Tarix: 19-05-2017 10:45 | Bölmə: Cəmiyyət / Xəbərlər
Yayımı dayandırılımış ANS telekanalının kollektivi 14 il öncə dünyasını dəyişən eks-prezident Heydər Əliyevə müraciət ünvanlayıb. Kollektivin müraciətində onların səslərinə səs verilmədiyi və problemlər içərisində olduqları qeyd edilib.
ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov "Yeni Müsavat”a bildirib ki, müraciəti heç dəhansısa şəxsin fikri saymaq doğru deyil:
"Bu müraciət tamamilə kollektivin fikridir. Orada yazılanlar nə mənim, nə Mir Şahinin, nə Vaqifin, nə də Seyfullanın sözləridir. Bütün vəziyyətimiz orada öz əksini tapıb. Bunun başqa cür izahı yoxdur. Biz çox pis vəziyyətdəyik və heç kim səsimizi eşitmir. ANS fəaliyyətdə olduğu zaman kollektiv işləyirdi, maaş alırdı və öz işlərini sevirdilər. Biz vaxtilə güllə altında işləmişik. Yaxşı, belə olan halda bizdən nə terrorçu çıxar ki? Kim işləmirsə, yalnız onların fəaliyyətində nöqsan olmur. Biz işlədiyimiz üçün nöqsanlarımız da olub. Nöqsan olanda cərimə etmək, cəza vermək olar. Ancaq bağlamaq doğru deyil. Vəziyyətimiz çox pisdir”.
Müraciətin hökumət tərəfindən necə qarşılanacağı barəsində isə Mais Məmmədovun fikirləri aşağıdakı kimidir: "Biz hökuməti söyməmişik, danlamamışıq, sadəcə olaraq, istəyirik ki, hökumət bizi eşitsin. Azərbaycan vətəndaşlarıyıq və buna da haqqımız var. Biz öz ölkəmizi çox sevirik və heç zaman aramızdan casus, terrorçu çıxmayıb, çıxa da bilməz.
79 yaşım var, özüm də şəkər xəstəsiyəm. Ayaqda güclə durduğum halda, işdən çıxmamışam. Yeganə jurnalistəm ki, mənə deyirdi-filan yerə getmə, ancaq gedirdim. İrandan reportaj verdiyim zaman uşaqlarımın həyatı təhlükə altına düşmüşdü. Yəni bizim hər birimizin iş xatirəsi, tarixi var. Hər nə isə...”
Onu da qeyd edək ki, ANS Şirkətlər Qrupunun vitse-prezidenti, Mir Şahin Ağayev sosial şəbəkədə yazdığı statusda bildirib ki, ANS-i hakimiyyət yox, kütləvi laqeydlik bağlayıb: "Mənim davam hakimiyyətlə deyil, bu laqeydliklədir”.
Bölməyə aid digər xəbərlər