Peskov: ABŞ-nın müharibəyə gələcək sponsorluğu yanlış olardı
Tarix: 21-02-2025 15:18 | Bölmə: Dünya
Peskov: ABŞ-nın müharibəyə gələcək sponsorluğu yanlış olardı

“Rusiya lideri Vladimir Putin Ukrayna ilə bağlı sülh danışıqlarına açıqdır. Onun ABŞ Prezidenti Donald Trampla görüşünə gəlincə, heç bir konkretlik yoxdur, sadəcə, bunun zəruriliyi başa düşülür”.

Reyting.az
xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS agentliyinə açıqlamasında deyib.

Xüsusilə, o, Rusiyanın Ər-Riyadda amerikalılarla danışıqlar zamanı NATO qoşunlarının Şərqi Avropadan çıxarılmasını tələb etməsi ilə bağlı mediada yayılan xəbərləri təkzib edib.

Peskov həmçinin deyib ki, ABŞ-nın Rusiyaya qarşı müharibəyə gələcək sponsorluğu, o cümlədən “səmərəsizlik və korrupsiya səbəbindən” yanlış olardı. Eyni zamanda, Kreml Tramp administrasiyasının Rusiyayönlü mövqe tutduğuna da inanmır.

Peskov ABŞ-nın BMT-dən çıxmaq niyyətində olduğu iddialarına dair məlumatları ayrıca şərh edib. Onun sözlərinə görə, Kreml hələlik bu təşəbbüsün təfərrüatlarını bilmir. O, əlavə edib ki, BMT-nin öz qüsurları var, lakin onun əvəzedicisi və ya alternativi yoxdur.

Bundan əlavə, Putinin mətbuat katibi bəyan edib ki, “xüsusi əməliyyat” adlandırılan əməliyyatın nəticələrini yekunlaşdırmaq hələ tezdir. “Rusiya Federasiyasının Prezidenti tərəfindən qarşıya qoyduğu bütün məqsədlərə çatmaq lazımdır”, - o əlavə edib.

Kreml ABŞ hakimiyyətinin Ukrayna rəhbərliyinə qarşı emosional bəyanatlarını Kiyevin “sülhün bərqərar olması ilə məşğul olmaq istəməməsi” ilə əlaqələndirib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər