250-dən çox məhkum azadlığa buraxılıb
Tarix: 15-03-2017 15:13 | Bölmə: Slayd

Azərbaycan prezidenti İlham Əliyevin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamı hüquq sistemində mütərəqqi islahatların daha intensiv davamına rəvac verməklə, bu sahədə sürətli təkamülün əsasını qoyub.

Reyting.az-ın xəbərinə görə, bu fikri Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov müvafiq Sərəncamın imzalanmasından ötən bir ay ərzində görülən işlər barədə Azərtac-a müsahibəsində deyib.

Ədliyyə naziri bildirib ki, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə ötən il iqtisadi sahədə bəzi əməllərin dekriminallaşdırılması ilə bağlı cinayət qanunvericiliyinə mühüm dəyişikliklər edilib.

"Ədliyyə Nazirliyi tərəfindən yeni qanunun təsiri altına düşən şəxslərin dairəsi müəyyən olunaraq, 1400-dən artıq məhkum barədə məhkəmələrə təqdimat göndərilib və onların bir çoxu cəza çəkməkdən azad edilib, yaxud cəza müddətləri azaldılıb. Şübhə yoxdur ki, dövlətimizin başçısının yeni Sərəncamı da nəticədə məhkumların hüquqlarının etibarlı təminatına, bir sıra cinayətlərin dekriminallaşmasına, cəza siyasətinin humanistləşdirilməsinə, azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinin genişlənməsinə şərait yaradacaq".

Qanunvericiliyə bir sıra, o cümlədən iqtisadi sahədə törədilən cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrumetməyə alternativ cəzaların əlavə olunması ilə bağlı, habelə mövcud alternativ cəzaların, cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və şərti məhkumetmə institutlarının, həbsə alternativ olan qətimkan tədbirlərinin daha geniş tətbiqinə imkan verən dəyişikliklərin edilməsinin nəzərdə tutulduğunu vurğulayan F.Məmmədov deyib:

"Artıq Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Ali Məhkəmənin birgə işçi qrupu tərəfindən müvafiq qanunvericilik layihələri hazırlanır. Həbsdə olan 250-dən çox şəxs təkcə keçən ay ərzində qanunla müəyyən edilmiş qaydada istintaq təcridxanalarından azadlığa buraxılıb. Həmçinin istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı da xeyli azalıb. Hesab edirəm ki, bunlar Sərəncamın məqsədi baxımından mühüm göstəricilərdir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}