23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Qayda-qanun həsrəti
Tarix: 10-08-2017 15:53 | Bölmə: Firuz HƏŞİMOV


1944-1946-cı illərin aclığı, qəhətliyi unudulası deyil. Camaat dədə-babadan qalma nəyi vardısa, hamısının axırına çıxmışdı. Adi sabun qızıl qiymətinə idi. Əksəriyyət təmizlik üçün gülabı adlanan ağ gildən istifadə edirdi. İstər kəndistan yerində, istərsə də şəhərin özündə uşaqların ayaqyalın gəzməsi heç kimi təəccübləndirmirdi. Aclıqdan, vitaminsizlikdən balaca uşaqların üzlərinə sarı tük çıxardı.

Rəsmi bayramlarda həvəslə səs-səsə verib şərqilər oxuyardıq (o dövrdəmahnı sözü işlədilmirdi), insafən yadda qalan gözəl havaları da vardı. Birinin nəqarəti lap aləm idi:

"Bəh-bəh! Bəh-bəh!

Nə gözəl, nə qəşəng, səfalı dəmlər.

İnsan bu gözəl zamanda yaşamaq istər!”

Klubun səhnəsində yamaqlı şalvar-köynəkdə, ayaqyalın, ya da çustlu (bu pinəçilərin tikdiyi ucuz ayaqqabılar idi), yaşıdlarımızla bir cərgədə durub çığıra-çığıra oxumaqdan ləzzət alırdıq. Mükafatımız da bir ovuc qax, ya da bir iris olardı, bununla özümüzü səadətin zirvəsində hiss edərdik.

Yetimxanalarda yaşayan uşaqlara həsəd aparardıq. Bilirsiniz niyə? Çünki hökumət yetimlərə yaxşı baxırdı, hamısının əynində qara yun parçadan tikilmiş gödəkcə, şalvar, abırlı palto, əla göndən boğazlı botinka, yeməkləri də o dövr üçün əla idi.

İldə iki-üç dəfə kefə baxardıq. Novruz bayramında cibimizi xuşgəbərlə doldurub, iki-üç qırmızıya boyanmış yumurta alanda, Ramazan bayramında da halva, şorqoğalı yeyəndə. Yazıq analar, nənələr indi bizə kasıb görünən bayram süfrəsi üçün düz bir il tədarük görərdilər. Uşaq da olsaq böyüklərin nələr çəkdiyini qanıb başa düşürdük, nə özümüzü naza qoyardıq, nə də şıltaqlıq edərdik.

"Azneft” meydanından bir az Bayıla tərəf, yolun kənarında "İnturist” adlanan xudmani bir otel vardı. Restoranın tərifi dillərdə gəzərdi. Bu dəqiqənin özündə Bakının ən bahalı restoranında vaxtilə orada hazırlanan təamlar verilmir. Daimi müştəriləri kim idi? Yaxşı qonorar alan, kitabı çıxan şairlər, yazıçılar, işi düz gətirən heykəltəraş və rəssamlar, barmaqla göstərilən elm xadimləri, bölgələrdən şəhərə iclasa, ezamiyyətə gələn əmək qəhrəmanları...

Bəziləri deyəcək ki, qoca keçmişin xiffətini çəkir, yəqin yarasının qaysağı qopub. Düz deyəcəklər, amma, keçmişin yox, qayda-qanunun həsrətini çəkirəm. O həngamələr ki, bu başı bəlalı məmləkətdə gedir, onlara ancaq uzaq Salvador, ya da Haiti cəzirəsində təsadüf etmək olar.

Ciblərindən başqa heç bir şey barədə düşünməyən, namuslu, boyun əyməyən qələm sahiblərinə qənim kəsilmiş məddah məmurlara məsləhət görərdim ki, gündəlik xronika ilə tanış olsunlar. Ölkə qan içindədir, İlahi dünya xəritəsində güc-bəla ilə görünən belə balaca məkanda nə qədər qəza baş verər, nə qədər qan tökülər, nə qədər insan intihar edər... Mən biçarə keçmişin xiffətini niyə də çəkməyim? Kənd-kəsəkdə, ya da bölgədə bir intihar baş verəndə prokurorluq, milis o yana, partiya təşkilatı aləmi bir-birinəvurardı. İndi isəya dozanqurdu öldü, ya insan, fərqi yoxdur... Çox vaxt da deyirlər, yaxşı ki, öldü, canı bu cəhənnəmdən qurtardı.

