Müəllimlərin əməkhaqqı gecikdirilir
Tarix: 10-11-2016 15:44 | Bölmə: Cəmiyyət / Xəbərlər

Respublikanın orta məktəblərində çalışan müəllimlər iki aydır ki, əmək haqqı almırlar. Əksər müəllimlər bununla bağlı narazılıq etsələr də, problemin ictimailəşdirilməsi zamanı adlarının çəkilməsindən ehtiyat edirlər.

Reyting.az xəbər verir ki, yaranmış vəziyyətlə bağlı virtualaz.org-un redaksiyasına həm paytaxt, həm də digər rayonlarda yaşayan orta məktəb müəllimləri tərəfindən şikayətlər daxil olub.

Adının çəkilməsini istəməyən biologiya müəlliməsinin sözlərinə görə, əmək haqlarının gecikdirilməsi səbəbindən banklardan götürdüyü krediti də ödəyə bilmir: "İki aydaır ki, maaş almırıq. Təhsil şöbəsindən bunu tarifikasiyaların hələ təsdiq olunmaması ilə əlaqələndirirlər. Doğrudur, bu iki ay ərzində bir dəfə avans almışıq. Amma bu pul ehtiyaclarımızı ödəmir. Kreditlərimiz var, müalicə olunmalıyıq, xeyir-şər var, qalmışıq çıxılmaz vəziyyətdə. Elə müəllimlər var ki, uşaq hazırlaşdırırlar. Mənim səhhətim imkan vermədiyinə görə repetitorluq da edə bilmirəm”.

Bəzi iqtisadçı-ekspertlərin fikrincə, hökumət dövriyyədəki manat kütləsini azaltmaq, bununla da milli valyutanın kəskin ucuzlaşmasının qarşısını ala bilmək üçün büdcədən maliyyələşdirilən təşkilatlarda əmək haqlarını gecikmələrlə ödəyir. Habelə, məlumatlara görə, büdcə vəsaitləri ilə icra olunan bir çox layihələrdə də podratçılar vəsaitləri gecikmələrlə alırlar.

Məsələyə aydınlıq gətirmək üçün Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehovla əlaqə saxlanıldıqda, nazirlik rəsmisi bütün məktəblərdə maaşların gecikdirilməsi ilə bağlı deyilənləri inkar edib. Onun sözlərinə görə, əgər belə bir fakt varsa, konkret müraciət olunmalıdır:

"Respublikanın bütün məktəblərində müəllimlərin maaşları gecikdirilə bilməz. Əgər konkret fakt varsa, bizə bildirin, biz də araşdıraq. Ümumiyyətlə, bununla bağlı nazirliyin elektron ünvanına sorğu göndərmək lazımdır”.

 

 





Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq
20-11-2024, 08:43 Şamaxıda zəlzələ olub

bütün xəbərlər