Narkotik qaçaqmalçısı olan futbolçu apellyasiya şikayəti verib
Tarix: 29-02-2024 20:18 | Bölmə: İdman
Narkotik qaçaqmalçısı olan futbolçu apellyasiya şikayəti verib

Narkotik qaçaqmalçılığına görə qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilmiş Moskvanın "Spartak" futbol klubunun hollandiyalı hücumçusu Kvinsi Promes apellyasiya şikayəti verib. Amsterdam Apellyasiya Məhkəməsi K. Promesin apellyasiya şikayəti verdiyini təsdiqləyib.

Reyting.az
TASS-a istinadla bildirir ki, qurumun mətbuat katibi Melissa Zeylstra belə bir müraciət aldıqlarını təsdiqləsə də, məhkəmə prosesinin keçiriləcəyi tarixin hələ təyin edilmədiyini deyib.

Onun sözlərinə görə, prosesin başlanması bir müddət uzana bilər.

Xatırladaq ki, fevralın 14-də Amsterdam Rayon Məhkəməsi Promesi narkotik qaçaqmalçılığında təqsirli bilib və onu altı il müddətinə azadlıqdan məhrum edib. İttiham tərəfi futbolçunun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Promes isə iclasda iştirak etməyib. Daha sonra forvard beynəlxalq axtarışa verilib.

Qeyd edək ki, Promeslə bağlı daha bir iş də apellyasiya məhkəməsindədir - əmisi oğluna bıçaqla hücuma görə. 2023-cü il iyunun 19-da Amsterdam Rayon Məhkəməsi futbolçunu təqsirli bilib, onu bir il yarım müddətinə azadlıqdan məhrum edib və qohumuna təzminat ödəməsinə qərar verib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər