16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Tanrı bəndəsi - Azad Müzəffərli yazır
Tarix: 14-04-2022 22:43 | Bölmə: Azad MÜZƏFFƏRLİ
Tanrı bəndəsi

Azad MÜZƏFFƏRLİ
Əməkdar jurnalist


(Tanınmış tarixçi alim Kamil İbrahimovun əziz xatirəsinə)

Vergül-vergül yaşayırıq günləri,
Üç nöqtəyə daşıyırıq günləri...


Dostum, tanınmış şair, Əməkdar jurnalist Əli Nəcəfxanlının deyimidir. İş orasandadır ki, haqq dünyasına qovuşandan sonra heç də hamının ömür kitabının bu üç nöqtəsi zamanın sınağına sinə gərə bilmir. Tezliklə həmin nöqtələrdən yalnız biri qalır. Di gəl, elə Tanrı bəndələri var ki, onların ömür payından bu üç nöqtə qətiyyən əskilməz. Xatırlandıqca, xatırlanacaqlar... Düz bir il əvvəl mürdəşir COVİD-19-un naxələfliyi ucbatından qəfələtən bu dünyadan köç etmək məcburiyyətində qalan Kamil İbrahimov da belə soydaşlarımızdandır. Min rəhmət!!!

O, halal bir ocaqda, ziyalı ailəsində dünyaya göz açdı, 1962-ci il iyun ayının 8-də. Azərbaycanın görkəmli arxeoloqu, uzun müddət Bakı arxeoloji ekspedisiyasına rəhbərlik etmiş Fərhad İbrahimovun ailəsinin ilk övladı idi, bu nəsilə qucaq-qucaq sevinc bəxş eləmişdi. Həmin ailənin yeddi illik övlad həsrəti nəhayət ki bitmişdi. Hələ orta məktəb illərindən onun dərin intellektual potensiala malik olduğu bəlliydi, əla qiymətlərlə oxuyurdu. Artıq içdən gələn seçimini də etmişdi, atasının yolu ilə gedəcəkdi. Qədəmləri yer tutandan böyük həvəslə atası ilə birgə arxeoloji qazıntılara yollanardı. Qərarında israrlıydı, tarixçi olmaq istəyirdi. Bu ümdə arzusuna yetmək üçün 1979-cu ildə Şirvanşahlar Sarayı Dövlət Tarix-Memarlıq Qoruq Muzeyinin arxeoloji fondunda laborant kimi fəaliyyətə başladı. Məqsədyönlü idi, tezliklə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirərək bu elmin çığırlarına yön aldı. 1985-ci ildə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda elmi işçi kimi çalışmağa başladı, qısa müddətdə gecəli-gündüzlü alın təri hesabına sıravi elmi işçidən baş elmi işçi vəzifəsinə qədər yüksəldi.

Kamil İbrahimov əsl arxeoloqluğun zirvəsinə yolun arxeoloji ekspedisiyaların fəal üzvü kimi külünglə çarpışmaqdan keçdiyini məqamında zərgər dəqiqiliyi ilə dəyərləndirdi, bütün varlığı ilə Azərbaycanın, o cümlədən, dünyanın ən füsunkar meqapolislərindən biri olan Bakının qədimdən də qədim tarixinin sirlərini üzə çıxarmağa kökləndi. Liderlik fərasəti, yüksək mənəvi keyfiyyətləri və həyat yoluna zəhmətkeşliyi ilə yaşıl işıq yandırmaq bacarığı hesabına 2001-ci ildən 2007-ci ilə qədər Bakı arxeoloji ekspedisiyasına rəhbərlik etmək şərəfinə nail oldu. Atasının adına layiq oğul olduğunu əməldə sübut etdi, vaxtilə Fərhad İbrahimovun tutduğu bu vəzifəyə də yüksəldi. 20 ildən artıq müddətdə Bakı, Şamaxı, Gəncə, Şabran, Yenikənd və digər arxeoloji ekpedisiyalarda səyini əsirgəmədi. Xarici ölkələrdə beynəlxalq arxeoloji ekspedisiyaların tərkibində də müstəqil Azərbaycanı layiqincə təmsil etdi. Halallıqdan, yüksək intellektual potensialdan yoğrulmuş alın təri qətiyyən yerdə qalmaz. Beləcə, Kamil İbrahimov 2007-ci ildə Azərbaycan Beynəlxalq Ekoenergetika Akademiyasında “Bakı və Abşeronun arxeoloji xəritəsi və ekoarxeoloji problemləri” mövzusunda dissertasiyasını müdafiə edərək professor adına layiq görüldü. Onun Türkiyənin Akdeniz Universiteti və İstanbul Piri Reis Universitetinin də professoru mərtəbəsinə yüksəlməsi tarix elminin azman fədailərindən biri olması reallığına dəlalət edir.



Bu dəyərli soydaşımız Azərbaycan tarix elminə, türk dünyasına həsəd aparılacaq elmi irs yadigar qoyub. O, 10 kitab, 100-dən çox elmi əsər, 100-ə qədər jurnal və qəzet məqaləsinin müəllifi, eləcə də, 12 kitabın elmi redaktorudur. Vətənini beynəlxalq elmi konfrans və digər mötəbər tədbirlərdə layiqincə təmsil edib. Onun tutduğu müxtəlif vəzifələr, ən əsası bu vəzifələrin əksəriyyətində eyni vaxtda çalışması, çoxşaxəli və titanik fəaliyyəti Azərbaycan insanın intellektual potensialının sərhədsizliyinin əyani nümunəsidir. Təsəvvür edin, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində sektor müdiri, Qala Tarix-Etnoqrafiya Qoruğunda direktor müavini, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin elmi işçisi, BDU-nun Tarix fakültəsinin müəllimi, Azərbaycan Beynəlxalq Ekoenergetika Akademiyasında “Elmi və ekoarxeoloji tədqiqatlar” mərkəzi və Bakı arxeoloji ekspedisiyasının rəhbəri, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komitəsinin tarix və siyasi elmlər üzrə ekspert şurasının üzvü kimi mühüm vəzifələrdə çalışmaqla yanaşı Kamil İbrahimov Türk Tarix Qurumu, Almaniya-Azərbaycan Cəmiyyəti, Beynəlxalq Muzeylər Şurası(İCOM), Yarat Müasir İncəsənət Məkanı İctimai Birliyi, Miras İctimai Birliyi, Simurq Assosiasiyası və AAK-ın “Tarix, insan, cəmiyyət” elmi jurnalının redaksiya heyətinin üzvü kimi də yoruldum demədən gecəli-gündüzlü zəhmətə qatlaşıb.

Kamil İbrahimov tələbələrinin də sevimlisi idi, onu doğmaları sanırdılar. O, sadəcə onların müəllimi deyildi, tarix elminin zirvələrini fəth etmiş canlı nümunə, tələbələrini dərin elmi axtarışlara kökləyən fədakar pedaqoq idi. Bakı Dövlət Universitetinin tarix fakültəsinin arxeologiya və etnoqrafiya kafedrasının say-seçmə müəllimlərindən biri kimi dərslərini dual üslübda keçərdi, uzun müddət arxeoloji ekspedisiyalarda çalışması sayəsində nəzəriyyə ilə praktikanı üzvi şəkildə uzlaşdırardı. Mənəviyyat nuru qanında, canındaydı, iliklərinə qədər sanballı türk oğlu türk idi. Yüksək insani keyfiyyətləri və elm fədaisi kimi türk birliyinin möhkəmlənməsində də Kamil İbrahimovun mühüm payı var. Türkiyə Azərbaycanla eyni səviyyədə onun iç dünyasının, bağrı və əqlinin zirvəsində yer tuturdu. Türkiyə türkləri də bu saf və nurlu alimi qədərincə dəyərləndirir, tez-tez qardaş ölkənin ən nüfuzlu elm ocaqlarında müxtəlif mövzularda kurs və mühazirələrə, beynəlxalq səviyyəli tədbirlərə dəvət edirdilər.

Bu möhtəşəm alimin zəngin fəaliyyəti qədərincə dəyərini aldı, Azərbaycanın və xeyli ölkənin ən nüfuzlu elm ocaqlarının diplom, fəxri fərman və digər mükafatları ilə təltif olundu. 2018-ci il may ayının 18-də isə qüruru köksünə belə sığmırdı, sevinci göylərə bülənd olmuşdu. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülməsi ona bir dünya bəxş etmişdi. Hədsiz dərəcədə xoşbəxt idi, o, bunu mənalı ömür kitabının ən yaddaqalan səhifələrindən biri sayırdı.

Kamil İbrahimovun cəmiyyətdə olduğu kimi ailəsində əvəzolunmaz yeri vardı. Ailəcanlıydı, əzizlərindən ötəri özünü oda-közə yaxardı. Həyat yoldaşı İlhamə İbrahimova ilə birgə balalarının Vətənə layiqli övlad kimi yetişməsi üçün can qoymuşdular. Onların yüksək təhsil almalarına məxsusi önəm verirdilər. Övladları Tural və Nicat da valideynlərinin ümidini doğruldaraq əsl türk balası kimi səylərini əsirgəmədilər. Böyük oğlu Tural Şimali Kipr Türk Respublikasında ali təhsilini artıq başa vurub, kiçik oğlu Nicat isə həmin ölkədə ali təhsilini davam etdirir. Kamil İbrahimovun ocağının bu yaxınlarda daha bir körpə qığıltısına – Tanrının ən müqəddəs nəğməsinə bələnməsi onun ruhunu təbii ki olmazın şad eləyib. O, nəinki doğmaca nəslinin, bütün varlığı ilə öyündüyü Vətəninin başını uca edən əsl VƏTƏNDAŞ kimi bunu haqq edir.

İç dünyası onun səsinə də birə-bir yansımışdı. O danışanda müsahibinin ruhu dincələrdi. Dinləməyi də qədərincə bacarandı. Mənəviyyat dəryasıydı, dostluqda da sədaqətliydi. Qaynar həyat yaşadı. Sözü ilə əməli tən gələn kəslərdən idi. Təvazökarlıq nümunəsiydi. Həyatın acılarına da layiqincə duruş gətirmək qüdrətindəydi. Əzizlərini itirəndə yanıb-yaxılsa da, qamətini şax tutmağı bacardı. Biri var sadəcə tərbiyəli olmaq, biri də var mərifət sahibi mərtəbəsinə yüksəlmək. Kamil İbrahimov həmin baxımdan da zəngin biri idi, bu həm də onun soykökündən, əsil-nəcabətindən irəli gələn xüsusiyyəti idi. Təfəkkür və təxəyyül imkanları da həsəd doğururdu. Alimlərin məhz elmi ilə insanlığı tən gələndə dəyəri ölçüyəgəlməz olur. Həyatdan vaxtsız köçən Kamil İbrahimovun nəinki əzizlərinin, o cümlədən, onu tanıyanların hər birinin daxili dünyasında özünə heykəl ucaltması, dönə-dönə xatırlanması da elə bu danılmaz məntiqdən qaynaqlanır. Hamı bütün varlığı ilə ona o dünyadakı yerinin cənnətməkan olmasını sidqi qəlbdən arzulayır.



Vaxtsız olsa da, amma Kamil İbrahimov xoşbəxtlər xoşbəxti kimi köçdü bu dünyadan. Gözlərini əbədi yummaq ərəfəsində doğma Qarabağımızın yağı düşməndən azad edilməsinin canlı şahidlərindən oldu. Tanrı ən dəyərli bəndələrindən biri kimi bu möhtəşəm qürur hissini ona halal bildi. Vətənpərvərlikdən yoğrulmuş köksü dağa döndü. Tarixçi üçün Vətəninin işğaldan qurtulması nə deməkdir, yəqinki bu barədə əlavə bircə kəlmə kəsmək belə artıqdır. Yaşadıqlarını tamlığı ilə sözə çevirə bilməsə də, amma bu məqamda onun 2020-ci ilin sonunda - Dünya Azərbaycanlılarının Beynəlxalq Həmrəyliyi Günündə sosial şəbəkədəki paylaşımı (səhv etmirəmsə, bu həm də onun sosial şəbəkədə sonuncu paylaşımı oldu) ilə Sizləri başbaşa buraxmaq istərdim: ... Koronaviruslu 2020-ci ili heç bəyənmədik. Hətta deyinərək ömrümüzdən saymayacağımızı dedik. Pandemiyanın planlarımıza əngəl olmasından şikayətləndik. Bu il hər kəs nə isə itirdi. Dostunu, əzizini, malını, pulunu, biznesini və daha nələr... Amma bir tərəfdən də həyatımızın ən gözəl, ən dəyərli ili oldu 2020... Ən Yeni Tarix yazıldı bu il... Vətənimizin şərəf tarixi, namus, qeyrət tarixi... Torpaqlarımız işğaldan azad olundu!!! 30 ildir ki, itirdiyimiz torpaqlar geri qayıtdı... Milli, şanlı ordumuzla, öz sözünü mərdliyi, rəşadəti, cəsurluğu ilə deyən əsgərlərimizlə qürur duyuruq. Çunki, şərəfimiz, qürurumuz, heysiyyətimiz yeniləndi. ALLAH canını vətən yolunda qoyan şəhidlərimizə rəhmət eyləsin. Onların ruhları şad, məkanları cənnət olsun... Onların valideynlərinə səbir diləyirəm. Bu şərəfli gənclər həm də bizim övladlarımızdir... Hər kəs bu gün Prezidenti və milləti ilə qürür duyur. Yeni təqvim ilin mübarək Azərbaycan!!! Yaşa xalqım, millətim!!! Var olun dostlar... Hamınızı təbrik edirəm...Dünya azərbaycanlılarının həmrəylik günü mübarək olsun...

Kamil İbrahimov bu millətə say-seçmə dahilər bəxş edən ulu Şirvan diyarında – Şamaxıda dəfn olunub, dədə-baba yurdunda. Şəksiz, yeri cənnətməkandır. Təkcə əzizlərinin deyil, cəmi millətinin alqışını, dualarını haqq edənlər Tanrı bəndəsi ucalığına yüksəlirlər, cənnətin qapıları onların üzünə taybatay açıq olur. Yenicə dünyaya gələn nəvəsinin qığıltısı və artıq dil açan əvvəlki nəvəsinin avazı isə ona Ulu Yaradanın əvəzsiz layla payıdır. Yerin behişt olsun, əziz dost, Tanrı bəndəsi!!!

Müəllifin bütün yazıları - Azad MÜZƏFFƏRLİ



Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}