Tarix: 25-05-2017 13:10 | Bölmə: İqtisadiyyat / Xəbərlər
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) "Bir pəncərə” İxraca Dəstək Mərkəzinin təqdimatı olub.
Reyting.az-a verilən məlumata görə, təqdimat zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bilidirib ki, Azexport portalının nəzdnində fəaliyyət göstərəcək "Bir pəncərə” İxraca Dəstək Mərkəzi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslərlə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibinə və imzalanmasına, habelə real vaxt rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə imkan verəcək. Beləliklə, daha az resurs sərf etməklə ixrac prosedurlarını daha sürətlə həyata keçirən sahibkarlar "Bir pəncərə” İxraca Dəstək Mərkəzinin imkanlarından yararlanacaqlar.
Hazırda "Bir pəncərə” İxraca Dəstək Mərkəzinə inteqrasiya olunan dövlət orqanlarının nümayəndələri xidmət mərkəzində fəaliyyət göstərərək, informasiya resursları ilə real vaxt rejimində məlumat mübadiləsinin təşkil edir.
"Bir pəncərə” İxraca Dəstək Mərkəzi aşağıdakı sertifikatların verilməsini təmin edəcək:
- ixrac edilən heyvanlara, heyvan mənşəli məhsullara və xammala beynəlxalq baytarlıq sertifikatının
- bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının
- Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı üçün keyfiyyət sertifikatının
- malın mənşə ölkəsini təsdiq edən sertifikatın
- kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün icazənin (sertifikatın)
- mədəni sərvətlərin ixracı üçün mədəni sərvətin mühafizə şəhadətnaməsinin
- dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və videomaterialların, malların (məmulatların) və dini məzmunlu başqa məlumat materiallarının ixracına razılıq verilməsini.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılov, İqtisadiyyat nazirinin müavini Sahil Babayev, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev, Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, İFC-nin Azərbaycan üzrə rəhbəri Aliyə Əzimova, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmmməd Musayev çıxışlar ediblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin "Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə yaradılan Rəqəmsal Ticarət Qovşağı həm də elektron pul kisəsi və elektron imzaların qarşılıqlı tanınmasını təmin etməklə sahibkarların xarici tərəfdaşlarla əlaqələrini daha da asanlaşdıracaq.
Tədbirin sonunda "Bir pəncərə” İxraca Dəstək Mərkəzi icraçı şirkət tərəfindən tədbir iştirakçılarına təqdim olunub.
Bölməyə aid digər xəbərlər