Enerji Effektivliyi Fondunun saxlanılma qaydası dəyişir
Tarix: 27-04-2022 14:31 | Bölmə: Cəmiyyət
Enerji Effektivliyi Fondunun saxlanılma qaydası dəyişir

Yeni yaradılacaq Enerji Effektivliyi Fondunun saxlanılma xərclərinin necə təmin olunacağı müəyyənləşir.

Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün videokonfrans formatında keçirilən iclasında müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilmiş “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Enerji Effektivliyi Fondunun vəsaiti həm də Fondun saxlanılma xərclərinin maliyyələşdirilməsi üçün istifadə olunacaq.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, iyulun 1-dən Enerji Effektivliyi Fondunun vəsaiti aşağıdakı tədbirlərin maliyyələşdirilməsi üçün istifadə olunmalıdır:

- enerji effektivliyi üzrə tədbirlərin və dövlət proqramlarının icrasının dəstəklənməsi;

- elmi-texniki fəaliyyətin maliyyələşdirilməsi;

- enerji menecmenti sisteminin tətbiqi;

- ağıllı sayğacların və sistemlərin tətbiqi;

- kogenerasiya və yüksək effektiv kogenerasiya qurğularının tətbiqi;

- bərpa olunan enerji mənbələrindən istifadə.

Enerji Effektivliyi Fondunun maliyyələşməsi isə aşağıdakı mənbələr hesabına həyata keçiriləcək:

- enerji resurslarının tarif və qiymətlərində fonda ayrılması nəzərdə tutulan vəsait (enerji resurslarının satışından əldə olunan vəsait);

- kreditlər və qrantlar;

- hüquqi və fiziki şəxslərin könüllü ianələri;

- beynəlxalq təşkilatların və digər donorların ayırmaları;

- fondun vəsaitinin idarə olunmasından əldə olunan gəlirlər;

- qanunla qadağan olunmayan digər mənbələr.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər