Azərbaycan Türkiyədən 50 milyon doza vaksin alır
Tarix: 15-12-2020 15:53 | Bölmə: Cəmiyyət
Azərbaycan Türkiyədən 50 milyon doza vaksin alır

COVID-19 vaksininin alınması üçün transmilli platformalara qoşulma və ikitərəfli müzakirələr aparılır.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, ölkəmiz vaksin alınması üçün Türkiyə ilə danışıqlar aparır: "Artıq Türkiyədən 50 milyon doza vaksin alınması üçün müqavilə imzalanıb".

Nazir müavini əlavə edib ki, “CoronaVac” vaksininin alınması ilə bağlı razılıq əldə edib:

“Vaksinin əldə edilməsində onun təhlükəsizliyi xüsusi önəm kəsb edir. Vaksinin istifadəsinə yalnız təhlükəsizliyə tam cavab verəndən sonra icazə verilə bilər. Yalnız üçüncü mərhələdən sonra, eyni zamanda ölkənin standartlarına cavab verərsə, bu vaksinlərdən istifadə etmək olar. Azərbaycanda bu məsələ "Dərman vasitələri haqqında" qanunla tənzimlənir. Epidemiya və digər fövqəladə hallarda vaksinlərin idxalına icazə verilə bilər. Bunun üçün Səhiyyə Nazirliyi müxtəlif parametrlərin araşdırılması nəticəsində Nazirlər Kabinetinin qərarı ilə onların idxalına və istifadəsinə icazə verə bilər. Vaksinlər temperatura həssas yanaşır. Müxtəlif vaksinlər müxtəlif temperaturlarda saxlanmalıdır. Bunun üçün soyuq zəncir sistemi mövcud olmalıdır”.

Nazir müavini deyib ki, Azərbaycanda da bununla bağlı kifayət qədər hazırlıq işləri aparılıb və müvafiq işlər görülür: "Ölkəmiz GAVİ tərəfindən təsis edilmiş quruma qoşulub. Əgər Ümumdünya Səhiyyə Təşkilatı müsbət rəy verərsə, bu qurumdan vaksin alınması məsələsi nəzərdə tutulub. Eyni zamanda ikitərəfli danışıqlar da aparılır. “CoronaVac” vaksini ilə bağlı da bu danışıqlar davam etdirilir".




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq