“Eks-prezidentlərə diplomatik status verilməlidir” - Hafiz Hacıyev
Tarix: 04-08-2016 12:26 | Bölmə: Siyasət


"Müstəqillik illəri göstərdi ki, Azərbaycan dövlətçiliyi inkişaf etdikcə, onun qarşısına hüquqi və demokratik prosseslərin idarə edilməsi nöqteyi-nəzərindən müxtəlif problemlər çıxır. Bu da təbiidir. Çünki hər şeyi birdən mükəmməl yaratmaq olmur. Ona görə də hesab edirik ki, prezident İlham Əliyevin təqdim etdiyi konstitusiya dəyişikliyi zamanın tələbidir”.

Reyting.az xəbər verir ki, bunu pia.az saytına müsahibəsində Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ölkədə konstitusiya dəyişikliyi ilə bağlı keçiriləcək referendumdan danışarkən deyib.

Partiya sədri bildirib ki, idarəetmə zamanın tələbinə uyğun olaraq təkmilləşdirilməlidir: "Bundan əlavə, ölkə başçısının üzərinə daha artıq idarəçilik yükü düşür, odur ki, ölkə Konstitusiyasında dəyişiklik etməyin vacibliyi ortaya çıxır. Hər şeydən əvvəl ölkənin perspektiv inkişafını təmin edəcək strukturların yaradılmasını zaman diktə edir. Biz hesab edirik ki, qloballaşma şəraitində Azərbaycan Konstitusiyası daha effektivli olmalı və idarəetmə təkmilləşdirilməlidir. Bizim partiya vitse-prezident institutunun yaradılmasını da bununla izah edir”.

MMP sədri seçkilərdə yaş həddinin aşağı endirilməsinə diqqət yönəldərək,bunun Azərbaycan balaları üçün geniş fəaliyyət dairəsi açdığını qeyd edib: "Vətəndaşların demokratik yollarla hakimiyyətdə təmsil olunma imkanlarının artması, ölkənin inkişaf göstəricilərindən biri sayılır. Bizə elə gəlir ki, referendumun keçirilməsi, hər şeydən əvvəl bunla bağlıdır”.

O ki qaldı vitse-prezident institutunun yaradılmasına H.Hacıyev deyib ki, prezidentin üzərinə düşən bəzi səlahiyyətlərin və vəzifələrin vitse-prezident institutuna verilməsi bir çox aktual məsələrin həllində prezidentə daha çox vaxt və imkan verir: "Eyni zamanda prezidentin fəaliyyətini stimullaşdırır və daha keyfiyyətli fəaliyyətə yol açır.

Elə məsələlər vardır ki, onunla məşğul olmaq prezidentin dövlətin daha aktual məsələləri ilə məşğul olmasına mane olur. Bir adamın 24 saat ərzində çoxlu sayda aktual problemlərlə məşğul olması fiziki cəhətdən ağırlıq yaradır. Vitse-prezident institutunun yaradılmasından sonra isə prezidentin üzərindəki fiziki yük azalır. Yəni bəzi məsələlər vitse-prezident institutu səviyyəsində öz həllini tapacaq. Bu da prezidentə aktual və qlobal məsələlərin həllində daha effektli fəaliyyət göstərmək imkanı yaradacaq.

Prezident hansı məsələri vitse-prezidentə həvalə edəcəksə, vitse-prezident həmin işlərlə məşğul olacaq. Bunun da dünya miqyasında çoxlu anoloqları var. Prezident özü bildiyi işləri vitse-prezident institutuna həvalə edə, ya da səlahiyyətlərinin bir qismini müvəqqəti olaraq I vitse-prezidentə verə bilər. Bundan əlavə, müstəsna hallarda, prezident dincəlməyə gedəndə, xəstələnəndə, müalicə olunanda və yaxud müəyyən səbəblərə görə dövlət idarəçiliyindən uzaq olanda, I vitse-prezident onu tam əvəz edə bilir. Məncə, bu, dünyada olduğu kimi, bizdə də hakimiyyət bölgüsünün olduğunun göstərir. Digər tərəfdən, Azərbaycana düşmən olan qüvvələr ölkəmizdə demokratik institutların olmamasını, ölkədə diktatura rejimi olduğu imicini yaratmaq istəyirlər və müəyyən səviyyələrdə ölkəmizdə nisan hüquqlarının pozulması və s. gündəmə gətirirlər. Azərbaycanın bu referenduma getməsi, əlbəttə ki, ölkə rəhbərliyinin bütün bunlara reaksiyasıdır. Dünyaya göstəririk ki, xalqımız demokratik seçimlər edir, ölkədə yeni idarəçilik institutları yaradılır və hakimiyyət bir nəfərin əlində deyil”.

Partiya sədri sonda qeyd edib ki, Konstitusiyadan irəli gələn qanun və institutların normal işləməsi hər şeydən əvvəl demokratiyanın göstəricisidir. Bu, dövlət institutları arasında hakimiyyət bölgüsünün olduğunu göstərir: "ABŞ və başqa inkişaf etmiş ölkələrdə eks-prezidentlər ölkənin xarici və daxili siyasəti ilə bağlı bir çox məsələlərin həllində iştirak edir, ölkə iqtidarı ilə sıx əlaqədə olurlar. Bu gün Karter, Buş, Kliton kimi eks-prezidentlərin ABŞ-ınictimai-siyasi həyatındakı rolu danılmazdır və onlar bir şəkildə fəaliyyətdə olan prezidentə çətin məqamlarda yardımçı olmağa çalışırlar. Əfsuslar olsun ki, bizdə eks-prezidentlər arsında düşmənçilik meylləri olub və bu davam edir. Ona görə də yeni dövlət ənənələrinin yaranmasına ehtiyac var. Bizdə eks-prezidentlər ancaq pensiya barədə düşünürlər. Halbuki onlar öz nüfuzlarını ölkədə sağlam ab-hava yaradılmasına sərf etməli, beynəlxalq miqyasda Azərbaycanın müsbət imic qazanması üçün əmək verməlidirlər. Mən hətta hesab edirəm ki, "Eks-prezidentlər haqqında” Qanuna da dəyişiklik olunmalı, onlara diplomatik status verilməli, eyni zamanda ölkənin ictimai-siyasi həyatında aktiv rol almaq üçün şərait yaradılmalıdır. Hazırda elə çətin zaman kəsiyində yaşayırıq ki, bizim təcrübəli insanlarımza çox ehtiyacımız var. Mən sual verirəm, Azərbaycanın eks-prezidenti niyə Bakıda və ölkənin digər şəhərlərində keçirilən beynəlxalq konfranslarda, toplantılarda iştirak etmir? Bunun nəyi ziyanlıdır? Henri Kissincer bu günə qədər ABŞ-a ziyan vurubmu? Halbuki həddindən artıq yaşlanmasına baxmayaraq, ABŞ-ın keçmiş dövlət katibi beynəlxalq miqyasda ABŞ-ın bir nömrəli diplomatı olmaqda davam edir. Ona görə də hesab edirəm ki, keçmiş prezidentlərlə fəaliyyətdə olan prezident arasında sağlam siyasi-ictimai bağ olmalıdır. Bu ənənə Azərbaycanda formalaşarsa, Azərbaycan cəmiyyəti həm sağlamlaşar, həm də ölkədə daha irəli görüşlü bir cəmiyyət formalaşar”.

Reyting.az

 

 

 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər