16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
Xəzərin xeyir-duası - Azad Müzəffərli yazır
Tarix: 13-06-2020 16:50 | Bölmə: Azad MÜZƏFFƏRLİ
Xəzərin xeyir-duası
(hekayə)


Xəzər dəli-dolu dalğalarını birtəhər yuxuya versə də, amma dinclik tapa bilmirdi, səbrini güclə basırdı. Nəzərlərini dənizkənarı parkda gəzişən sakinlərdən iki qadına zilləmişdi. Düşünürdü ki, kaş, Tanrının rəhmi gələ, duaları heç olmasa bu gün çin ola. Dənizdən əsən xəfif meh sahilə sığal çəkirdi. İynə atsaydın bulvarda yerə düşməzdi. İnsanlar qarışqa seli kimi qaynaşırdı. Sakinlərin xeylisi Xəzərə doğmaydı, onu yaddan çıxarmırdılar, tez-tez sahilində gəzintiyə gələrdilər. O da çoxusuna kifayət qədər dərindən bələddi, o cümlədən, bayaqdan baxışlarını bir an da olsun ayırmadığı Nərgiz və Nisəyə. Nədənsə, çox istəyirdi ki, kaş, bu gün onlar görüşəydilər. Dəfələrlə eyni vaxtda dənizkənarı parkda gəzintiyə çıxsalar da, di gəl, yolları bircə dəfə də olsun kəsişməmişdi.

Nərgiz xoşbəxtlər xoşbəxti idi. Bundan Xəzərə də bolluca pay düşərdi, saatlarla onu könüldolusu seyr etməkdən doymazdı. Nərgizin ona qəlbən bağlı olduğundan xəbərdardı, insanların iç dünyasını oxumaqda tayı-bərabəri yoxdu. Yaxşı bilirdi ki, həmin xanım-xatun qadın xeyirxahlıqdan yoğrulub. Xoşməramlılıqda ondan geri qalmayan Nisə isə taleyindən narazıydı, bu boyda gen dünyada özünə yer tapa bilmirdi, ruhi sarsıntılar ona aman vermirdi. Tez-tez Xəzərə qonaq gəlməsi də elə bitib-tükənməyən narahatlığından qaynaqlanırdı. Burada bir neçə saatlığa da olsa, kəskin ehtiyac duyduğu sakitliyə qovuşardı. Xəzərin onların yolunun kəsişməsini istəməsi isə Nərgizin mütləq Nisəyə mənəvi yardımçı olacağına əminliyindən irəli gəlirdi. İş orasındaydı ki, indiki dəqiqələrdə dənizin sahili boyunca bir-birinə sarı irəliləyən bu iki xanım orta məktəbdə düz on il eyni partanı bölüşmüşdülər. Təbii ki, Xəzərin bunu təxmin etməsi istisnaydı. Sadəcə, onun xoş niyyəti köksünə sığmayan paklığından irəli gəlirdi. Çalxalandıqca daha da arınıb-durulardı.

Xəzər özünü qabağa verməsəydi az qala Nərgizlə Nisə kəllə-kəlləyə gələcəkdilər. Hər ikisi gözünü ondan ayırmadan xəyallar aləmində var-gəldəydilər. Dəniz qəfil sərin mehi ilə onları “şapalaqlayanda” artıq burun-burunaydılar. Əvvəlcə karıxıb üzrxahlıq etmək istəsələr də, anındaca biri-birini tanıdılar. Sarmaşdılar. Xəzər də var gücüylə onları bağrına basdı. Xeyli müddət dilləri söz tutmadı. Vaxtilə ibtidai sinif müəllimləri onları bir partada oturdmuşdusa, bu dəfə həmin rolda Xəzərdi. Fürsəti fövtə verməyərək Nərgizin təklifi ilə tezcənə özlərini bir addımlıqdakı kafeyə çatdırdılar, dondurma sifariş elədilər. Ürəkləri doluydu.

- Nə gözəl təsadüf, yaman darıxmışdım sənin üçün...

- Bəs, məni demirsən, səndən ötrü lap burnumun ucu göynəyirdi...

- Axırıncı dəfə sənin toyunda görüşdüyümüzdür, necəsən, nə yenilik? - Nisə mehribancasına soruşdu. – Övladların yəqinki məktəbə gedirlər?

- Hə, Nisəcan... Bildiyin kimi, ailəliyəm, həyat yoldaşımın özəl uşaq bağçasında psixoloq işləyirəm, Allaha şükür, babat dolanırıq, şikayətimiz yoxdur... Üç övladım var - iki qız, bir oğlan, hamısı məktəbə gedirlər... Sən necə, ailə qurmusan, bəs, belədirsə məni niyə toyuna çağırmadın, hə, cavab ver görüm?

- Nərgiz, əzizim, təəssüf ki, subayam... Kasıb ailədən olduğumdanmı, ya da başqa nədənsə mənimki bu məsələdə gətirmədi... Bəxtim açılmadı ki, açılmadı... Bu da mənə olmazın mənəvi əzablar verir, təkliyi kimsəyə arzulamıram... Başqa nə deyim ki?

- Nisə, heyif, çox heyif, sən həmişə sinfimizin gözü olmusan. Eşitmişdim, institutda da sayılıb-seçilən tələbələrdən biriydin... Sən yüksək mənəvi keyfiyyətlərə malik, namuslu, olduqca savadlı xanımsan, təəssüf... Düz sözümdür, eşitdiklərimə inanmağım gəlmir, sən səadətə layiq qadınsan. İnşallah, hələ qırxa xeyli var, darıxma... İşləyirsən?

- Hə, iqtisadçıyam, dövlət qurumunda çalışıram. Amma iş orasındadır ki, bu məslədə də mənimki düz gətirmir. Məvacibim çox azdır, ayın başına yetmir. Sağ olsun qardaşım, imkanı daxilində yardımını əsirgəmir. Ailəsi böyükdür, ona yük olmaq da məni qırır... İstəməzdim sənə narahatlıq yaradım, amma düzünü demək məcburiyyətindəyəm, mənəvi sarsıntılar içində boğuluram... Az qala ruhi xəstəyəm...

- Nisəcan, bunları eşitmək mənim üçün həqiqətən də çox ağırdır... Amma yaddan çıxarma ki, bacın ölməyib. Mən həm də psixoloqam. Sona qədər sənin arxandayam... Bunu unutmaq olarmı, axı, biz düz on il eyni parta arxasında oturmuşuq, yaxın rəfiqə olmuşuq... Nə olsun ki, sonradan həyat bizi ayrı-ayrı sahillərə atıb?

- Hədsiz dərəcədə minnətdaram, bacı can, sənin indiki xoşbəxtliyin mənə yetər. Qətiyyən narahat olma, artıq mən belə həyata vərdiş eləmişəm...

- Yox, belə davam edə bilməz... Hər şey yaxşı olacaq, özün də bilirsən, mən dediyimdən dönən deyiləm... Bugünkü görüşümüz də bir qismətdir, Tanrının məsləhəti... Hə, inan, elə indicə ağlıma yaxşı bir fikir gəldi... Can-ciyər, de görüm, məzuniyyətə nə vaxt çıxacaqsan?

- Necə bəyəm, üzümüzə gələn həftə...

- Deməli, belə... Bu dəqiqədən etibarən sənin bacına “yox” demək haqqın yoxdur, - Nərgiz Nisəyə dostyana göz basdı. - Danışdıq...

- Sən belə məsləhət bilirsənsə, mənim ağzım nədir? - Nisə də çiyinlərini yığaraq eyni eyhamla rəfiqəsinə qahmar çıxdı.

- Hə, elə indicə həyat yoldaşıma deyəcəm, maşın yollasın. Dondurmamızı nuş eləyib, gedirik mənim dərzimin yanına, bütün xərclər də mənlikdir, sənə qəşəng paltarlar sifariş verəcəm...

- Nərgiz, çox sağ ol, inan, elə bir ehtiyacım yoxdu paltara, vallah düzünü deyirəm, az-çox hər şey varımdı...

- Bir az səbrin olsun, söhbət sən deyən paltarlardan getmir, tələsmə, sonra biləcəksən. Bu həna sən dediyin hənadan deyil, canım mənim. Bir də ki, indicə söz verdin, deməli bütün “əmrlərə müntəzir olmalısan”...

- Məni fakt qarşısında qoydunuz, möhtərəm xanım, buyurun qulluğunuzda hazıram, - deyə Nisə də zarafatından qalmadı.

- Elədirsə, onda məni diqqətlə dinlə... Bilirəm, həkimlər sənin kimi psixoloji gərginliyi olanlara ilk növbədə iş yerini dəyişməyi məsləhət görürlər... Amma mən sənə tam başqa variant təklif edəcəm, əslində çoxdan ağlıma batıb...