Birinci ricət

Bəşər tarixindəgörünməmiş möcüzəbaş verdi, müstəqillik qazanan saatdan daş-torpağımızda fitnə göyərməyə başladı. Sabirin təbirincə desək, doğma qardaşdan bac almaqdan utanmayıb, qılıncımızla kökümüzü kəsdik. Bir şeyi başa düşmədik ki, hürriyyətə hələ hazır olmayan bir xalq kimi avropasayağı demokratiya oyununa çəkilməyimiz bizə baha başa gələcək. Ataları dünənləri partiya məmurları qarşısında əsim-əsim əsən qələm sahibləri elə bildilər ki, yazılarının istiotunu bir az artırsalar təzə-təzə formalaşan nuvoriş (yəni görməmişlər) bandası utanacaq və"altı-beş” vuran cavanları dünya malından sirab edəcək.

Sadəlövh cavanlar cürətlənib başladılar millətin şəninə zəfərnamələr, qəsidələr deməyə, biri H.Z.Tağıyevin səxavətindən, digəri hansısa sultanın şücaətindən, bir başqası isə qədim Turanın mifik hökmdarlarından, Atilladan basıb bağlamağa. Deyəndə ki, a kişilər, tərifləyib dağ başına çıxartdığınız rəhmətlik Tağıyev Sabirin müalicəsi üçün əlini cibinə salmamışdı, Atillanın sizə dəxli yoxdur, yaxşısı budur milli birlikdən, milli cihaddan danışın, xalqı yetmiş iki tirə edən fitnəkarlara inanmayın, az qalmışdı bizi dara çəksinlər.

Üç-dörd bivec kitab, Türkiyədən gətirilmiş mənasız, bəsit braşurları oxuyandan sonra özlərini savad yiyəsi bilənlər macəraçı əyalət "fürerlərinin” psevdoinqilabi hərzəkarlığına aşiq oldular.

Hələlik tutarlı müdafiəxətti qura bilməmiş məmurları, dirçəlməkdə olan oliqarx zümrəsini "sancmağa” başlayanlar elə bildilər ki, indi nə istsələr edə bilərlər.

Müxtəlif çaplı "mübarizlərin”, "başqanların”, "bəylərin” qulluğunda durmağı savab bilən ağıldan bəla "jurnalistlər” qanıb başa düşmədilər ki, tənqid atəşinə tutduqları zatlar onların fürerlərinə sandıq tulasına baxan kimi baxırlar. Vəbu qondarma mübarizlər öz lakey vəzifələrini yerinə yetirəndən sonra xəkəndaz və süpürgə ilə qırağa atılacaqlar.

Bunların içində hər cəhətdən müflis olan da var, müxtəlif adlar altında hələ də siyasi məzhəkəçi rolunu oynamaqdan usanmayan, marionet olmağına bir təhər bəraət qazandırmaq istəyənlər də. Heydər Əliyev mahir siyasət ustadı kimi bu infuzori toplumunun dilini yaxşı tapdı.

Fikir verin, görün, özlərini millətin nağdı-nisyəsi sayan bu toplum bir qərinə keçsə də, Prezident Administrasiyasının adi bisavad məmuru bunların arasına bir "it ölüsü” atan kimi başlayırlar bir-birilərini didməyə. Bu ona deyir ki, "Sən DTK agenti olmusan!”, o buna qayıdır ki, "Sən Rusiyaya qulluq eləmisən!”, başqası çəpərin o üzündən nərə çəkir, "Mənim mürşidimə söz deyən mürtəddir!”, qarşı tərəf də borclu qalmır, "DTK-nın ən böyük agenti elə sənin mürşid saydığındır!”,- deyir.

Bunlar burada bir-birilərinin ölülərini gorbagor edirlər, bölgələrdə, şəhərdə də din dəllalları qorxmadan, çəkinmədən qapı-qapı gəzib onsuz da çaşıb qalmış soydaşlarımızı yoldan çıxarırlar.

İndi isə keçirəm əsl mətləbə. Üzümü sər-sifətləri telekanallardan düşməyən, işləri-gücləri Milli Məclisdə ancaq düymə basmaq olan deputatlara, məddahlıqla sərvəti-saman qazanmış tumanlı, ya da tumansız naqislərə, "demokrat”, "vətənpərvər” qiyafəsində özlərini xalqa sırıya bilmiş haramzadalara tuturam.

Özünüzü kübar sayırsınız, tox həyatdan sifətiniz işıldayır, maşınlarınıza, cah-cəlalınıza söz ola bilməz,əgər vaxtınız varsa, yazdıqlarımı oxuyun:

"Müharibə qurtaracaq, bir təhər hər şey qaydasına düşəcək. O vaxt nəyimiz varsa hamısını, qızılımızı, maddi imkan vəehtiyatlarımızı insanları səfehləşdirməyə yönəldəcəyik. İnsan beyni, insan şüuru dəyişmək qabiliyyətinə malikdir. İnsan şüuruna xaos toxumu səpib, hiss olunmadan onun dəyərlərini saxta dəyərlərə dəyişəcək və məcbur edəcəyik ki, o, bu saxta dəyərlərə inansın. Ədəbiyyat və incəsənəti tədricən onun sosial mahiyyətindən məhrum edəcək, sənətkarları xalq kütlələrinin dərinliklərində baş verən prosesləri təsvir və tədqiq etmək həvəsindən salacağıq. Ədəbiyyat, teatr, kino - hər şey ən rəzil insan duyğularını təsvir və təqdir edəcəkdir. Biz elə üzdəniraq sənətçilərə əl tutub kömək edəcəyik ki, onlar insan şüuruna bütün vasitələrlə zorakılıq, sadizm, satqınlıq – bir sözlə,hər cür mənəviyyatsızlıq yeridə bilsinlər.

Dövlət idarəçiliyində biz xaos və hərcmərclik yaradacağıq. Düzlük və alicənablıq lazımsız bir şey kimi ələ salınacaq, keçmişin qalığına çevriləcək.

Köntöylük, həyasızlıq, yalan və riyakarlıq, əyyaşlıq, birinin digərindən xoflanması, satqınlıq, qatı millətçilik, xalqlar arasında düşmənçilik – bütün bunları biz ustalıqla vəhiss olunmadan yayacağıq. Beləliklə, nəsilləri məhvərindən oynadacağıq. Biz insanları uşaq, yeniyetməçağlarından ələ gətirəcəyik, əsas işimiz gənclərlə olacaq, onları pozğunluğa, əxlaqsızlığa sövq edəcəyik. Biz onlardan casus, kosmopolit yetişdirəcəyik...”

İntellektinə, vətənpərvərliyinə qətiyyən şübhə etmədiyim soydaşlarım yaxşı bilirlər ki, bu sözləri haradan götürmüşəm.

"Beynəlxalq münasibətlər üzrə şura”, "Üç tərəfli komissiya”, "Bilderberq klubu”, "Bnay-Brit” kimi imperialist qurumların məramnamələrində elan olunmuş niyyətlər artıq Azərbaycanda həyata keçirilib. Mən hələ ruslaşma prosesinin yenidən vüsət almasından danışmıram. Bir tərəfdə milyonlar xərc edilir, gözəl yollar çəkilir, o bölgə yoxdur ki, orada abadlıq işləri aparılmasın, möhtəşəm ictimai binalar ucaldılır, fəvvarələr qurulur...

Bir tərəfdə isə adi vətəndaş hər yerdə alçaldılır, təhqirə məruz qalır, illərlə, aylarla qapılara düşsə də şikayətinə baxılmır. Ölkədə böyük sürətlə təbəqələşmə gedir, sinfi düşmənçilik isə göz görə-görə alovlanır.

26 il bundan əvvəl müstəqil deyildik, amma KİŞİ idik, qeyrət-namusumuz bütün SSRİ, bütün Şərq üçün örnək idi, pansionat və qocalar evində son sığınacaq tapmış soydaşlarımızı barmaqla saymaq olardı. Axtarsaydılar on məhəllədən bir pozğun tapardılar, onu da camaat eləboykot edərdi ki, dünyaya gəldiyi günələnət deyərdi. İndi isə hörmət, fəxri ad, titul yiyəsi aləmə məşhur "mavi” və elit fahişədir. Bunların ipə-sapa yatmayan harınlığı, yataq, buduar macəraları qəzetlərdə elə həzzlə təsvir edilir ki, elə bil söhbət milli qəhrəmanlardan, onların şücaətlərindən gedir. Təhsildən, valideyn qayğısından, dövlətin diqqətindən tamam ayrı düşən gənc qızlara, oğlanlara ancaq bir çıxış yolu göstərilir, siz dəçalışın, əlləşin sutenyorların, "mama Roza”ların dediklərinə əməl edin, ağ günə çıxascaqsınız. Nə çoxdur heyvani şəhvət hissindən başını itirmiş milyonçu ya da dövlətli məmur...

Mövzunu davam etdirmək istəyirdim ki, 255 adama mənzil verilməsi barədə xəbəri eşidirəm. Bir-iki gün keçmiş qəzetlərdə daha ətraflı məlumatlar dərc olunur. Niyə də sevinməyim?

Mən şəxsən jurnalist tanıyıram ki, on illərdir ailəsi iləbirgəevsizlikdən cəhənnəm əzabı çəkirdi. İndi ona da iki otaqlı mənzil verilib. Mənzillərin kimlərə verilməsindən, bölgünün düzgün aparılıb, ya aparılmamasından danışmıram, bunların mənə dəxli yoxdur. Mən bu iqtidardan indiyə qədər heç nə ummamışam, heç nə istəməmişəm. Acından, dərmansızlıqdan can versəm də, bu iqtidarın indi vəzifə sahibi olmuş karyerist, pulgir, özlərini gözəsoxmağı bacarmış məmurları qarşısında əyilən deyiləm. Çünki yaxşı bilirəm ki, sabah küləyin səmti dəyişən kimi bunlar birinci olaraq aradan çıxıb Prezidentin özünü də satacaqlar. Bunların məni də görməyə gözləri yoxdur, çünki nadan, bisavad olduqlarını dəfələrlə dilimə gətirmişəm. Bəzən mənə "Kişi, qorxmursan belə tünd yazırsan” sualını da verirlər. Əvvəla, vaxtilə planetin altıdan bir hissəsini tutmuş imperiyadan qorxmadım, otuz beş il yerin altında sıravi qazmaçı işlədim, sınmadım, indi məni çörəksiz, dərmansız qoyan, kişiliyin, sədaqətin nə olduğunu qanmayan pulgir haramzadalardan çəkinməliyəm?

İkincisi, dünya görmüşəm, geci-tezi var, əvvəl-axır vaxt vədə tamam olanda hamının maskası cırılır, batindənəvarsa üzəçıxır.

TədbirlərdəPrezidentin üzünəirişən, ona həyasızcasına yalan məlumatlar verən, müvəqqəti səlahiyyətindən xoşhallanıb nüsxəbəndlik edən vələdüzinaları xalq yaxşı tanıyır.

Nə isə, mətləbi çox uzatmaq istəmirəm. Jurnalistlərlə görüşdə Prezidentin çıxışına diqqətlə qulaq asdım. Pulsuz, parasız, uzun illərinəzab-əziyyətindən sonra rahat mənzil alanlar üçün sevindim. Ölkənin indiki vəziyyətində, maaşdan başqa digər gəliri olmayan qələm yiyəsinə mənzil vermək böyük savabdır.

