16:11 / 11-12-2017
Yeni ilin ilk ayı – Dekabr
Azərbaycanın xalça xəzinəsi – Dosent yazır
Tarix: 13-04-2017 15:13 | Bölmə: Mədəniyyət


Azərbaycan mədəniyyətinin özülü dərin tarixi köklərdən qaynaqlanır. Zaman-zaman inkişaf edən mədəniyyət sistemləşib dəyərləri formalaşdırır. Bu baxımdan mədəniyyət dəyərlər sisteminə malikdir. Hər bir xalqın özünəməxsus mədəni dəyərləri olsa da, bunlar insanlığa məxsus olub, onun ruhi vəziyyətini qidalandıran Tanrı nemətidir. Mədəni dəyərləri bir-birinə bağlayan məhz onun Tanrı neməti olmasından irəli gəlir.

İnsan yarandığı zamandan mədəniyyəti qurmaqla məşğuldur. Mədəniyyət anlayışının seçilməsi isə insanın təfəkküründən və dərketmə qabiliyyətindən asılı olaraq qalmaqdadır. Dünyanın dahi şəxsiyyətləri mədəniyyət haqqında müxtəlif aforizmlər söyləmişlər. Bəzi mədəni dəyərlər xalqların tarixi və coğrafi mühitinə uyğun olub, onun dünya görüşünü formalaşdıraraq inkişaf edir. Belə nümunələr dünya xalqları arasında rəngarəng və müxtəlif çalarlara məxsusdur, musiqini, təsvirçilik sənətini, memarlığı və toxuculuq mədəniyyətini hər bir xalq özünə müvafiq dərəcədə dərk etmiş və uyğun səviyyədə tanıtmışdır.

Bütün xalqların dünya mədəniyyətinin zirvəsinə yüksəldən mədəni dəyərləri var. Bu dəyərlərin seçilmiş sahələrini cızarkən onların yaşadıqları mühiti şeir-söz sənətinin yurdu, musiqinin beşiyi, sənətkarlığın ocağı, memarlığın vətəni, toxuculuğun və geyimin təşəkkül məkanı deyə adlandırırlar. Belə halda xalqların bir–biri ilə qarşılıqlı mədəni münasibətləri yarandıqca dünya mədəniyyəti də sistemləşib inkişaf edir.


Mədəni dəyərlərin iki halı vardır. Onlardan birincisi maddi görüntülərə, digəri isə mənəviyyat aləminə aiddir. Hər iki hal bir-birini qarşılıqlı vəziyyətdə formalaşdırır. İnsanların qoruya bildikləri mədəni sərvətlər təbiətin qorumuş olduğu mədəni dəyərlərə vəsilədir. Qədim kurqanlar və gizli xəzinələr təbiət tərəfindən qorunan sirli muzeylərdir. Ən qədim mağaraların divarlarındakı rəsmlər, qayalar üzərindəki cizgilər də bu sırada əvəzsiz nümunələrdir.

Qədim zamanlardan bəri insanlar hər bir sahədə yaratdıqlarını qorumaq üçün müxtəlif üsullardan istifadə etmiş, onların həm şifahi, həm də maddi varlığını sistemli şəkildə fomalaşdırmışlar.

Lakin qorunmuşların dəyərini bilmək və insanlıq aləminin mədəni inkişaf prosesinin təbii konturlarını cızaraq mühafizə etmək insan cəmiyyətinin üzərinə düşən borclardan biridir. Bunun üçün də xüsusi müəssələr yaradılmışdır. Bu müəssələr muzey adlandırılır.

"Museum” latın sözü olub, mənası "muzey” deməkdir. "Museion” sözü muzalara həsr edilmiş yer, muzalar məbədi anlayışı ilə tanınır, müasir dövrdə tarix, incəsənət abidələrini, elmi-təbii eksponatları toplayıb mühafizə və nümayiş etdirən müəssisə mənasındadır.

İndi dünyada xalqların yaratdıqları müxtəlif muzeylər vardır ki, onlar mədəniyyət salnaməsini əks etdirməklə qürurverici məkan rolunu oynayır. Belə məkanlar hər bir xalqın özünə müvafiq mədəni cəhətlərini göstərməklə həmin xalqı təlqin olunanlar sırasına salır.

Bu zəmində, Azərbaycan xalqı dünya mədəniyyətinə töhfələr vermiş qədim xalqlardan hesab olunur. Min illərin yadigarı Azıx mağarası, Qobustan və Gəmiqaya kimi əvəzsiz mədəni tarixi abidələr bir çox həqiqətlərdən xəbər verir.

Tarixin keşmə-keşli yolunu ötmüş Azərbaycan xalqı mədəniyyətin geniş sahələrini əhatə edə biləcək Türk mədəniyyətini formalaşdıran xalqlardandır. Onun söz, musiqi sənəti, təsvirçilik və memarlğı Şərqdə nə qədər geniş yayılmışdırsa, xalçaçılıq sənəti də dünyada bir o qədər qürurverici zirvəyə qalxmışdır. Burada xalçaçılığın bu şəkildə vurğulanması əbəs deyildir. Çünki, xalçaçılıq qədimdən bəri dünyaya ayaq açan Azərbaycan sözüdür, onun həyat uğurudur. Bizim dərk edə biləcək gücümüz Azərbaycan xalçasının sirlərinə yetməz. O, məişətdən qaynaqlanıb kodlaşmış kitabəyə qədər yüksəlmiş ecazkar sənət nümunəsidir.

Toxuculuğun tarixini e.ə VII-VI minilliklərə aid edən arxeoloqlar Qarabağ, Naxçıvan, Mingəçevir, Qazax və digər yerlərdə aparılan qazıntılar zamanı aşkar etdikləri alətlərdən tağaları, sümükdən düzəldilmiş biz və iyləri maddi dəlil kimi göstərməklə xalçaçılığın bu ərazilərdə yaranmasına şübhə yeri qoymamışlar. E.ə - VI-V əsrlərə aid Pazırık kurqanından tapılan ən qədim xalça nümunəsinin işarələri Azərbaycanın Muğan, Qarabağ və Qazax xalçalarının kodlaşmış motivləri ilə uyğunluq təşkil edərək bir çox tarixi həqiqətlərə işiq salır. Şərq müəlliflərinin salnamələrində isə Azərbaycan xalçalarının ecazkarlığı barəsində zəngin məlumatlar indi də araşdırıcıları düşünməyə vadar etməkdədir.


XV-XVI əsrlərdən avropalıların məişətinə daxil olmuş Azərbaycan xalçaları o dövrün intibah rəssamlarının əsərlərində əks olunmaqla fəlsəfi təsvirçilik cərayanlarının sistemləşməsinə az təsir göstərməmişdir. Bu cür yanaşmalar Azərbaycan xalçalarını dünyanın ən möhtəşəm muzeylərinin qiymətli eksponatlar nümunəsinə çevirməklə dəyər vermişdir. Bəlkə də xalçanın özü, üzərindəki naxışları ilə nəsillərdən-nəsillərə məna yüklərini ötürən sirli "muzey”dir. Bu muzeyin sirləri isə dərin keçmişə malikdir. Onun zənginliyini, sirliliyini qoruyacaq muzeyə isə hər zaman ehtiyac duyulacaqdır. Xalçanın naxış yaddaşı və həmin naxışların rəng semantikası dünyanın yaranış sirlərini yaşadan əvəzsiz sənət nümunəsidir. Əbəs yerə deyildir ki, dünyanın məşhur xalçaşünasları Azərbaycan xalçasını bəşəriyyət üçün gərəkli məlumatlar daşıyan kitabə adlandırmışlar. Onların fikrincə, xalçalarımızın üzərindəki qeyri-adi işarələr həm də kosmosla bağlıdır. Bu zənginliyin və sirli görkəmin qaynağı elə budur. Ən etibarlı şəkildə bu xalçaların qorunması vacibdir. Çünki texniki tərəqqinin sürətli inkişafı, əl əməyi sayəsində ərsəyə gələn xalçaçılıqla apardığı rəqabət onun əvvəlki şöhrətini azaltmaqdadır. Bu da müxtəlif xalçaçılıq və toxuculuq ənənələrinin unudulmasına gətirib çıxaran vəziyyətdir. İndi sapandı, gözəki, çatını, sicimi, örkəni, üşülü, şötüyü, heybəni, xurcunu, qəlibi, nəməndi və bu kimi digər nümunələri yalnız muzeylərdə görə bilərik. Belə olan halda muzeylər bizim xalçaçılıq sənətimizin yaddaş qalasına çevrilib keçmişimizi qorumağı təmin edən məkandır. Xüsusi olaraq xalça muzeyi dünyada ilk dəfə Azərbaycanda yaradılmışdır. Belə bir muzeyin yaradılmasının ilk təşəbbüskarı görkəmli alim, xalçaçı rəssam və xalçaşünaslıq elminin banisi Lətif Kərimov olmuşdur. Onun bu təşəbbüsü irəli sürməsi müxtəlif səbəblərə söykənirdi. O, bilirdi ki, dekorativ tətbiqi sənəti təmsil edən kolleksiyalara məxsus muzeylər dünyanın bir çox ölkələrində vardır. Lakin xalçalar möhtəşəm muzeylərin bir neçə salonlarında sərgilənməklə diqqət mərkəzindən yayınaraq nəzərə çarpmırdı. Həmin kolleksiyalara məxsus xalçaların demək olar ki, çox hissəsi Azərbaycan xalçaçılıq sənətinin nümunələri idi. Xalçaların muzey eksponatına çevrilməsinin isə bir çox səbəbləri olmuşdur ki, bu da müəyyən araşdırmalar tələb etməkdədir. Amma Lətif Kərimovun xalça sənəti barəsindəki uzaqgörənliyi tamamilə başqa məsələlərin həlli üçün nəzərdə tutulmuşdur.

Mərhum ustada muzey barəsində verdiyimiz sualları dolğun və əsaslı fikirlərlə cavablandırırdı. O, bu barədə bir neçə faktları sadalayıb deyirdi:

"Azərbaycan xalçası yeni qurulmuş Sovet dönəmində iqtisadi çətinliyin aradan qaldırılmasında çox əhəmiyyətli rol oynamışdır. Çünki, həmin zamanlarda taxılçılığın zəifləməsi və dünya ölkələrinin Sovet imperiyası ilə iqtisadi və ticari əlaqələri kəsməsi belə bir durumun yaranmasına səbəb olmuşdur. Lakin Kanadanın taxılçılıq şirkətlərindən birinin Qafqaz xalçaları ilə barter etmək təşəbbüsü çətinliyin qarşısını müəyyən qədər almışdır...”.

Lətif Kərimovun dediklərindən məlum olurdu ki, Sovet inqilabına qədər Azərbaycanda toxunan xalı-xalçaların Avropa və Amerika qitəsinə qədər ticari yollarla gedib çıxması keçmişlərdən bəri labüd idi. İstər Çar Rusiyası dövründə, istərsə də ondan öncəki tarixi dövrlərdə geniş ticarət, Azərbaycan xalçaçılığının inkişaf yollarını təmin edirdi. Məhz bu baxımdan hər evdə, hər ocaqda xalça toxunurdu və hətta böyük karxana sahibləri xalçaçılıqla sərfəli gəlirlər əldə edirdilər. İnqilabdan sonra tacir və sahibkarların yeni sistemlə uyğunlaşmaması xalçaçılığın isə tamamilə başqa strukturda qurulması prosesi Azərbaycan xalçaçılığının inkişaf istiqamətini dəyişdi.

1930-1933-cü illərdə Gürcüstan Sovet Respublikasının Zaqorski şəhərində mərkəzləşmiş xalça birliyinin yaradılması zamanı bəzi xalça məktəblərinin itirilməsi nəticəsində ailə xalçaçılıq ənənəsi zəiflədi və yeni qurulmuş strukturda işləməyə istiqamətləndirildi. Məhz bu səbəbdən XIX əsrin sonu - XX əsrin əvvəllərinə qədər toxunmuş nəfis xalça nümunələrinin bir çox çeşidlərinin Azərbaycan ərazisindən Qafqaz xalçaları adı altında barter məqsədi ilə xalqdan kütləvi şəkildə yığılıb alınması həmin dövrün xalçalarının tamamilə azalmasına səbəb oldu. Azərbaycan xalçaçılığına məxsus ənənələrin bu şəkildə pozulması prosesləri Lətif Kərimov kimi dahi alimi düşündürməyə bilməzdi. O, bilirdi ki, xalqın əlində qalan həmin dövrün xalçaları hədsiz dərəcədə azalmış, bəziləri isə tamamilə yox olmuşdur. Əsas çeşidləri də 1930-1933-cü illərdə Zaqorskda təşkil edilmiş xalçaçılıq müəssisəsində çeşniyə salınmaq üçün toplanmışdır ki, onların da yenidən geriyə qaytarılması mümkün deyildir. Bu baxımdan Lətif müəllimin daxili aləmini sızladan anlar başlamış və digər Azərbaycan ziyalılarını da bu amala təkan verməyə dəvət etmişdir. Onun söylədiklərindən aydın olurdu ki, hətta Üzeyir bəy, həmçinin o, dövrün görkəmli sənətkarları və dövlət xadimlərindən bəziləri də Lətif müəllimin fikirlərini dəstəkləyirdilər. Ən başlıcası isə Azərbaycan xalçaçılığının bədii, texniki ənənələrinin öyrənilməsində, kodlaşmış işarəvi sistemin və yazıya alınmamış tariximizin səhifələrini açmaqla əhəmiyyətli olacaq Xalça Muzeyinin rolunu öncədən görmək müdrikliyin bariz nümunəsi idi ki, o da Lətif Kərimov fenomenində öz əksini tapmışdır.

Nəticədə xalçalarımızın tədricən tədqiq olunaraq bölgələrdən toplanması prosesi müəyyən zaman çəksə də, nəhayət 1967-ci ildə dünyada ilk dəfə, sırf xalça sənətinə həsr olunmuş yeganə muzey yaradıldı.

Azərbaycan Xalça Muzeyinin eksponatları dünyanın nadir toxuculuq incilərindən heç də geri qalmayan nümunələrlə zəngindir. Onların araşdırılması gələcək tədqiqatların öhdəsindədir. Muzeydə minlərlə xalça və xalça məmulatları qorunub saxlanılır. Tarixi yaşına baxmayaraq kibernetik anlayışlı naxışlarla tərtib edilmiş Azərbaycan xalçaları öz sirrini bu muzeydə açıqlayır və heç bir dünya muzeyində onların bənzərinə rast gəlmək mümkün deyil.

Muzeydə Azərbaycan xalçaçılığının bütün növləri ilə yanaşı toxuculuğun digər sahələrinin nümunələri də mövcuddur, həmçinin burada tətbiqi sənətin başqa sahələrini əhatə edən eksponatlar numayiş olunur.

Zənnimcə, artıq Muzeyimizin 50 illik baharından sonra da xalça mədəniyyətimizin parlaq təbliği dövrü üçün yeni-yeni qapıların açılması zəruridir və cəlbedicidir. Bu istiqamətdə çalışmalar isə vətənpərvərliyin ən yaxşı nümunəsi hesab oluna bilər.

Hazırda, Azərbaycan Xalça Muzeyi milli varlığımızı ifadə edən xalçaların saxlanc yeri kimi təqdim olunur, o, həm də təfəkkür məkanımız və xalqımızın bədii məfkurəsinin ay kimi aydın olan mədəniyyət beşiyi olaraq fəaliyyət göstərən xəzinəsidir.

Məmmədhüseyn Hüseynov

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti





Bölməyə aid digər xəbərlər