağlıq Qarabağ probleminin dinc yolla həll edilməsi siyasi danışıqlar müstəvisində deyil, beynəlxalq hüquq müstəvisində mümkündür. Hesab edirik ki, problemin həlli siyasi müstəvidən beynəlxalq hüquq müstəvisinə daşınmalıdır. Belə olacağı halda problemin dinc yolla və ədalətli həllinə inanmaq olar. Bu, bizim üçün ən uğurlu variant olardı. Bu, baş verməyəcəksə, Azərbaycan öz torpaqlarının işğaldan azad olunması üçün hərbi gücdən istifadə etməlidir və bu bizim haqqımızdır”.

Partiya yektilisi qeyd edib ki, 2016-cı ilin aprel döyüşləri də göstərdi ki, kənar müdaxilələr olmasa Azərbaycan ordusu işğal altındakı torpaqları qısa müddətdə azad etməyə qadirdir: “O ki qaldı bu problemin dinc və müharibə yolu ilə həll olunmasının müsbət və mənfi tərəflərinə, burda iki yol var - ya o torpaqları bizə verirlər, ya da özümüz alırıq.

Birinci variantda itkilərimiz olmasa da, bu bizdə bir zəiflik kompleksi yarada bilər.

İkinci variantda itkilərimiz olacaqsa belə, bu, ən şərəfli yoldur və millət olaraq öz torpaqlarımızı işğaldan azad etməyə qadir olduğumuzu bir daha sübut edəcəyik.

İndiki dünyaya nəzər yetirəndə görürük ki, bu gün beynəlxalq hüquq da çeynənilir. Ona görə də Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həlli perspektivinə də inam yetərli deyil. Bu səbəbdən də Dağlıq Qarabağ probleminin həllində öz gücümüzə güvənməliyik. Eyni zamanda xarici siyasət və ordu quruculuğu sahəsində qardaş Türkiyə ilə konfedersiya yaratmalıyıq. Qarabağın azadlığı bu birlikdən keçir”.

Borçalı Cəmiyyətinin sədri, siyasi şərhçi Zəlimxan Məmmədli isə deyib ki, Ermənistan Rusyanın hərbi-siyasi dəstəyi ilə Azərbaycan ərazilərini işğal edib. Onun sözlərinə görə, burada “münaqişə”ifadəsi yanlışdır:

“Azərbaycan bu vaxtda qədər heç “münaqişə” deyilən problemin adını belə düz müəyyənləşdirə bilməyib. Bizdə sahiblənmə duyğuları sanki yoxdur. Biz işğala məruz qalmışıq, BMT səviyyəsində bizim milli maraqlarımıza uyğun 4 qətnamə var. Problemi milli maraqlarımız çərçivəsində həll etmək üçün əlimizdə beynəlxalq hüquqi baza var. İqtisadi resurslarımız, insan potensialımız yetərincədir. Bəs niyə problem həll olunmur?

İşğalın nəticələrini aradan qaldırmaq, təzminat davaları açmaq, Ermənistan və Rusiyanı təcavüzkar tərəf kimi tanıtmaq, dünyanın daha güçlü cinahı ilə yaxın münasibətlər qurmaq üçün imkanlarımız nəzəri cəhətdən yetərlidir. Bunun üçün Qərbin təklif etdiyi demokratik islahatlar ardıcıl olmalı, xalqın iradəsi ilə hakimiyyət formalaşmalıdır. Hakimiyyətin dinc demokratik qaydada dəyişilməsi ənənə halını almalıdır. Buna nail olmaq nəzəri olaraq özümüzdən asılıdır.

Faktiki, Azərbaycanda hakimiyyət 1993-cü ildən Rusiya tərəfindən nəzarətə götürülüb. Hakim zehniyyət millətin iradəsini ifadə etmir. Gizli və açıq formada Rusiyanın konspektləri ilə idarə olunan iqtidarımız var. Rusiya ən ağıllı işğal modelini seçib. Qoşunu burada yoxdur, amma istədiyini edə bilir. Azərbaycan ərazilərini də işğal edən Rusiyadır. Ermənistan və Qarabağ erməniləri Kremlin alətləridir. Rusiya bütün vasitələrlə Azərbaycanın demokratikləşməsini, AB və ABŞ-la işgüzar münasibətlərinin qurulmasını əngəlləyən buxovdur. Bu buxov qırılmayınca, Azərbaycandakı rejimlə proses dondurulmuş vəziyyətdə qalacaq. Bu isə mütləq anlamda Ermənistanın milli maraqlarına uyğundur.

ATƏT-in Minsk qrupu isə statik vəziyyətin qorunmasına hesablanmış klasik manitorinq qrupudur”.

Z. Məmmədli hesab edir ki, Azərbaycan ilk növbədə problemi konservləşdirən mexanizmi dağıtmalıdır. “Bizim hər şeydən güçlü tək silahımız var - o, xalqımız, millətimizdir. Xalq meydanlara çıxmasa, öz hakimiyyətinə şahib durmasa biz şərəfsizliyi boynumuza alıb Qarabağı bütövlükdə itirəcəyik. İndiki şəraitdə sadaladığım acı reallığı nəzərə alsaq sülh və hərb haqda qərar vermək iradəsinə şahib deyilik”.

Z. Məmmədlinin fikrincə, Rusiya və İran anlayır ki, Azərbaycanın xalq hakimiyyəti ilə inkişafı həm də 50 milyonluq bir Azərbaycan dövlətinin qurulmasının “yol xəritəsi” deməkdir:

“Bu, həm də Azərbaycanın dünyanın güclü dövlətlərinin himayəsini qazanması, işğalın nəticələrinin tamamilə aradan qaldırılması və Rusiyanın imperiya ambisiyalarının iflası olardı. İndiki vəziyyətdə hərb də, sülh də Rusiyanın iradəsi altındadır. Fikrimcə, indiki durumda Rusiya Azərbaycandan ya Avropa, ya Rusiya dilemmasından qurtulmaq, birmənalı olaraq Rusiyanı seçmək haqqında qərar istəyir. Bəzi təxribat xarakterli hərəkətlərin Rusiyanın planı olması ehtimalım daha çoxdur. Əgər ölkəiçi siyasi uzlaşma tapılmasa, xalqın milli iradəsi meydanlarda olmasa Rusiya istəyinə nail ola bilər. Buna yol verilməməlidir. Siyasi iradə qoyacaq rəsmi statuslu birisinin himayəsi variantı indiki vəziyyətdə ən optimal yoldur. İndiki rusofillər xalqla aralarında böyük uçurum yaradıldığının, eyni zamanda Rusiyanın diqtəsinə boyun əyməkdən başqa yollarının qalmadığının fərqindədirlər. Qorxulu durumdur. Amma hakimiyyət içərisindən də bir milli işıq parlaya bilər. Möcüzə də olsa, mümkündür. Ümumilikdə isə ərzilərimizin işğaldan hərbi yolsuz qurtarma perspektivini görmürəm. Yuxarıda qeyd etdiyimiz daxili və xarici siyasət həyata vəsiqə qazanarsa hərb və siyasətin uzlaşdırılması ən optimal həll yoludur”, – deyə müashibimiz fikrini tamamlayıb.

Tərcüməçi-yazar Nadir Qocabəyli isə məsələyə bir qədər fərqli yanaşmanın tərəfdarıdır. N. Qocabəylinin fikrincə, nə qədər ki məsələyə "Qarabağ bizim olsun, ya erməninin?" şəkilində baxırıq, nə qədər ki əvvəlcə onlar torpaqları qaytarsınlar, sonra barışaq, sülh olsun, mahnı oxuyaq şəklində yanaşırıq, nə qədər ki "kim haqlıdır?", "əvvəl kim başladı?",- suallarını veririk, nə qədər ki "o torpaqları almasaq, şəhidlərin ruhu bizi bağışlamayacaq",- deyirik, nə qədər ki, "müharibə etməliyik, sülhlə torpaq qayıtmaz",- deyirik, bu problem həll olunmayaq:

“Problemə yeni baxış tələb olunur. O baxış nədən ibarətdir?

Status-kvonu saxlamaqla münasibətləri yumşaldırıq. Ermənilərin, bizim mədəniyyət xadimlərimiz, yazıçılarımız, jurnalistlərimiz və s. gedib-gəlir. Hər iki tərəf xalqı, hökumətləri qanın dayandırılmalı olduğuna inandırır. Gediş-gəliş, ticarət, müəyyən münasibətlər yaranır. Bu proses dərinləşdikcə, tərəflərdə bir-birinə inam yarandıqca, yavaş-yavaş ev-eşiyini tərk etmiş insanların geri qayıtma prosesi başlanır. Heç bir sərhəd dəyişikliyi, inzibati dəyişiklik olmadan münaqişədən əvvəlki duruma qayıdılır. Yəni hərə öz evinə qayıdır: şuşalı Şuşaya, zəngəzurlu Zəngəzura, irəvanlı İrəvana, laçınlı Laçına, kəlbəcərli Kəlbəcərə, bakılı da Bakıya... Bu, mümkündür. Bundan ötrü şüurlardakı düşmənçilik təmizlənməlidir. İnsanlar inanmalıdır ki, hər iki tərəfdən verilən qurbanlar pis adamların, şər qüvvələrin işidir. Sadə erməninin və azərbaycanlının bunda günahı yoxdur. Bu, həqiqətən belədir və həqiqət insanlara aşılanmalıdır. Münaqişənin tək həlli budur. Yoxsa Fələstin kimi uzandıqca uzanacaq, gənclər qurban gedəcək. Ölkədə də heç bir inkişaf olmayacaq”.

N. Qocabəyli deyib ki, biz qonşulara - erməni, gürcü fərq etməz - rəqabətdə uduzmamaq üçün də ölkəmizi, iqtisadiyyatımızı, elmimizi inkişaf etdirməliyik:

“Qarabağ probleminin həlli eyni zamanda ermənilərlə bizim hər hansı bir böyük birliyin tərkibində olmağımızı tələb edir, yoxsa bu konflikt əbədi, iki millətdən biri qırılıb qurtaranacan davam edə bilər. Təsadüfi deyil ki, Rusiyada və ABŞ-da yaşayan ermənilərlə azərbaycanlılar arasındakı mehriban, ən azından dözümlü münasibət var. Qarabağ probleminə sadəcə, erməni-azərbaycanlı münaqişəsi kimi baxmaq kökündən yanlışdır. Bu, iki fövqəldövlət arasında beynəlxalq bir problemdir. ABŞ üçün Rusiyanı dağıtmaq, Rusiya üçün özünü Qərbdən qorumaq planının tərkib hissəsidir. Odur ki, bu iki dövlət arasındakı münasibət ciddi şəkildə nəzərə alınmalıdır. Ancaq balanslaşdırma artıq özünü doğrultmur. Konkret mövqe olmalıdır”.

AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucovun mövqeyi isə bir qədər sərtdir. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi çağdaş dünya tarixninin ən mürəkkəb və ən uzunömürlü münaqişələrindən biridir:

“Probemin indiyədək həll olunmamasının həm xarici, həm də daxili səbəbləri var. Münaqişənin ilkin mərhələsində Azərbaycanın o zamankı siyasi rəhbərliyinin qətiyyətli və aydın mövqeyi olsaydı problem həll edilərdi. Çünki SSRİ dağılmamış vəziyyətdə, dünya da bunu gözləməyərək çaşqınlıqda idi. Azərbaycan xalqının isə güclü rüh yüksəkliyi və möhkəm iradəsi ortada idi. Lakin maymaq və qorxaq rəhbərlər öz siyasi maraqlarını qorumaq üçün bu imkanı dəyərləndirə bilməlidilər. Sonrakı dönəmlərdə belə əlverişli imkanlar ələ düşməsə də, Cənubi Qafqazdakı münaqişələr, çeçen-rus müharibəsi və Moskvanın başının həm də daxili iqtisadi-siyasi problemlərə qarışması xeyrimizə işləyən faktorlar idi. Lakin bundan da bəhrələnə bilmədik. Nəticədə hər iki fürsət itirilməklə yanaşı, problemin həlli ATƏT-ə həvalə edilməklə qlobal xarakter aldı. Bundan sonra Azərbaycan münaqişənin həllindən demək olar ki, uzaqlaşdırıldı və Bakının iştirakı formal xarakter aldı. Bakı münaqişənin çözülməsində həlledici söz sahibliyini itirdi. Beləliklə, uzun-uzadı beynəlxalq vasitəçilərin iştirakı ilə səmərəsiz danışıqlar prosesi başladı. Hər dəfə də Azərbaycan tərəfi güzəştlərə məcbur oldu”.

Politoloq hesab edir ki, bü gün artıq münaqişənin tərəfi tək Ermənistan və Azərbaycan deyil, Rusiya, Fransa, ABŞ, Türkiyə də var. Hər bir dövlətin də bu məsələdə öz maraqları mövcuddur:

“Ona görə də “sülh” adlandırılan proses düyünə düşüb. Yeni baş nazir N. Paşinyanın bəyanatlarından isə aydın olur ki, bu problem nəinki ölü nöqtədən çıxmayacaq, əksinə, dinc yolu gündəmdən çıxaracaq. Çünki yeni baş nazir hər vəhclə separatçı rejimi ayrıca tərəf kimi danışıqlar prosesinə cəlb etmək istəyir. Rəsmi Bakı isə bunu elə ilk vaxtlardan qətiyyətlə rədd edir. Ermənistan baş nazirinin bu addımı faktiki olaraq sülh prosesini pozmaq və danışıqlardan çəkilmək cəhdidir. Regional və beynəlxaql güclər isə müharibənin yenidən alovlanmasına imkan verməyəcəklər. Çünki bu, heç kimin maraqlarına uyğun deyil.

Daxili faktora gəldikdə isə, heç kəsə sirr deyil ki, həm Ermənistanda, həm də Azərbaycanda hakimiyyətə gələnlər bu kartdan yetərincə istifadə ediblər, bü gün də istifadə edilməkdədir. Azərbaycana insan hüquqları və demokratiyanın vəziyyəti barədə beynəlxaql qınaq və təzyiqlər olanda dərhal qaçqın və köçkünlərin hüquqları yada düşür. Eyni zamanda ölkədəki ciddi problemlər barədə danışılanda müharibə vəziyyəti xatırladılır. Rəqibləri vurmaq lazım olanda "erməni amili və erməniyə bağlılıq” kimi absurd iddialar önə sürülür və s.

Ermənistanda da eynən. Heç elitalar da münaribənin başlanmasını və həllini istəmir. Çünki müharibə bitərsə, o zaman hər iki xalq yaxşı və demokratik bir dövlətdə yaşamaqlarını öz iqtidarlarından daha qətiyyətlə tələb edəcəklər. Ona görə də, mən hesab edirəm ki, xalqın legitimləşdirmədiyi hakimiyyətlər olmayınca Dağlıq Qarabağ münaqişəsinin həlli mümkün olmayacaq. Bu problemin həlli demokratik inkişafdan və hərbi-siyası yoldan keçir. Azərbaycan xalqı doğrudan da işğaldakı ərazilərini təmizləmək istəyirsə daha ciddi düşünməli və qəti iradəsini, qərarlarını ortaya qoymalıdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}