Prezidentin çıxışında bəzi məqamlar diqqəti cəlb etməyə bilməzdi. O, açıqdan açığa jurnalistlərdən həm kömək diləyirdi, həm də onlarla həmrəyliyini bildirirdi. Diplomatiya dilindəbuna kart-blanş da deyilir. Prezident qananlara işarə vurdu ki, ev istəmirdiniz, bax, bu sizin eviniz, hələ ardı da olacaq, hüquqlarınız qorunacaq, amma müəyyən əndazəni gözləməklə dövlətçiliyin əleyhinə çıxanlara, azğın rüşvətxorlara yerində qulaqburması da verin! Mən sizinləyəm, dövlətin də Sizə ehtiyacı var! (Ola bilsin səhv edirəm, amma mən beləbaşa düşdüm).

Qorxuram ki, bu dəfə də heç nə alınmayacaq. Sadəcə olaraq ona görə ki, özlərini yakobinçi, mübariz sayan jurnalistlərin bir qismi neçəillərdir ki, ayağı sürüşkən siyasi flügerlərin tabeliyindəişləmiş, onlardan yaxşı da maaş alıblar. Dünən Heydər Əliyevi legitim prezident saymayan, əxlaqsızlarınəli ilə onun üzərinə çirkab atan infuzoriy bu gün onun oğlunun qarşısında payəndaz olub ənamlara layiq görülür, hörmət-izzət yiyəsi olur. Əli daima daş altında olan jurnalist dəbunu görür vənəticəsini də çıxarır.

O axmaq deyil ki, iqtidarın favoritləri, toxunulmazları sayılan fiqurların üstünəgetsin. Beləlap tutaq ki, getdi, aləmi bir-birinəvurdu. Sabahı günü məhşər ayağına çəkiləndə nə əli Prezidentə çatacaq, nə də bir nəfər onun dadına yetəcək.

O ki qaldı iqtidaryönlü jurnalistlərə, Allah bunların dadına çatsın. Azərbaycan ziyalıları içində bunlar qədər məğmun, başı qapazlı, dilsiz-ağızsız ikinci bir zümrətanımıram. Dövlətçiliyə sədaqətlə qulluq edən bu jurnalistlərin üzünə hər qapı açılmır, on illər boyu şəxsən mən hər yerdə onlara qarşı ögey münasibət görmüşəm. Bu ölkədə peşəkar fitnəkarın, elit fahişənin hörməti namuslu qələm sahibindən və şəhiddən artıqdır.

Nə deyirəm? Ağalarovun "gül balası”nın təşkil etdiyi "Jara” festivalından sevinin, ay dilənçi muzduna qane olan zavallı müəllimlər, ay adi poliklinikaya getmək üçün beş-on manat pul tapmayan veteranlar! Başı bəlalı biz rəiyyətin təsəllisi də olacaq, Moskvadan gəlmiş şou-biznes həşəratı doyunca yeyib-içib kefə baxandan sonra deyəcək:

"Bakı doğrudan da gözəl şəhərdir, adam buradan getmək istəmir!”

Elə mən dəbu estrada lotularının yerindəolsam belədeyərdim. Pul burda, hara getsən səninlə ya rus dilində danışırlar, ya ingilscə, erməni qorxmadan çəkinmədən ordusunun qətlə yetirdiyi körpənin məzarı üstünə gedir, onlarla missioner qurumu əlindən gələni beş qaba çəkir...

Burada müsəlmançılıq ancaq zahirdədir, buranın xalqı fanatizmin, təməlçiliyin nə olduğunu bilmir. 20 yanvarda Bakı kimi şəhəri qana bələyən rus əsgərlərinə güldən ağır söz deməyən xalq sabah ermənilərlə şərab içməyə başlasa təəccüblənməyin. Artıq bunun anonsu yüksək səviyyədən verilib.

P.S. Görəsən növbəti festival, ya gözəllik müsabiqəsi nə vaxt baş tutacaq?


Müəllifin bütün yazıları - Firuz HƏŞİMOV



Bölməyə aid digər xəbərlər
18-09-2017, 17:29 Firuz HƏŞİMOV - Manqurtlar
11-06-2017, 15:04 Firuz HƏŞİMOV - Meydan faciəsi
19-02-2017, 20:23 Firuz HƏŞİMOV - Ay can, ay can!

{sape_links}{sape_article}