Mərkəzi Banka köçürülən vəsaitlərə təhlükə yaranıb
Tarix: 16-01-2017 15:38 | Bölmə: Slayd

 

Milli valyutanın dəyərdən düşməsi və dolların məzənnəsinin yüksəlməsinin yaratdığı problemlər daha da dərinləşir. Artıq ölkədə dollar qıtlığı ciddi şəkildə üzə çıxır, hökumət isə bunun qarşısında acizlik nümayiş etdirir.

Məlum olduğu kimi, Neft Fondundan Mərkəzi Banka 7,5 milyard manatın tranfertinə qərar verilməsi də müzakirə mövzusudur.

İqtisadçı-ekspert Rövşən Ağayev deyib ki, Azərbaycan iqtisadiyyatının və milli valyutamızın sərbəst üzən məzənnə rejiminə hazır olmaması bəlli idi. Onun sözlərinə görə, 2016-cı ildə hökm sürən valyuta qıtlığı istər turizm üçün, istərsə də digər biznes sahələri üçün ağır zərbə olub:

"Əlavə olaraq, valyuta qıtlığı manata təzyiqi artırır, milli valyutaya etimadı sarsıdır. Bu baxımdan, qısamüddətli dövrdə Mərkəzi Bankın Neft Fondundan dəstək alması hazırda çıxılmazlıqdan doğan mümkün variantlardan biridir. Belə görünür ki, hökumət manatın indiki səviyyədən daha artıq ucuzlaşmasını istər siyasi, istərsə də sosial və iqtisadi baxımdan təhlükə olduğu qənaətindədir".

İqtisadçı-ekspert bildirib ki, hazırkı addım strateji olaraq o zaman iqtisadiyyat üçün faydalı olacaq ki, hökumət köklü bazar islahatları, idarəetmədə köklü dəyişikliklər etməyə hazırlığını nümayiş etdirəcək və buna vaxt itirmədən start verəcək.

Müsahibimiz nəzərə çatdırıb ki, biz 2017-ni zaman olaraq qazanacağıq, amma qarşıdakı illərdə bizim üçün daha böyük itkilər və sarsıntılar ola bilər. "Bir halda ki, makroiqtisadi sabitlik üçün böyük həcmdə ehtiyatların qurban verilməsi qərara alınıb, yaranmış situasiyadan islahatlar üçün maksimum yararlanmaq lazımdır. Bu qərardan sonra məzənnənin necə olacağı ilə bağlı hansı qənaətə gəlmək olar? Ümumiyyətlə, manatın bundan sonrakı ucuzlaşması təhdidlər yaradır - istər ev təsərrüfatlarına, istərsə də biznes sektoruna. Bundan artıq bahalaşma isə fiskal baxımdan hökumətin maraqlarına cavab vermir. Bu baxımdan, Mərkəzi Bank vasitəsilə valyuta dəstəyi mexanizmi hazırda formalaşan məzənnə ətrafında sabitləşməni hədəfə alıb",- deyə R.Ağayev əlavə edib.

İqtisadçı Samir Əliyev isə Mərkəzi Bankın valyuta ehtiyatlarının ciddi dərəcədə tükəndiyini deyib. Onun sözlərinə görə, Mərkəzi Bankın valyuta ehtiyatı dekabr ayında pisxoloji həddi keçib.

O bildirib ki, baş bankın valyuta ehtiyatları 3 milyard 974,4 milyon dollara düşüb:

"Azalma 0,9 faiz olub. Bununla da bankın ehtiyatı 9 illik minimum həddə düşüb. Bankın ehtiyatı son dəfə 2008-ci ilin yanvarında 4 milyard dollardan aşağı olub".

İqtisadçı qeyd edib ki, ehtiyatların azalması böyük ehtimalla onun tərkibinə daxil olan valyutaların dekabrda ucuzlaşması ilə bağlıdır:

"Ötən ilin dekabr ayında avro dollara nisbətən 0,9 faiz, ingilis funtu isə 1,5 faiz ucuzlaşıb. Neft Fondundan Mərkəzi Banka 2017-ci ildə 4,2 milyard dollar ayrılması valyuta ehtiyatının azalmasını arxa plana keçirib. Çünki il ərzində gözlənilməz hal baş verməsə, Mərkəzi Bank bazarı ehtiyatları hesabına yox, Neft Fondunun transferti hesabına tənzimləyəcək. Güman ki, valyuta ehtiyatlarının il ərzində azalması daha çox məzənnə fərqi hesabına olacaq".


Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı-alim Qubad İbadoğlu isə hesab edir ki, ARDNF-dən Mərkəzi Banka ayrılacaq 7,5 milyard manatı banklar sürətlə "yeyəcək". Onun sözlərinə görə, neft gəlirlərinə münasibətdə yığım və xərcləmələrlə bağlı qərarlar uzunmüddətli dövr üçün nəzərdə tutulan fiskal qaydalarla tənzimlənməlidir. Çünki yalnız fiskal qaydaların tətbiqi neft gəlirlərinin istifadəsini siyasi proseslərdən kənarda saxlayır və vəsaitlərin izafi xəclənməsinə yönəlmiş siyasi təzyiqlərin qarşısını almağa kömək edir.

Q.İbadoğlunun fikrincə, belə qaydaların mövcudluğu iqtisadi böhran dövründə xüsusilə də maliyyə sektorunun etirablılığını təmin edir:

"Bu sadə həqiqəti başa düşənlər, nəhayət ki, 10-15 il bundan əvvəldən tətbiq edilməsi zəruri olan qaydaların "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" Qanununun tətbiqi barədə fərmanda bu il hazırlanmasına qərar veriblər. Fərmana görə, ARDNF-dən dövlət büdcəsinə transfertin yuxarı həddinin tənzimlənməsinə və fiskal dayanıqlılığın gücləndirilməsi məqsədilə yeni qaydalara dair təkliflər Maliyyə Sabitliyi Şurası tərəfindən hazırlanıb, 6 ay müddətində prezidentə təqdim edilməlidir. Əgər bu qaydalar qəbul edilərsə, ondan sonra dövlət büdcəsinə nəzərdə tutulan transfertin yuxarı həddinin aylıq və rüblük bölgü əsasında həyata keçirilməsini Maliyyə Nazirliyi Mərkəzi Bankla əlaqələndirməklə təmin edəcək. Göründüyü kimi, fiskal qaydalar bu il hazırlansa da növbəti ildən tətbiq olunacaq. Bu isə o deməkdir ki, fiskal qaydalar ən yaxşı halda ARDNF-ə daxil olan gəlirlərin 80 faizə qədəri xərclənəndən sonra işləyə bilər”.

Q.İbadoğlu məlumat üçün qeyd edib ki, ARDNF-in 2001-ci ildən etibarən ötən ilin dekabr tarixinə qədər "Azəri-Çıraq-Günəşli" yataqlar bloku üzrə 121,586 mlrd. ABŞ dolları, "Şahdəniz" yatağı üzrə isə 2,506 mlrd. ABŞ dolları həcmində, bütövlükdə isə 124 milyard 92 milyon ABŞ dolları olub.

Ekspertin sözlərinə görə, bu qaydaların zəruriliyi və fiskal çərçivənin müəyyənləşdirilməsinin vacibliyi barədə 2006-cı ildən indiyə qədər dəfələrlə çıxış etsələr və hətta rəsmi olaraq təkliflərini 2012-ci ildə Maliyyə Nazirliyinə göndərsələr də, ötən ilin sonuna qədər ona əhəmiyyət verən olmayıb:

"Çox gec olsa da, fiskal qaydaların hazırlanmasına 6 ay vaxt ayrılması da indiki şəraitdə təsadüfi sayıla bilməz. Çünki cari ildə Fondun xərcləri ötən illə müqayisədə 6,3 milyard manat çox proqnozlaşdırılıb ki, onu da heç bir fiskal çərçivə və qayda ilə əsaslandırmaq mümkün deyil".

İqtisadçı-alim qeyd edib ki, Fondun xərclərinin budəfəki artımında xüsusi rol oynayan ARDNF-dən Mərkəzi Banka 7,5 milyard manatlıq transfertdır ki, onun da çox hissəsi manatın məzənnəsinin səmərəsiz tənzimlənməsinə və əvvəldən xəstə doğulmuş "parnik"də bəslənən bir sıra bankların sağlamlaşdırılmasına yönəldiləcəyi ehtimal olunur:

"Bu məqsədlə xərclənəcək vəsait ilin sonuna Neft Fondunun aktivləri 30 milyard dollaradək azalda bilər. Hökumətin 6 ay müddətinə hazırlanacaq fiskal qaydaları ilə bağlı fərmanına münasibətdə onu da əlavə etmək istərdim ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatı olaraq fiskal qaydaları 6 aya deyil, 1 həftəyə hazırlayıb, təqdim etməyə hazırıq. Çünki bu qaydalar cari ildə tətbiq edilərsə, ölkədə makroiqtisadi sabitliyə, maliyyə siyasətinin ardıcıllığına və etibarlılığına əlavə fayda verə bilər. Bu məqsədlə daha ardıcıl və sabit xərcləmələrə yol açan fiskal qaydaların işlənməsinin müxtəlif metodologiyasını da təklif edirik.

Balanslaşdırılmış büdcə qaydası - Cari xərclər "dövrü qaydada" qeyri-neft gəlirləri ilə tarazlaşdırılır.

Xərclənmə qaydası - Ümumi və cari xərclərə mütləq mənada limit qoyulur. Bu limit xərclərin atrımı baxımından və ya ÜDM-də xüsusi çəkisi əsasında müəyyənləşdirilə bilər.

Borclanma qaydası - Dövlət borclarına ÜDM-in faizinə limit qoyulur və onun ödənişi uzunmüddətli dövrdə proporsional əsasda tənzimlənir.

Gəlir qaydası - Büdcəyə daxil olan gəlirlər üzrə minimum və maksimum hədd tətbiq olunur.

Çıxarmalar-ayırmalar qaydası - Fonda yığılan cari gəlirlərdən və aktivlərdən ayırmalara limit qoyulur".

Q.İbadoğlu qeyd edib ki, sonuncu qayda demək olar ki, təbii resurslarla zəngin olan əksər ölkədə müxtəlif metodlarla tətbiq edilir.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}