Ekspertlərin təklifi: Milli Məclis hökuməti istefaya çağırmalıdır
Tarix: 14-03-2016 15:46 | Bölmə: Slayd


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il üzrə fəaliyyəti haqqında hesabat martın 15-də Milli Məclisdə dinləniləcək.

Parlamentdən verilən məlumata görə, həmin gün keçiriləcək plenar iclasda baş nazir Artur Rasizadə deputatlar qarşısında hökumətin illik fəaliyyəti barədə hesabat verəcək, sonra hesabat müzakirə olunacaq.

Hazırkı iqtisadi vəziyyətə nəzərə alsaq, hökumətin budəfəki hesabatının sakit keçməyəcəyini ehtimal etmək olar. Çünki ölkədə yaranmış böhran bəzi millət vəkillərini sərt mövqe tutmağa vadar edib. Cəmiyyətdən gələn narazılıqlar isə hökuməti müəyyən qədər loyal mövqe tutmaq məcburiyyətində qoya bilər.

Hətta hesabat zamanı Milli Məclisdə hökumətin istefasının tələb olunacağını iddia edənlər də var.

Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov isə "Reytinq”ə deyib ki, nə Azərbaycan hökumətindən, nə də Milli Məclisdən hər hansı müsbət addım gözləməyə dəyməz. Onun sözlərinə görə, hökumətin Milli Məclisdəki hesabatı formal xarakter daşıyacaq:

"Təyin edilmiş deputatlar onlara verilmiş səlahiyyət çərçivəsində müzakirə açacaq, çıxış edəcək, hökumətin hesabatına qiymət verəcəklər. Bu hökumətdən yeni heç nə gözləmirəm. Bunlar standart düşüncəyə malik məmurlardır".

"Ölkədə vəziyyət təhlükəli hal alıb"

Hazırda ölkədə vəziyyətin pis olduğunu deyən ekspert bildirib ki, əhalinin alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşüb. Digər tərəfdən, istehsal müəssisələri, ticarət obyektləri bağlanır, işsizlərin sayı günbəgün artır:

"İnsanlar nəinki yaranmış kredit borclarını, hətta kommunal xərclərini belə ödəyə bilmir. Ölkədə oğurluq, soyğunçuluq, quldurluq halları çoxalıb. Ümidləri üzülən insanlar intihar yolunu seçib özlərinə qəsd edirlər. Ölkədə vəziyyət çox təhlükəli hal alıb. Hökumət isə özünü heç nə olmamış kimi aparır. Bu hökumətin ən yaxşı bacardığı isə yalançı statistik rəqəmlərlə ictimaiyyəti aldatmaqdır".

V.Məhərrəmov qeyd edib ki, Azərbaycan idxaldan asılı olduğundan idxal etdiyi mal üçün külli miqdarda dollar xərcləyir. Bu səbəbdən də hökumət bu istiqamətdə düşünməlidir:

"Hökumətin açıqladığı rəqəmlərə görə bizim kənd təsərrüfatı mallarının idxalına xərclədiyimiz valyuta bir milyard iki yüz mindir. Amma bizim hesablamalarımıza görə, bu vəsait reallıqda rəsmi açıqlanan rəqəmlərdən üç dəfə artıqdır. Yəni, təxminən üç milyard beş yüz min dollardır. Əgər biz kənd təsərrüfatı məhsulları və xammalın ölkə daxilində istehsalını təmin edə bilsək, o zaman biz valyutanı ölkədə saxlamış olarıq. Eyni zamanda istehsalı artırmaqla ölkədən ixracı gücləndirərik ki, bu da ölkəyə valyuta gəlişini stimullaşdırar. Ona görə də hökumət böhranı etiraf edib müxatlifətdən irəli sürülən təklifləri reallaşdırmalıdır".

Bütün xərclərin son təyinatı dəqiq açılmalıdır

Tanınmış iqtisadçı Rövşən Ağayev isə hökumətin hesabatı barədə hər hansı fikir söyləməyə ehtiyacın olmadığını deyib. Ekspert hökumətin büdcə siyasəti ilə bağlı təkliflərini irəli sürüb:

"Hökumət büdcəni elə tərtib eləmələdir ki, nəinki onun müzakirəsini aparan millət vəkilləri və vətəndaş cəmiyyəti ekspertləri, sadə vətəndaşlar belə sayı-hesabı bilinməyən rəqəmlər toplusundan ibarət bu sənədi asanlıqla oxuya bilsinlər. Hətta spesifik anlayışları hamının asan başa düşməsi üçün "büdcə terminlərinin izahlı lüğəti"ni də hazırlayıb Maliyyə Nazirliyi öz saytında yerləşdirə bilər. Hətta terminlər tam anlaşılmasa da, hər kəsin büdcənin hər qəpiyinin hara xərcləndiyini dəqiq görmək imkanı olmalıdır. Bunun üçün Maliyyə Nazirliyinin hazırladığı "Vətəndaş bələdçisi" və büdcəyə dair izahat, Hesablama Palatasının rəyi - hərbi sirr istisna olmaqla, - bütün xərclərin son təyinatını dəqiq açmalıdır".

R.Ağayev onu da nəzərə çatdırıb ki, hökumət "İqtisadi fəaliyyət" bölməsi üzrə xərcləri 106 milyon manat artırıb. Onun sözlərinə görə, bu artımla da bağlı detallı izahat yoxdur:

"Məsələn, qeyd edilir ki, qeyd olunan artımın 36 milyon manatı maliyyə sağlamlaşdırılması tədbirlərinə yönəldiləcək. Millət vəkilləri üçün "sağlamlaşdırma tədbirləri"nin əhatə dairəsini qeyd etməyə lüzum olub-olmadığına həmin müzakirə iştirakçılarının özü qərar verə bilər - amma şəffaflıq naminə bu məlumatlar büdcə izahatında təqdim edilməlidir.

"Digər xərclər", "sair xərclər" maddəsi altında xərclərin bölgüsü son dəyişiklikdə özünü daha kəskin göstərib. Məlum olur ki, 2016-cı ilin dövlət büdcəsi xərcləri 2.2 milyard manat artırılır və onun 1.2 milyard manatı (55%-i) məhz "digər xərclər" maddəsinə aid edilib.

Yerdə qalan artımların təyinatı isə belədir: əmək ödənişi xərcləri 14%, təqaüdlər və müavinətlər 9.6%, borclar üzrə əməliyyat xərcləri 23.9%.

Məlumat üçün deyim ki, 2016-cı ilin büdcəsinin ilkin təsdiq edilmiş variantında "digər xərclər"in büdcədə payı 9.6% idi, son dəyişiklikdən sonra təsdiqlənən yeni büdcədə isə həmin xərclərin payı 15%-ə yük-səldi. Böhran son zamanlar hökuməti büdcəyə qənaət, xərclərin səmərəli istifadəsi ilə bağlı bəyanatlar verməyə məcbur etdi. Halbuki qənaət və səmərəli istifadə üçün başlıca şərt şəffaflığın təmin edilməsidir. Amma real nəticə belədir: büdcə böyüyəndə şəffaflıq bir büdcə prinsipi olaraq məmurların gündəliyində artıq görünür".

"Hökumətin hesabatı formal xarakter daşıyır"

AXCP sədrinin müavini Nurəddin Məmmədli də bizimlə söhbətində deyib ki, ölkədə iqtisadi böhranın getdikcə kəskinləşməsi fonunda hakimiyyətin yürütdüyü siyasət baş verənlərə adekvat deyil. "Elə bir təəssürat yaranır ki, ölkədə baş verənləri ya anlamır, ya da etinasızlıqları ilə millətə gözdağı verirlər",- deyən AXCP yetkilisinin sözlərinə görə, məmurlarımız danışdıqca, baş verənlərə reaksiya verdikcə, insanın vahilənməkdən başqa yolu qalmır:

"Ən pisi isə, hakimiyyətin ölkəni iqtisadi böhrandan çıxarmaq üçün nəiradəsinin, nədəantiböhran proqramlarının olmamasına şübhə yerinin qalmamasıdır. Atdıqları addımlar epizodik xarakter daşıyır. Əksər hallarda neqativ nəticələrə səbəb olur. Elə təəssürat yaranır ki, bu addımları atan insanların iqtisadi problemlərlə heç bir əlaqələri yoxdur. Ona görə də problemləri real iqtisadi qanunlarla yox, subyektiv direktivlərlə həll etməyə çalışırlar. Belə bir şəraitdə Milli Məclis gecə-gündüz işləməli, alternativ layihələri müzakirə edib, daha real olanların tətbiqinə çalışmalıdır. Lakin bu qurumun fəaliyyəti hiss olunmur. Sadəcə olaraq, həmişə olduğu kimi, icra strukturlarından gələn sənədləri ciddi şəkildə müzakirə aparmadan təsdiq edirlər. Milli Məclisdə hökumətin hesabatı həmişə formal xarakter daşıyır. Ona görə, bu dəfə də ciddi müzakirələr nəticəsində adekvat qərarların qəbul olunacağına inamım yoxdur".

N.Məmmədli təkliflərlə bağlı deyib ki, AXCP sədri Əli Kərimli təxminən 2 ay əvvəl mövcud vəziyyətin düzəldilməsi üçün zəruri olan antiböhran konsepsiyasını hökumətə təqdim etdi: "Kərimli bildirdi ki, əgər bu tədbirlər kompleksini tətbiq etmək istəyirsinizsə, genişlənmiş proqramı da qısa vaxtda təqdim edə bilərik. Təəssüf ki, bu təklifə heç bir reaksiya verilmədi. Ən pisi isə odur ki, bu cür təhlükəli bir məqamda da yalanı və imitasiyanı dövlət siyasətinə çevirməkdə davam edirlər".

Banklar potensial münaqişə mənbəyinə çevriləcək

ADR Hərəkatının sədri, iqtisadçı-alim Qubad İbadoğlu isə Milli Məclisdə hesabat verəcək hökumətə təkliflərini verib. Q.İbadoğlu bildirib ki, xüsusi gözləntiləri olmasa da, bu ilin iqtisadi xarakteri hər iki tərəfdən fərqli yanaşma tələb edir: "Hesab edirəm ki, hökumət yalnız ötən ilə müsbət prizmadan baxmaqla kifayətlənməməli, qarşılaşdığı çətinlikləri və onun həlli proqramlarını təqdim etməlidir".

İqtisadçı-alim onlardan bir neçəsini sadalayıb: "Getdikcə daha da kəskinləşən xarici valyuta ilə olan kreditlərin qaytarılması probleminin həllinə hökumətin baxışı çox vacibdir. İndiyə qədər bu müzakirələrdən kənarda qalan Nazirlər Kabineti ona yalnız bank sektorunun deyil, iqtisadiyyatın başlıca problemi kimi baxmalı və yekun mövqe nümayiş etdirməlidır. Çünki əvvəllər yazdığım kimi, bu problem sistem xarakteri daşıdığından mərkəzləşdirilmiş qaydada həll olunmalıdır. Əgər onun həlli banklarla müştərilərin öhdəsinə buraxılarsa, onda banklar cəmiyyətdə potensial münaqişə mənbəyinə çevriləcək. Bu münaqişəni isə zəif hüquqi baza, korrupsiyalaşmış və asılı məhkəmə hakimiyyəti ilə çözmək mümkün deyildir".

Q.İbadoğlunun təklifləri bununla bitmir. İqtisadçı-alimin hökumətdən başqa gözləntiləri də var: "Hökumətdən digər gözləntilərim məşğulluğun təminatı və inflyasiyanın qarşısının alınması iləbağlı proqramların açıqlanmasıdır. Hazırda müşahidə olunan kütləvi işsizlik probleminin həlli hökumətin qarşısında duran ən vacib vəzifələrdən biridir.

İstehlak qiymətlərinin, xüsusilə də ərzaq mallarının qiymətlərinin bahalaşmasına gəlincə, onu yalnız zəif təsirlərə malik monetar üsullarla tənzimləmək mümkün olmadığından hökumət bu məsələyə dair mövqe qoymalıdır. Nəhayət, başlıca gözləntilərdən biri də dövlət məmurlarının gəlirləri və əmlakına dair bəyannamə formasının Nazirlər Kabineti tərəfindən təsdiq olunması və bu fəaliyyətin 2016-2019-cu illər üzrə Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planına daxil edilməsidir. Bütün bunlar hökumətdən minimum gözləntilərdir. Hesab edirəm ki, ən azı bu problemləri həll edə bilməyən hökumətin hesabatı parlament tərəfindən qəbul edilməməli və Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 14-cü bəndinə müvafiq olaraq Nazirlər Kabinetinə etimadsızlıq məsələsini qaldırmalıdır".

Hökuməti istefaya çağırmaq lazımdır

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli isə bildirib ki, hakimiyyət bölgüsünün həyata keçirildiyi bütün ölkələrdə hökumət parlament qarşısında mütəmadi olaraq hesabat verir. Onun qənaətincə, bu hesabat hökumətin işini daha yaxşı təşkil etməyə, ölkədə bürokratik aparatın özbaşınalığının qarşısının alınmasına, vətəndaşların mənafelərinə xidmət edən addımların atılmasına xidmət edir:

"Mənsub olduğu səlahiyyətlərə görə digər hakimiyyət qollarından daha fəal və çoxlu vəzifələr yerinə yetirən icra hakimiyyətinin bir növ özbaşınalığa yuvarlanmasının qarşısı alınır. Hökumətin hər bir hesabatı onun fəaliyyətinə bu və ya digər dərəcədə təsir etmirsə, deməli, bu, formal xarakter daşıyır. Həm də parlamentdəki dinləmələr o vaxt effekt verir ki, hökumət az da olsa, ondan asılı olsun. Əks halda hökumətin hesabatı qeyd xatirinə icra edilir. Milli Məclisdə hökumətin hesabatı, zənnimcə, formal xarakter daşıyacaq. Çünki bizim qanunvericiliyə görə, nazirlərin təyin edilməsi iləbağlı Milli Məclisin demək olar ki, heç bir səlahiyyəti yoxdur. Həm də indiyədək bununla bağlı parlamentdə bir dəfə də olsun etiraz səsi eşidilməyib".

M.Rəhimli hesab edir ki, Milli Məclisdə hökumətin fəaliyyətinin ciddi tənqid ediləcəyini və onun işini daha yaxşı təşkil etmək məqsədilə fundamental və əsaslandırılmış təkliflər veriləcəyini gözləmir. Partiya yetkilisinin fikrincə, indiyədək bir deputat olsa belə, hökumətin fəaliyyətindən narazılığını bildirməyib, əksinə, ölkəmizin getdikcə daha çox inkişaf etdiyini, regional liderə çevrildiyini bildiriblər: "İndi bunun əksinin söylənilməsi məntiqsizlik və özü-özünü təkzib olardı. Bununla belə, xırda təkliflərin olacağı istisna deyil. Hökumətə ilk növbədə veriləcək təkliflər korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni effektli təşkil etmək, yerlibazlığa və qohumbazlığa son qoymaq, real islahatlar keçirmək olmalıdır. Elə etmək lazımdır ki, ölkə əhalisi onu əzən narahatlıq və nigarançılıqdan xilas olsun, təzyiq altında yaşamasın, sabaha ümidlə baxsın”.

M.Rəhimli onu da qeyd edib ki, hökumətdən soruşmaq lazımdır ki, ayda 160-300 manat arasında əmək haqqı alan müəllimlərin, tibb işçilərinin və s. kateqoriyaya daxil olan insanların yaşamaları ilə bağlı təsəvvürləri necədir və bunu necə dərk edirlər? "Ümumiyyətlə, niyə indiyədək ölkəyə gələn neft pullarından effektli istifadə edilməyib və alternativ istehsal sahələri yaradılmayıb? Getdikcə artan işsizliyin qarşısını almaq üçün hökumət hansı real addımları atır vəs. Göründüyü kimi, hökumətdən soruşmalı nüanslar və verilməli təkliflər həddən artıq çoxdur. Bütün bunlar isə onu deməyə əsas verir ki, Milli Məclis hökumətin imkanları ilə gördüyü işləri müqayisə edərək onu bütövlükdə istefaya çağırmaq lazımdır",-deyə M.Rəhimli fikrini tamamlayıb.

Reyting.az





Bölməyə aid digər xəbərlər