12:47 / 10-10-2024
Sabah yağış yağacaq
Yuxu kimi yuxu - A. Müzəffərli yazır
Tarix: 13-06-2019 00:45 | Bölmə: Azad MÜZƏFFƏRLİ
Yuxu kimi yuxu

(Hekayə)

İstədiyinə yetincə uzun məsafə qət etməli oldu. Dünyanın sərvətinə yiyə çıxan Amerikadaydı. Nəhayət ki, Nyu-Yorkun təqribən qırx kilometrliyindəki kəndlərdən birinə gəlib yetişdi. Say-seçmə malikanələr uzaqdan adamın gözünü deşirdi. Kasıbın burada nə işi. Evlər sanki indicə rənglənmişdi. Səliqə-sahman göz oxşayırdı. İstər kəndə aparan, istərsə də kəndarası asfalt yollara adam ağzıaçıla qalırdı. Burada tozanaqdan əsər-əlamət belə yox idi. Torpaq gözə dəymirdi. Meşənin qucağında yerləşən bu kənddəki işıq dirəkləri şivərək balerinaları andırırdı. İdman meydançaları, uşaqlar üçün əyləncə yerləri, marketlər, müxtəlif istirahət guşələri sakinlərə gəl-gəl deyirdi. Kənddə əsasən ağdərililər gözə dəyirdilər. Burada böyüklü-kiçikli üç yüz nəfər yaşayardı, ya yox.

İndi qalırdı, illərdir həsrətində olduğu doğmalarının evini tapmaq. Malikanələrin hamısı ikimərtəbəliydi. Hasar deyilən nəsnə gözə dəymirdi. Həyətlərdəki çəmənliklər yenicə “qırxılmışdı”. Ətraf gül-çiçəyə bələnmişdi. Bir qayda olaraq bütün həyətlərdə hovuz da vardı. İlk baxışdan bəlliydi, bostanların çoxunda tərəvəzi sadəcə mırta yetişdirirlər. Dərilmədiyindən tərəvəzlərin əksəriyyəti elə tağlarındaca qaxaca dönmüşdü. Hər bir malikanədə ən azı iki avtomobil gözə dəyirdi. Yəqinki, burada həddi-büluğa çatanların hərəsinin ayrıca avtomobili vardı. Qarajların çoxluğu buna dəlalət edirdi. Evlərin birinci mərtəbələrindəki mətbəx, yeməkxana və qonaq otaqlarını uzaqdan belə seçmək mümkündü. Xəbəri vardı, buralarda hər kəsin ayrıca otağı olur. Amerikalı uşaqların otaqları sanki cənnət bucağını xatırladır. Hamam və sanitar qovşaqların sayı da otaqların sayı ilə tən gəlir.

Bu kənddə babat işi olanlar məskunlaşmışdılar. Amerikada yüksək gəliri olanlar mərkəzdənsə böyük şəhərlərin yaxınlığındakı bu cür yaşayış yerlərinə üz tuturlar. Onlar bu cür kiçik yaşayış məntəqələrini kənd deyil, şəhər deyə adlandırırlar. Əslində, tam haqlıdırlar. Hərtərəfli şəraiti, suyu, qazı, istilik sistemləri, çeşidbəçeşid iaşə obyektləri, istirahət və əyləncə mərkəzləri olan bu yaşayış məntəqələrinə başqa nə ad vermək olar ki? Buraların sakini olmaq istəyirsənsə, təki bələdiyyənin vergisini vaxtlı-vaxtında ödəməyə qədərincə pulun olsun, vəssalam, sadəcə bu qədər. Yəni puluna minnət, vergini gecikdirmə. Səliqə-sahmanı da gözlə ki, ictimai tənbehə və ya cəriməyə tuş gəlməyəsən. Bunlara əməl etsən, bələdiyyələrin gözünü də deşə bilərsən, ağzı nədir belə yaşayış məntəqələrində cənnətməkan yaratmasın.

Bayaqdan gördüklərinə dördgözlə tamaşa edən, sanki, nağıllar aləminə düşən çağrılmamış qonaq yorulduğundan bədahətən özünü yaxınlıqdakı həyətə verdi. Oturacaqda əyləşdi. Nədənsə, bu həyət onu yamanca çəkdi. Ürəyinin dərinliyində əmindi; uzun zamandır burnunun ucu göynədiyi ünvan bura olmalıydı. Ətrafı seyr etməkdən doydum demək bilmirdi.

Nəhayət, malikanənin arxa həyətə açılan qapısında ev sahibi göründü. İstirahət günüydü demənə həyət-bacada səliqə-sahman yaradacaqdı. İlk baxışdan yad adam gözünə dəydi. Bu, ona qəribə və anlaşılmaz təsir bağışladı. Tələm-tələsik ona yaxınlaşdı. Nədənsə, həmən kəsin suyu ona şirin gəldi.

- Hello… Do you need any help? (Salam… Sizin hansısa köməyə ehtiyacınız varmı?)

Yad adamın elə bil dili tutulmuşdu, duruxmuşdu. Doğmaca rəhmətlik dədəsinə bənzətdiyi bu kişinin çöhrəsi də, şux görkəmi də, qaynar gözlərinin qarası da ona yamanca tanış gəlirdi. Ha yaddaşını qurcalasa da, bir şey alınmadı. Sanki, kimsə hafizəsinin cığırlarına yön almağa qəsdən mane olurdu. Tilsimə düşmüşdü. “Qonağ”ın ilk kəlməsindən isə tamam karıxdı.

- Salam… Allah qonağıyam, Azərbaycandan gəlmişəm, Amerikada birinci dəfəyəm…

Doğma kəlmələrdən az qala dili tutula. Tezcənə özünü yığışdırıb bütün varlığı ilə qonağa əl uzatdı.

- Nədən bildiniz ki, mən də azərbaycanlıyam?

- Qan çəkdi, ona görə yorulan təkin özümü verdim bura, özümüzünkülərin yanına. Qocalıq belə şeydi, doğmalara kəskin ehtiyacın olur.

- Yəqin, Amerikaya istirahətə gəlmisiniz? Çox yaxşı eləmisiniz, burada dincəlməyə dəyər… Zarafat deyil, axı, buralar dünyanın göbəyidir…

- Məncə, dünyada Tanrının adına layiq məmləkət elə Azərbaycandır… Az-cox insanlıq yenə də orada qalıb… Belə xoş güzaranı nə vaxtsa əldə eləmək mümkündür. Hələki biz müstəqilliyimizi yenicə bərpa etmişik, inşallah…

- Razıyam, xatirimdədir… Həqiqətən, Azərbaycandakı tolerantlığa çətinki haradasa rast gələsən?!

- İlk baxışdan görünür, buradakı həyatından razısan…

- Min şükür, burada həyata baxış çox sadədir. Adam balası kimi işlə, qanunlara sözsüz əməl elə, istədiyin kimi yaşa özün üçün, təbii ki, imkanına görə.

- Heyif, buna hələ bizdə xeyli var…

- Siz məni lap kövrəltdiniz, yadıma uşaqlıq illərim düşdü, evimiz üçün lap burnumun ucu göynədi… Sovet dövrü idi… Biz on bir uşaq idik, yeddi oğlan, dörd qız… Mən evin sonbeşiyi idim… Atam bizə yaxşı oxumaqdan ötəri zülm verərdi. Düzü, o vaxt biz uşaq idik demənə, bunu axıra qədər anlamırdıq… Ucqar dağ kəndində yaşamağımıza baxmayaraq müəllimlərimiz yaxşı dərs keçirdilər. Onu da deyim ki, bizim bugünkü çörəyimizə əlimiz kənd məktəbindəki ingilis dili müəllimizin sayəsində çatıb. Zalımın balası, özünə dinclik verməzdi. Uzaq görənmiş, tezliklə hava, su kimi lazımınız olacaq deyə bizi hey yükləyərdi. Şəxsən mən boynuma alıram, elə mənim də, indi dünyanın say-seçmə ölkələrinə səpələnən bacı-qardaşlarımın da çöl-bayırdan layiqincə baş çıxarmağımız bir atamızın hesabınadırsa, beş də ingilis dili müəllimimizin sayəsindədir… Babat təhsil aldığımızdan, dili də yaxşı bildiyimizdən hazırda hamımız hörmət-izzət, gün-güzaran sahibiyik… Sovetlər dağılan kimi təhsilini xaricdə davam etdirən böyük qardaşımız hamımıza da yol açdı, sag olsun… Şükür Allaha, şikayətimiz yoxdur…

- Min şükür… Qırımından duydum, di gəl, Azərbaycana - doğmaca dədə-baba yurdunuza yolu isə birdəfəlik unutdunuz… Eləmi?

- Elədir, axırıncı dəfə atamızın yasında orada olmuşuq, özü də bacı-qardaşlarımdan bəziləri işləri ilə bağlı heç atamın dəfninə də gələ bilmədilər… Həyat gözlənilməzliklərdən xali deyil…

- Yəqinki, unutmamısan, Azərbaycanda evin sonbeşiyi ata yurduna sahib çıxır… Bu barədə heç düşünmüsən…

- Əvvəllər olub… Amma bu cür yüksək yaşayış imkanından, ürəyimcə işimdən əl çəkmək sizə asan gəlməsin… Bir də ki, mənim təkbaşına ailəmin, övladlarımın qismətindən keçməyə haqqım yoxdur. Azərbaycandan fərqli olaraq buralarda evin böyüyü də olsa, bir nəfər hamının yerinə qərar qəbul edə bilməz.

- Yaxşı, bəs, arada-bir Azərbaycana, doğulub boya-başa çatdığın yerlərə baş çəkmək də müşkül məsələdir, bəyəm? Özü də ki, indiki Azərbaycan sənin yeniyetməliyində gördüyün həmən o məmələkət deyil, tanınmaz dərəcədə dəyişib… Barı, turist kimi oralara səfər etməyi ki kimsə əlindən almayıb, təbii ki, bunu işinə qatışmaq kimi dəyərləndirmə… Sadəcə, sözgəlişi dedim…

- Söz verirəm, gələn il məzuniyyətə çıxanda mütləq oralara baş çəkəcəm, boynuma alıram, məni qandırdınız. Heyif ki, bu dəfə məzuniyyətə İsveçrəyə Alp dağlarına gedirik, artıq təyyarəyə biletlər alınıb, mehmanxana da sifariş olunub. Ailəvi olmasaydı, yenə də fikrimi dəyişərdim.

- Məncə, çıxış yolu həmişə var. Bunu gələn ilə niyə saxlayırsan? Məcburdurmu ki, bütün məzuniyyətini İsveçrədə keçirəsən. Azərbaycan, ələlxüsus da, sənin duğulduğun tərəflər İsveçrədən ən azı geri qalmır, ürəyincə dincələcəksən. Gəl, bu dəfə mənə qulaq as… Qoy, arvad-uşaq yollansınlar oralara, sənsə bir-iki günlüyə gəl bizə sarı, sonra qayıdıb qoşularsan onlara. Nyu-Yorkdan birbaşa təyyarə reysi də var Bakıya. Mən birazdan qayıdıram Vətənə. Gələsi olsan, səni qarşılayıb yerbəyer edərəm, dədə-baba yuruduna aparmaq da mənlikdir… Buna nə sözün?

- Okey, ağlıma batdı… Söz verirəm, növbəti təyyarə reysi ilə Bakıda olacam. Qəribədir, siz elə bil məni sehrləmisiniz, sizin yanınızda özümü lap uşaq kimi hiss edirəm… Hansı ki, buradakıların əksəriyyəti çox vaxt başbilən kimi məndən məsləhət alır…

- Danışdıq, səbirsizliklə gözləyəcəm…

- Tələsməyin, qonağım olun, bir parça çörək kəsək, sonra yola düşərsiniz…

- Çox sağ ol, vaxtım dardı, qorxuram gecikəm. Əgər, mümkün olsa, ailə üzvlərinlə ayaqüstü görüşərdik, bu mənə ən böyük hədiyyən olardı, yəqinki, bu tərəflərə son səfərimdir…

- Sən Allah, elə deməyin, inciyərəm. Qapımız üzünüzə həmişə açıqdır, buranı öz eviniz bilin… İndi özümünküləri səsləyərəm…

Az sonra bütün ailə çağrılmamış qonağın pişvazındaydı. İllərin doğmaları təkin mehribancasına görüşdülər. Övladlarının qocaya qəlbən sarılmaları isə ev sahibini tamamilə kövrəltdi. Qoca da onları bineyi-qədimdən tanıyırmış kimi var qüvvəsilə bağrına sıxmışdı. Gözləmədiyi halda, xanımı da bu ahıl kəsə doğması təkin yanaşdı. Yaddaqalan görüş oldu. Qoca gözdən itənə qədər onlardan nisgilli nəzərlərini çəkmədi.

Aradan bircə həftə ötmüşdü. Sözünə xilaf çıxmadı. Artıq Bakıdaydı. Qoca da dediyi kimi onu hava limanında qarşıladı. İllərin tanışı təkin bir-birinə sarıldılar. Kəndə uzaq yolu da bir göz qırpımında arxada qoydular. Günortanın gur çağıydı. Dağlar qoynunda nazlanan kəndlərində kimsə gözə dəymirdi. Küçələr bom-boşdu. Bu, yalnız adamı qarsıyan isti ilə bağlı deyildi. Bir parça çörək qazanmaq naminə əksəriyyət ya Bakıya, ya da planetin dörd-bir tərəfinə üz tutmaq məcburiyyətində qalmışdı. Barmaqla saya gələsi ahıllar isə kəndin qaravulunu çəkirdilər. Övladları nə qədər and-aman eləsələr də, onlar dədə-baba yurdlarını boş qoymaq fikrindən uzaqdılar.

Hə, bu da boya-başa çatdığı, çoxdandır intizarında olduğu məhəllələri… İlk baxışdan şahidi olduqlarına az qala ikiəlli gözlərini qapaya. Burada əvvəlki ürəkaçan mənzərədən əsər-əlamət qalmamışdı. Vaxtilə rəhmətlik atasının hər gün sığal çəkdiyi yurdları xarabalığı andırırdı. Çay daşlarından hörülmə hasarları yarımcan idi, daşlar hasar boyu necə gəldi səpələnmişdi. Darvazalarından da cin hürkərdi, sanki, dizləri qatlanmışdı. His-pas içində olan qıfılın hay-hayı gedib, vay-vayı qalmışdı, şərti olaraq cəftə yerinə bəndlənmişdi. Cırıltısından adam hürkən əl qapısından həyətə keçməkləri ilə cəngəlliklə üzbəsurət qalmaları bir oldu. Hər tərəf bıtrağa bələnmişdi. Bağdakı ağacların budaqları bir-birinə pərçimlənmişdi. Üzüm çardağı da yabanı gündəydi. Bostana sarı boylandı. Axırıncı dəfə bura nə vaxt insan əli dəymişdi, söyləmək çətindi. İkimərtəbəli evləri də yamangünlükdü. Kirəmitləri mamır bağlamışdı. Evlərinə bitişik tövlələrinin bir tərəfi çökmüşdü. Suvağı yerlə bir olan, döşəməsi və tavanı ələgəlməz vəziyyətə düşən, qurd-quş yuvasına çevrilən, hörümçək toruna bələnən evlərinə ayaq basmaq mümkün deyildi.

Səssiz-səmirsizdilər. Puçurlanan alın tərini sildi, yetim görkəmindəki tut ağacının altındakı oturacağa sarı yön aldılar. Birtəhər özlərinə yer eləyib xəyallar dünyasına qovuşdular. Sanki, əzizlərinin anım mərasiminə qatılmışdılar. Azca ötmüş ətrafda vur-çatlasındı. Anası təndirə çörək yapır, böyük bacısı isə sacda qutab bişirirdi. Atası da bir küncdə odun doğrayır, imkan düşən təkin arxın suyunun istiqamətini dəyişirdi. Yaşca kiçik uşaqların səs-küyü həyət-bacanı başına götürmüşdü. Ən ərköyünü, dəcəli də elə o idi, kimsə xatirinə dəyməzdi. Ailənin sonbeşiyi olmaq böyük səadətdi, hamı nazınla oynayır, kimsə səndən nəvazişini əsirgəmir. Düzdü, azca böyüyəndə ən çox buyruq qulu olmaq da sənlikdi.

Qəfil həyətdən duyulan hənirtiyə hər ikisi müntəzir oldular. Bir cüt pişik ehmallıca, yerə yata-yata qocaya sarı yön aldı. Buna bəndmiş kimi evin tinindən oğrun-oğrun bir it də boylandı. Qocanın bir göz qırpımında pişikləri bağrına basmasından köpək də ürəklənərək onlara sarı götürüldü. Ağsaqqala sarılan heyvanlar məsum gözlərilə ondan xeyir-dua alaraq bu dəfə xırda addımlarla digər qonağa yaxınlaşmağa başladılar.

- Tanımadın, sizin ev heyvanlarının nəslindəndilər. Yarı ac, yarı tox olsalar da, buranı hələ də doğma bilirlər... Bir parça yem üçün min bir əziyyətə qatlaşsalar da, buradan ayrılmaq fikrində deyillər... Düzü, bunlara heyvan deməyə adamın heç dili də gəlmir...

- Düzdü, indi yadıma düşdü... Necə də bənzəyirlər, sanki, bir almanı tən yarı bölmüsən...

Sarmaşıq təkin bir-birinə bənd oldular. Qarşılqlı sığal çəkməkdən yoruldum demək bilmədilər. Xoşbəxt anlardı. Heyvanlar da sevinc göz yaşlarına yiyə dura bilmədilər. Dünyanı ələk-vələk eləsə də, ilk dəfəydi heyvanların ağlamağını görürdü. Yatanda da, bu, yuxusuna girməzdi. Nəhayət, qocanın həlim və müdrik avazı onu şirin xəyallar aləmindən qopardı.

- Hə, axşama bir şey qalmayıb, yəqinki, indi də əzizlərinin qəbrini ziyarət eləməyinin vədəsi yetişdi... Nə deyirsən?

- Əlbəttə... Mütləq... Minnətdarlığımı çatdırmağa söz tapa bilmirəm, ömrüm boyu sizə borcluyam...

- Narahat olma, sənin mənə heç bir borcun yoxdu, bu sadəcə bir qismətdir... Tale, alın yazısı...

Sadə kənd qəbirstanlığında baş-başa verən məzarlarla bittə-bittə salamlaşıb valideynlərinin qəbrinə sarı istiqamət aldılar. Əslində, qoca bələdçilik eləməsəydi, buna saatlarla zaman sərf etməli olacaqdı. Baxımsızlıqdan ata və anasının qoşa məzarları yöndəmsiz günə düşmüşdü. Doğmaları üçün qəribsəyən baş daşları bir-birinə sarı əyilmişdi. Nisbi təskinliyi beləcə tapmışdılar.

Var gücüylə qucaq açaraq hər iki qəbirə eyni vaxtda sarmaşdı. Hönkürdü, nə hönkürdü. Dil-damağı duz bağladı. Bir anlığa özünü dünyanın ən qatı canisi sandı. Qoca dinməz-söyləməz arada bir ona nəzər yetirsə də, xəyalı uzaqlardaydı. Gözlərini məchulluğa dirəmişdi. Özündə deyildi, qocanı da unudaraq xeyli müddət valideynləri ilə söhbətləşdi. Can-dildən üzrxahlıq elədi, tezliklə yurdlarını da cənnətə çevirəcəyinə, bacı-qardaşlarını da ailəlikcə mütləq onların görüşünə gətirəcəyinə söz verdi. Handan-hana sakitlik taparaq daş heykələ döndü.

Sükutu yenə də qoca pozdu:

- Bu üzbəüzdəkilər də yaxın qohumlarınızdır, onların da ruhu sizdən ötəri qəribsəyib. Onlara da baş çəksən yaxşı olardı, onacan mən də yerimi rahatlayardım...

Boğazı qəhərdən düyünləndiyindən dili söz tutmadı, yalnız kəlləsi ilə qocaya “baş üstə” işarəsini verdi. Qonşuluqdakı qəbirləri ziyarətə yönəldi.

Yaxınlarının ruhu ilə məhrəmləşəndən sonra yenidən ata-anasının qəbirlərinə yetişdikdə qocanı yerində görmədi. Təşviş keçirdi. Qəbirstanlığın dörd-bir tərəfini ələk-vələk eləsə də, qocadan xəbər-ətər yox idi. Çıxılmaz vəziyyətdəykən qulaqlarında qocanın son sözləri təkrarən səsləndi. “Ey dili qafil deyə” sonda hər şeyi anladı. Bu məqamda alim adını daşımasına heyifi gəldi. Əlacsızdı. Atasının baş daşına boylandı. Rəhmətlik ilıq təbəssümünü ondan əskiltmədi. Bu gözlərdəki “dastan”ı oxumağa nəinki bir, heç cəmi alimlərin də ömrü yetməzdi.

Hava qaralırdı demənə el yoluna tərəf addımlarını yeyinlətdi. Tezcənə özünü rayona, oradan da Bakıya yetirməliydi. Gecəykən yola düşməliydi. Axı, ailəsindən bircə günlüyə icazə ala bilmişdi, səhərisi günü İsveçrədə olmalıydı. Yaxınlıqdan ötən “Vilis”in sürcüsü buralarda qonaq olduğunu biləndə ədəb-ərkanla onu maşının tərkinə aldı.

Müəllifin bütün yazıları - Azad MÜZƏFFƏRLİ



Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}