Azərbaycanın ÜDM-də artım proqnozu yaxşılaşıb
Tarix: 07-12-2024 09:47 | Bölmə: İqtisadiyyat
Azərbaycanın ÜDM-də artım proqnozu yaxşılaşıb

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın 2024-cü il üçün ümumi daxili məhsulda (ÜDM) artım proqnozunu 4,5 faizə yüksəldib.

Reyting.az
xəbər verir ki, bu barədə beynəlxalq reytinq agentliyi məlumat yayıb.

“S&P” qeyd edir ki, bu il Azərbaycanın ÜDM-in artım tempi agentliyin cari ilin əvvəlində proqnozlaşdırdığı tempdən əhəmiyyətli dərəcədə yüksək olub.

"2024-cü ilin yanvar-oktyabr aylarında ÜDM artımı 4,9 faiz təşkil edib. Buna əsasən, biz cari ildə ölkənin ÜDM artım proqnozunu 2,5 faizdən (iyun proqnozu) 4,5 faizə qədər yenidən nəzərdən keçirmişik", - məlumatda vurğulanıb.

Agentlik bu il ÜDM-in nominal dəyərini 126 milyard manat (74 milyard ABŞ dolları) səviyyəsində proqnozlaşdırır.

Azərbaycanda iqtisadi artımın əsas drayveri 10 ay ərzində 6,8 faiz artmış qeyri-neft sektorudur.

"Yük və sərnişin daşımaları, informasiya-kommunikasiya xidmətləri və pərakəndə ticarət dövriyyəsi sahəsində daha yüksək göstəricilər bu artıma töhfə verib. Biz Qarabağ bölgəsinə investisiyaları əks etdirən tikinti sektorunda da müsbət dinamikanı qeyd edirik", - agentlik bildirib.(Report)




Bölməyə aid digər xəbərlər
6-12-2024, 08:23 ABŞ pulsuz qala bilər

bütün xəbərlər