Şəkidə turistlərin avtobusu aşıb, yaralılar var - Yenilənib
Tarix: 05-06-2022 19:25 | Bölmə: Cəmiyyət
Şəkidə turistlərin avtobusu aşıb, yaralılar var

Şəkidə turistlərin olduğu avtobus qəzası baş verib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, bu gün saat 16.30 radələrində Şəki şəhəri, Mustafabəyov İstirahət Mərkəzində, dağlıq ərazidə içərisində 25 nəfərə yaxın turist olan “Hundai” markalı avtobus aşıb.

Qəza nəticəsində yaralananlar var.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bir yanğınsöndürən maşını, şəxsi heyəti və xilasedicilər cəlb olunub.

***

Şəkidə avtobusun aşmasının bəzi təfərrüatları məlum olub.

Məlumata görə, avtobusu, 1959-cu il təvəllüdlü E. Əhmədov idarə edirmiş.

E. Əhmədovun idarə etdiyi “İsuzu” markalı 20 AY 305 dövlət nömrə nişanlı avtobus idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı avtobusda sürücü ilə birlikdə 23 nəfər olub.

Avtobusdakılar Samux rayon sakinləridir. Onlardan 16 nəfəri şagird, 6 nəfərin isə müəllim və yaxud valideyn olduğu bildirilir.

Yarılıların hamısı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda yaralılar müayinə edilir, şəxsiyyətləri dəqiqləşdirilir.

***

Daxili İşlər Nazirliyi (DİN) Şəkidə baş vermiş ağır yol qəzasının başvermə səbəbi barədə məlumat yayıb.

DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a bildirilib ki, bu gün saat 16:30 radələrində Şəki şəhərində yerləşən istirahət mərkəzlərinin birində E. Əhmədovun idarə etdiyi “İsuzu” markalı sərnişin avtobusunda yaranmış nasazlıqla əlaqədar nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Hadisə yerinə polis şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Təcili Tibbi Yardımın həkim briqadaları cəlb olunub, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hazırda faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Qeyd edək ki, 4-ü müəllim, 2-si valideyn və 16-sı da şagird olmaqla, ümumilikdə 22 nəfər gəzmək məqsədilə Samux rayonundan Şəki şəhərinə gəliblər.





Bölməyə aid digər xəbərlər
Bu gün, 12:08 Sabah yağış yağacaq