- Buyur, qulağım səndədir...

- Canım, dediyim kimi, ərimin özəl uşaq bağçası var, digər obyektlərimiz də babat gəlir gətirir... Boynuma alıram, bizi varlı saymaq olar, şükür, amma ailəmizin xoşbəxtliyində məncə məhz uşaq bağçasında işləməyimiz həlledici rol oynayır... Bilirsən, illərdi fikir vermişəm, uşaq bağçalarında bir paklıq, Tanrı nuru var, buranın energetikası ələdüşməzdir...

- Düzdü, elə uşaqların özü Tanrı payıdır, bunda nəsə sirli bir fəlsəfə var...

Nisənin içdən udqunması Nərgizin gözündən yayınmadı. Rəfiqəsi yenidən bədbinliyə qapılmasın deyə Nərgiz tez özünü ələ aldı, birbaşa mətləbə keçdi.

- Nisə, qadasın alım, gəl, sən mənim sözümə bax, məzuniyyətini bizim bağçada keçir... İnanıram, məni qırmayacaqsan, olacaqsan bizim bağçanın yeni sakini, özü də yuxarı yaş qrupunda... Onlar gün ərzində necə, sən də elə... Bir sözlə, təxminən, bir aylığa, lazım gələrsə, lap iki aylığa uşaqlığı boynuna götürməlisən... Nəticəsini özün görəcəksən... Nə deyirsən, dost?

- Bacı can, məni yaman yerdə yaxladın, düzü çaşqınlıq içindəyəm, - deyə Nisə çiyinlərini çəkdi. - Yenə də sən bilən məsləhətdi, bir də ki, bayaq təşəbbüs haqqını mən sənə güzəştə getdim deyəsən, axı...

- Halal olsun, etibara görə çox sağ ol. Səndən sadəcə bizim bağçada olacağın müddətdə uşaqlığın ləzzətini çıxarmaq “tələb olunur”, vəssalam...

- Minnətdaram, düzü bu təklif ürəyimcə oldu, ötən müddətdə yeganə təskinlik tapdığım yer Xəzərin qoynu idi, indi birini də sən mənə bəxş elədin... Görək, nə alınacaq?

- İçimdə qəribə bir inam var, əminəm, nəticə mən gözlədiyimi də üstələyəcək... Nisə can, Xəzərlə bağlı da yaman dedin, bu dənizin tayı-bərabəri yoxdu, o, çoxlarının təmənnasız dostudur, öz timsalımda bunun şahidiyəm... Yaxşı, danışdıq, məzuniyyətə çıxan günü bizim qonağımızsan. Narahat olma, axşamı da bağçada gecələyəcəksən, orada hərtərəfli şərait var. Bəzən darıxanda biz özümüz də gecəni orada keçiririk... Hə, de görüm, şahzadə xanımlara layiq istirahətə hazırsanmı?

- Əlbəttə, mən eksperimentə hazır, - Nisə gülərüzlə sağ əlini hərbiçilər sayağı gicgahına pərçimlədi.

Eşitdiklərindən vəcdə gələn Xəzər imkanı olsaydı, dünyanı bu rəfiqələrə bəxş edərdi. Gücü, mülayim mehi ilə onlara sığal çəkməyə yetdi. Şadlıqları kökslərinə sığmayan Nərgizlə Nisə isə əl-ələ verərək əkiz bacılar təkin dərzinin yanına tələsdilər.

Şərtləşdikləri kimi Nisə məzuniyyətinin ilk günü uşaq bağçasına gəldi. Nərgiz dalınca maşın göndərmişdi. Nisə bağçanı çox xoşladı. Hələm-hələm bağçalardan deyildi, necə lazımdı maya qoyulmuşdu. Sanki nağıllar aləminə düşürdün. Nərgiz rəfiqəsinə növbəti sevinci yaşatdı. Ona Barbi kuklalarının donuna bənzər geyimlər tikdirmiş, rahat ayaqqabılar almışdı. Nisənin də boyu maşallah ucaydı demənə yeni paltarları ona yamanca yaraşırdı.

- Hə, bu gündən sən olursan, buradakı körpələrin canlı Barbisi, necədir, sənin üçün? İndi bildin, o gün səni öz dərzimin yanına elə-belə aparmamışdım, ha...

- Əla, sənin tayın-bərabərin yoxdu, bacı can, Tanrı qat-qat əvəzini versin...

- Haydı, qoşul öz qrupuna, Yaqut xanım müəlliməndir, tanış ol, sonra da həkim müayinəsinə və dalınca səhər gimnastikasına.

- Oldu, komandir, əmrinizə müntəzirəm, - Nisə də zarafatından qalmadı. Doyunca gülüşdülər.

Nisə bağçadakı uşaqlara tez isinişdi, müəllimlər də ona qayğıkeşliklə yanaşırdılar. Səhər yeməyi lap ləzzət elədi. Nisə südlü sıyığı gözünə təpdi. Pendirlə qayğanağı da ağzını marçıldada-marçıldada içəri ötürdü. Üstündən də kəmşirin çayı nuş elədi. Sonra məşğələlərə qatıldı. Gün ərzində bağça rejiminin nəbzini tutmağa çalışdı. Beləcə ömrünün ən xoşbəxt günlərindən birini yaşadı.

Sanki dünyaya yenicə gəlmişdi; dərd-sərdən uzaqdı, pul-paranın əlində girinc deyildi, üst-başı çiçək kimi, hamı qayğısını çəkir, hər bir istəyinə həssaslıqla yanaşırdılar, çeşidbəçeşid oyuncaqların əhatəsindəydi. Onun üçün məxsusi quraşdırılan çarpayısı da özgə bir aləmdi. Ələxüsus da, gecələr elə bil ulduzların bərq vurduğu göy üzündə uçan xalçada gözünün çimirini alırdı. Bircə yatacağı ayrıca otaqdaydı, qalan vaxtı öz qruplarındakı uşaqlarla birgəydi. Görmədiyi günlərin həzzini çıxarırdı. Təkcə qruplarının deyil, bütün bağçadakı uşaqların sevimli Barbisinə çevrilmişdi. Xüsusilə körpələrin ondan ötəri burnunun ucu göynəyərdi. Tez-tez onu qonaq dəvət edərdilər. Qatar-qatar, gizlənqaç, gözbağlayıcı və digər oyunlar ona olmazın sevinc yaşadardı. Gimnastika və rəqsə də ürəklə qoşulardı. İkiyə bölünmüş, müxtəlif şəkillərlə bəzədilmiş karton parçalarının digər tayını müəyyənləşdirmək kimi məntiq məşğələlərində əksər hallarda əl boyda körpələrin onu qabaqlamasına ağzıaçıla tamaşa edərdi. Rəsm məşğələlərindən ötəri az qala ürəyi gedə. Plastilinlə müxtəlif fiqurlar düzəltmək də çox xoşuna gələrdi. Ha çalışsa da, axırda balacaların əl işlərini alqışlamaq məcburiyyətində qalardı. Yeməklərə də söz ola bilməzdi, bir-birindən tamlı, mədəsi də istirahətdəydi. Gün ərzində beş dəfə qidalanardılar, növbənöv meyvələr də öz yerində. Bağçanın həyətindəki gəzintiləri, şəhərə ekskursiyaları mənalı bir ömrə bərabər təəssürat doğurardı. Hər gün günorta düz saat ikinin yarısında yatağa uzanar, dördə on dəqiqə işləyənə qədər gözlərinin çimirini alardılar. Sən demə, hamının arzusunda olduğu o cənnət, elə uşaq dünyası, uşaq bağçasıymış...

Xəzər səksəkədəydi. Ötən bir ayda sahilinə sığmırdı, nəzərlərini dənizkənarı parkdan ayırmamışdı. Nərgizlə Nisədən xoş bir sorağın intizarındaydı. Gözləri yol çəkirdi. Sən demə, Nisənin xeyir-duası elə onluqmuş.

Məzuniyyəti başa çatdığından səhər işə gedəsiydi deyə Nisə Nərgizgilin uşaq bağçasından günortadan sonra ayrıldı. Bütün kollektiv pişvazına çıxmışdı. Balacalar Barbidən ayrılmaq istəmirdilər, gözyaşları selə dönmüşdü. Nisəlik olsaydı, qətiyyən buradan kənara bir addım da atmazdı. Əlacsızdı, amansız həyatla yenə də gözbəgözdü. Söz verdi ki, heç olmasa həftədə bir dəfə onlara baş çəkəcək.

Bağçadan ayrılası içindən Bakını ələk-vələk eləmək istəyi keçdi. İlk növbədə Xəzərə sarı üz tutdu. Bunu həm də mənəvi borcu bildi. Heç cür yaddan çıxara bilməzdi, ən çətin anlarında Xəzər onu didib-parçalayan sarsıntılarını tən bölmüşdü, mənəvi yaralarına məlhəm olmuşdu. Nisə körpələrə xas şıltaqlıqla lap bağça uşaqları kimi yeriyirdi. Araz aşığından, Kür topuğundan idi. Çöhrəsi də nur saçırdı. Əvvəlcə özünü yaxınlıqdakı ayaqqabı dükanına verdi. Bağçadan əynində Barbinin ən yaraşıqlı donlarından birinə bənzər paltarla ayrılmışdı. Həmin dona bab uzundaban ayaqqabılardan birini seçdi, Barbinin üslubunda. Füsunkar görkəmi ətrafdakıların diqqətindən yayına bilməzdi, əksəriyyətin gözü bu baməzə “qızcığaz”daydı. O isə Xəzəri bağrına basmağa tələsirdi, kimsə umurunda deyildi. İllərlə onu tanıyanlar bu mənzərə ilə qarşılaşsaydılar, şahidi olduqlarına ən azı şəkk gətirərdilər. Bulvara qədəmini qoymağı ilə Nisə babat avazını də işə saldı, dodaqaltı zümzüməyə keçdi. Xəzər gözlərini ovxaladı, yanılmamışdı bu həqiqətən Nisəydi. Bahar çiçəklərinə bələnmiş çəmənliyi andıran çöhrəsi ilə şux görkəmi, şıq geyimi həmahəngdi. Xəzərin də bağrı nura bələndi, Günəşin qızılı şəfəqləri sinəsində bərq vururdu.

Nisə Xəzərlə sahildəcə cici-bacılar kimi qeybət qırdığından kiminsə bir addımlıqdan onu diqqətlə süzdüyünü sezmirdi. Bu, Aydın idi - Nisənin keçmiş iş yoldaşı. Sanki cizgi filminə tamaşa edirdi, qarşısındakının doğurdanmı Barbi cildinə bələnmiş Nisə olduğunu ciddi-cəhdlə ayırd eləməyə çalışırdı. Xeyli düşünüb-daşınandan sonra fikrində qətiləşdi, yanıla bilməzdi; iki ilə yaxın eyni qurumda çalışdıqları əyyamda bu qızda gözü olmuşdu.

- Nisə, bu sənsən?

Qəfil səsdən diksinən Nisə ona sarı yönəldi. O ilk baxışdaca Aydını tanıdı. Hər ikisinin gözlərindən eynilə birgə çalışdıqları vaxtlardakı qığılcımlar saçıldı.

- Aydın... Sən hara, buralar hara? Axı, sən Rusiyada biznes imperiyası qurmuş məşhur iş adamısan, nə əcəb bizləri – bu fağır-füqəranı yada salmısan?

Aydınsa başqa haydaydı, səbrini basa bilmədi, birbaşa mətləbə keçdi:

- Nisə, mən anladığımdan sən deyəsən hələ də subaysan, elədirmi? Xahiş eləyirəm, dillən, bağrım çatladı?

Ona bu kəsmə sual uşaq bağçasına ayaq basmamışdan əvvəl verilsəydi, indi yəqinki çöhrəsi lalə rəngi alar, dili-dodağı tutulardı. Amma Nisə artıq o Nisə deyildi, həyat eşqi fışqıran dəlisov qızcığazın birisiydi.

- Hə, ey vəfasız, o vaxt qismətimi də çırpışdırıb özünlə apardın Rusyata... Səndən sonra kimsə mənə sarı heç boylanmadı da... Sən necə, yəqinki, indiyə subay qalmazsan, bəlkə də, neçə-neçə hərəmxanan var, düzünü de?

- Nisə, yanılırsan, inan, mən hələ də subayam. Deməli Tanrının yazısı beləymiş, bizim ulduzlarımız indi barışasıymış... Hava limanından birbaşa bura Xəzərin görüşünə gəldim, neçə vaxtdı içimdən yaman keçirdi... İndi anladım, sən demə bu tam başqa sevdaymış, şükür Tanrının kəramətinə... Xeyli vaxtdır Vətənə dönməyə qərar vermişəm, biznesimi buradan idarə eləyəcəyəm, bax, artıq Bakıdayam, burnumun ucunu göynədən doğma diyarda... Hə, indi sözün nədir, əgər razısansa, birnəfəsə keçirik bulvarla üzbəüz say-seçmə zərgərlik mağazalarından birinə və nişan üzüklərimizi seçirik... İstəyirsən, lap qərblilər kimi dizimi yerə atıb səndən cavab gözləyim, dillənsənə, bağrımı çatlatma?

- Sənə bu da azdır, gör, ömrümün neçə ilini bada vermisən, ay insafsız? – Ələdüşməz fürsəti fövtə verməyərək bir az da naz satan Nisə aramla davam elədi. - Yaxşı, daha sənsən də, amma bircə şərtim var?

- Necə, şərtin var, nədi o elə?

- İlk növbədə, boynuma alıram, özün də yaxşı bilirsən ki, mən də sənə qarşı biganə deyiləm. Bu öz yerində... Şərt məsələsinə gəldikdə isə bu, yarı ciddi-yarı da zarafatdır. Xahiş eləyirəm anlaşıqlı qarşılayasan, səbrim çatmadığından sənə ərk eləyirəm. Özəl uşaq bağçası ilə bağlı layihəm var, detallarını sonra söhbət edərik, mümkünsə, sərmayəsi sənlikdir... Bunu mənə hədiyyə eləsən, elə indicə yüyürə-yüyürə yan alarıq sən dediyin mağazalardan birinə... Məni başa düş, bundan sonra uşaq bağçasız yaşamaq mənlik deyil, ruhuma yerləşib, özüm də olacam oranın daimi sakinlərindən biri... – deyə Nisə şaqraq gülüşünü başına atdı.

- İndi yekun qərar sənlikdi, razısan, pulun var?

- Var, var, razıyam özü də dördəlli. Nəinki bir uşaq bağçası, uşaq bağçaları şəbəkəsi sənə qurbandır...

- Pulun var, gələrəm...

- Bilirəm, gələrsən...

- Belə, belə yarımsan...

- Belə, belə canımsan...

Sarmaşıq təkin bir-birinə sarıldılar, gülüşləri şahə qalxdı. Tezcənə də əl-ələ verib şərtləşdikləri istiqamətə götürüldülər. Köksü sinəsinə sığmayan Xəzər onlara bütün varlığı ilə əl elədi. Onlar da həmin nəhrin bu xoşməramlı jestinə biganə qalmadılar, qanrılaraq öpücüklər göndərdilər. Nisənin telefonuna zəng gəldi, Nərgizdəndi.

- Nisə, canım mənim, ayrılmağımızdan cəmi bir neçə saat ötsə də, lap darıxdım sənin üçün. Bəlkə, gəlim evdən səni götürüm, yenə Xəzərə baş çəkək, istəsən dondurma da yeyərik, qonaqlıq da mənlikdi...

- Nərgiz, qadasın aldığım, mən elə buradayam, indilərdə nişan məclisim olacaq, üzükləri seçməyə gedirik. Elə mənə də şahid lazımdı, bunu təkcənə Xəzərə yükləmək istəməzdim, məndən ötrü illərdi olmazın iztirablara qatlaşıb, insafsızlıq mənlik deyil... Tez özünü yetir, söz verirəm, səni nişanlımla da tanış edəcəm, üstəlik bu dəfə qonaqlıq da bizlikdi...

- Can, can...

- Hələ bu harasıdır, qat təzə bomba layihəm var. Boyunuma alıram, əl altından sənin ideyanı çırpışdırmışam, bir az da cilalamaq fikrim var. Yeni uşaq bağçaları şəbəkəsi yaradacam, məni kimi ruhi sarsıntı içində olanları, dəliləri yox ha, bu layihədə nəzərə almaq niyyətindəyəm. Bunları səninlə müzakirə etməliyik, axı, yeni yaranacaq şirkətin şərikli sahibi olacağıq, sən bunu haqq edirsən... Yubanma, qanadlarını tarazla özünü cəld bura çatdır, səbirsizliklə gözləyirik...

- Ah, Nisə, Nisə, heç təsəvvürünə gətirə bilməzsən, səndən ötrü nə qədər şad-xürrəməm, sənə beləcə şahlıq-şuxluq yaraşır, maşallah, zarafatların da ələdüşməzdir...

- Zarafat nədir, vallah, düz sözümdür...

- Ax, canı yanmış, bəsdi, məni bayaqdan doladığın... Eybi yox, gəlib dərsini verəcəm... Barbi, gözlə, gəlirəm...


Müəllifin bütün yazıları - Azad MÜZƏFFƏRLİ



Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}