13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Nazirliyin sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayıb
Tarix: 12-12-2022 17:53 | Bölmə: Cəmiyyət
Nazirliyin sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayıb

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Mədəniyyət Nazirliyinin Şəmkir Regional Mədəniyyət İdarəsinin rüşvət almaqda təqsirləndirilən sabiq rəisi Azər Rəcəbov, həmin idarənin İnsan resursları şöbəsinin rəisi Ələkbər Əliyev və məsləhətçisi Seymur Səfərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 22-nə təyin edilib.

Qeyd edək ki, həmin şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində tərəfindən saxlanılıb.

Aparılan əməliyyat-istintaq tədbirləri ilə Şəmkir Regional Mədəniyyət İdarəsinin sabiq rəisi Azər Rəcəbovun həmin idarənin İnsan resursları şöbəsinin keçmiş rəisi Ələkbər Əliyev və məsləhətçisi olmuş Seymur Səfərov ilə qabaqcadan əlbir olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar ümumi himayədarlıq, yəni ayrı-ayrı şəxslərdən vəzifəyə təyin edilmələri, vəzifədə qalmaqla fəaliyyətini davam etdirmələri, eləcə də idarənin balansında olan klubların ixtisar edilməməsi müqabilində 2021-ci ilin dekabr ayından başlamaqla ayrı-ayrı şəxslərdən 102 min manat məbləğində pul vəsaitini rüşvət qismində almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Azər Rəcəbov, Ələkbər Əliyev və Seymur Səfərova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilməklə, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib/Report.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər