Güləşçilərimiz Bolqarıstanda daha 4 medal qazanıb
Tarix: 20-02-2022 18:28 | Bölmə: İdman
Güləşçilərimiz Bolqarıstanda daha 4 medal qazanıb

Bolqarıstanın Veliko Tırnova şəhərində güləş üzrə Dan Kolov – Nikola Petrov beynəlxalq turniri sona çatıb. Reyting.az xəbər verir ki, ənənəvi yarışın 5-ci günündə son beş sərbəst güləşçimiz mübarizəyə qoşulub.

Orxan Abasov (86 kq) 1/8 finalda gürcü Sandro Aminaşviliylə qarşılaşıb. Son saniyələrdə hakimlərin mübahisəli qərarları nəticəsində rəqib 9:7 hesablı qələbəyə sevinib. Sandro finala yüksəldiyi üçün Orxan təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Abasov yarışın son günündə bolqar Evelin Rusevə (11:0) və hindistanlı Sandep Sandepə (7:6) qalib gələrək bürünc medala iddiasını ortaya qoyub. Həlledici görüşdə moldovalı Denis Balauru (9:3) üstələyən Orxan bürünc medalı boynundan asıb.

Abubakr Abakarov (86 kq) təsnifat mərhələsində gürcü Qoqa Mamiauriyə qalib gəlib - 7:1. Yığmamızın üzvü 1/8 finalda əlcəzairli Fateh Benfercellahı vaxtından əvvəl xalçadan məyus yola salıb - 10:0. Gürcüstanın digər təmsilçisi Zaur Beradzeylə gərgin mübarizə şəraitində keçən görüşdən də qalib (4:3) ayrılan Abakarov yarımfinala yüksəlib. Abubakr hindistanlı Sanjet Sanjeti də məğlub (8:4) edərək finala vəsiqə qazanıb. Təmsilçimiz həlledici qarşılaşmada Aminaşviliylə qarşılaşıb və 7:0 hesabıyla qalib gələrək turnirin baş mükafatına yiyələnib.

Mübarizəyə 1/4 finaldan qoşulan İslam İlyasov (97 kq) belaruslu Aleksandr Xuştinə uduzub – 1:4.

Onunla eyni çəkidə çıxış edən Məhəmmədxan Məhəmmədov ilk mərhələdə gürcü İuza Tsertsvadzeyə heç bir şans tanımayıb - 11:2. Məhəmmədxan daha sonra belaruslu Vasili Pavluçenkaya tam üstünlüklə qalib gəlib - 15:4. Məhəmmədov yarımfinalda Xuştini “tuşe” ilə məğlubiyyətə uğradaraq adını finala yazdırıb. Məhəmmədxan həlledici görüşdə iranlı Meysam Abdiylə qarşılaşıb və rəqibini "tuşe"ylə məğlub edərək turnirin baş mükafatına yiyələnib.

Rahid Həmidli (125 kq) startda bolqar İslam Adizovdan güclü olub - 6:3. Həmyerlimiz 1/4 finalda Bolqarıstanın digər təmsilçisi Georgi İvanovu vaxtından əvvəl məğlub edib - 13:0. Rahid yarımfinalda finlandiyalı Yere Heyno ilə qarşılaşıb və rəqibinə 0:5 hesabıyla uduzaraq ümidini bürünc medala bağlayıb. Fevralın 20-də gürcü Solomon Manaşvili zədələndiyi üçün idmançımızla güləşməyib və Həmidli bürünc medala sahib çıxıb.(Matc.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər