Məscidin söküntüsü etiraza səbəb olub - Fotolar
Tarix: 12-04-2017 15:30 | Bölmə: Slayd


Bakının «Sovetski» məhəlləsindəki söküntü işlərinin davamı olaraq, bu gün səhər saatlarından Çingiz Mustafayev küçəsində yerləşən Hacı Cavad məscidi sökülür.

Lakin söküntü birmənalı qarşılanmayıb. Küçə sakinləri və inanclı insanlar məscidin sökülməsinə qarşı çıxıb. Bu səbəblə əraziyə polis əməkdaşları cəlb olunub. Şahidlərin bildirdiklərinə görə, polis tərəfindən saxlanılanlar var.(Musavat.com)

Daha sonra ibadət əhlinin bir hissəsi məscidin qarşısında toplaşaraq günorta namazı qılıb və daha sonra etiraz aksiyasını davam etdiriblər.

Məlumata görə, söküntü işlərinə axşam saatlarında başlanacaq.

Hadisə yerinə gələn Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırovun tapşırığı ilə polis alayı məscidin qarşısından kənarlaşıb. Az sayda polis əməkdaşı vəziyyətə nəzarət edir.

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da "Sovetski”də 2 məscidlə bağlı məsələyə aydınlıq gətirib.

M.Qurbanlı APA-ya bildirib ki, həmin məscidlər qeydiyyatda deyil, köhnə olduğu üçün yararsız hala düşüb. Ərazidə bütün köhnə tikililər sökülür, o cümlədən də orada iş aparılır.

Həmin ərazidə yaşayan insanlarla söhbət aparıldığını, lazım gələrsə, başqa yerdə eyni məhəllə məscidinin tikiləcəyini, beləliklə, sakinlərlə məsələnin razılaşdırıldığını deyən komitə sədri bildirib ki, məsələ ətrafında din adı altında süni ajiotaj yaratmaq istəyənlər var:

"O məscidlərə ən çox halda cümə və bayram namazına 80-100 nəfər ancaq yığılardı. Normal namazlarda isə 3-5 nəfər gələr və ya gəlməzdi. Ora nə tikili, nə də məscid kimi qeydiyyatdadır. Ötən əsrin əvvəllərində tikilmiş, tamamilə yararsız hala düşmüş məhəllə məscidi deyilən bir yer idi.Ərazinin ətrafında 4 böyük məscid var və necə lazımdırsa fəaliyyət göstərir, insanlar ibadətlərini edirlər. Bu səbəbdən oradakı sakinlərin heç bir narazılığı yoxdur, əksinə məqbul sayırlar. Bu məsələ ətrafında süni ajiotaj yaradanlar, hay-küy salanlar dindən kənar, din adından istifadə edən qüvvələrdir”.

M.Qurbanlı qeyd edib ki, Bakıda 134 məscid var, Azərbaycan prezidenti İlham Əliyevin dinə verdiyi ən böyük dəyər nəticəsində bütün ölkə üzrə məscidlərin tikintisi, bərpası həyata keçirilir:

"Bizdə Heydər məscidi və digər bu kimi mötəbər məscidlər fəaliyyət göstərir. Suyu bulandırmaq, ümumi işə ziyan vurmaq istəyənlər hay-küy salırlar. Bu adamların mömin insanlarla heç bir əlaqəsi yoxdur”.

Qeyd edək ki, Hacı Əbdülrəhimbəy Qulubəyov məscidi artıq sökülüb, Hacı Cavad məscidinin isə sökülməsi nəzərdə tutulur.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli isə məsələyə münasibət bildirərkən Teleqraf.com-a deyib ki, bu, Mədəniyyət və Turizm Nazirliyi və hüquq-mühafizə orqanlarının işidir. Qərara görə bu iş görülməlidir.

Onun sözlərinə görə, Bakının gözəlləşməsi, inkişafı naminə görülən bu cür işlər normal qarşılanmalıdır.

Mədəniyyət və Turizm Nazirliyi də məscidin sökülməsinə münasibət bildirib.

Nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Vüqar Şixməmmədov bildirib ki, Hacı Cavad məscidi tarixi və qorunan abidələr siyahısından çıxarılıb:

"Abdulla Şaiq və Mustafa Sübhi küçəsində yerləşən məscidlərə mütəxəssislər baxış keçirib. Ötən il artıq mütəxəssislərin rəyi nəticəsində hər iki məscidin dayanaqlılığının zəifliyini nəzərə alaraq onlar müvafiq qərar əsasında qorunan abidələr siyahısından çıxarılıb”.(bakıpost)

Qeyd edək ki, Hacı Cavad məscidi XIX əsrdə inşa olunub və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni aşkar olunmuş tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib. 






 

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}