Ölkədə sosial gərginlik artır – Hökumət seyriçidir
Tarix: 24-10-2017 11:51 | Bölmə: Slayd
Ölkədə sosial gərginlik artır

Son dövrlər ölkə vətəndaşları arasında narahatlıqlar artıb. Buna səbəb pensiya və müavinətlərin, eləcə də digər sosial ödənişlərin azaldılması, bəzi hallarda isə kəsiləcəyi ilə bağlı məlumatların yayılmasıdır. Çünki son vaxtlar qəbul edilən dəyişikliklər və planlaşdırılan yeniliklər əksər hallarda əhalinin aztəminatlı təbəqəsinin maraqlarına zidd hesab olunur.

Reyting.az saytının xəbərinə görə, iqtisadçı-ekspert Məhəmməd Talıblı deyib ki, dövlət gəlirlərimiz artanda biz nəinki orta səviyyəli, hətta yüksək faizli artımlara gedə bilərdik. Ölkəyə maliyyə axını kanallarının geniş olması istənilən addımı mümkün edirdi. Lakin postneft dövründə bunu dövlətin gəlirləri hesabına deyil, daha çox vətəndaşlara yönəlik yığımları artırmaq hesabına etmək olar.

M.Talıblının sözlərinə görə, neft gəlirlərimizin yüksək olduğu zamanlarda sosialyönümlü xərclərimiz dövlət büdcəsinin 24-27 faizini təşkil edib: “Sonradan bu rəqəm ildən-ilə aşağı düşməyə başladı və sosial təyinatlı xərclərdə azalmalar bir az da artdı. Hətta neft gəlirlərinin sosial təsirlərini vətəndaşlar öz həyatlarında görə bilmədilər. Pensiyaçı, təhsil və səhiyyə işçisi, əqli və fiziki məhdudiyyəti olub müavinət alan vətəndaş neft gəlirlərinin onun həyatına birbaşa təsirini görə bilmədi”.

Ölkədə sosial gərginlik artır

M.Talıblının fikrincə, statistik hesabatlarda son illərdə ölkə üzrə yoxsulluğun səviyyəsini 49 faizdən (2001-ci il) 5 faizə (2016) qədər azalda biləcək "effektiv” hökumətin nailiyyətlərinə həsəd aparmamaq mümkün olmur. İqtisadçı-ekspert bildirib ki, guya bizim 100 nəfər vətəndaşımızın cəmi 5-i yoxsul yaşayır:

“Buna inandınızmı? Əgər real vəziyyətdən xəbərdarıqsa, alternativ hesabatlarla tanışıqsa və cəmiyyətdə gözübağlı gəzmiriksə, buna inanmaq mümkün deyil”.

Ekspert bir neçə göstəricidə yoxsulluğun səviyyəsini təxmin edəcəyimizi qeyd edib:

“Ölkədə ünvanlı sosial yardım alan vətəndaşlarımızın sayı 700 min nəfərdən artıqdır. Onların aldıqları müavinət cəmi 93 manatdır. Yəni, gündəlik 3 manatla yaşayan bir təbəqə.

Aşağı pensiya alan vətəndaşlarımızın durumuna nəzər salaq. Ölkədə cəmi 1,3 milyon nəfər pensiyaçı var. Onların aldıqları orta aylıq məbləğ 173 manatdır.

Qarabağ qaziləri, müharibə veteranları və bu qəbildən olan savaş görmüş müharibə veteranlarının aldıqları müavinətin cəmi isə 55 manatdır”.

Beynəlxalq hesabatlara görə, Azərbaycan əhalisi gəlirlərinin 72 faizini yalnız ərzağa xərcləyir. M.Talıblı isə deyir ki, Azərbaycanda yoxsulluğun artmasının əsas göstəricilərindən biri dövlət gəlirlərindən pay götürənlərin, digər imtiyazlar hesabına böyük sərvətə sahib olanların fantastik gəlirlər əldə etmələri və yoxsulluğun azaldılmasına heç bir tövhə verməmələridir:

“Əslində bizim iqtisadi siyasətimizin əsas hədəflərindən biri gəlir bölgüsünün bu mərhələsindəki maliyyə axını kanallarına effektiv nəzarətin təşkili olmalıdır. Bizdə gəlir bərabərsizliyini ortaya çıxaran əsas amil sərvət bölgüsündəki ədalətsizliklər və mülkiyyət haqlarına neqativ münasibətlə birbaşa bağlıdır. Gəlir bölgüsü ilə sərvətin yaranması arasında möhkəm bir bağlılıq var. Nəzəriyyədən də bilirik ki, iqtisadiyyat bir elm olaraq dövlətlərin sərvəti və bu sərvətlərin mənbəyini öyrənməyə çalışır. Biz ölkədəki sərvətlərin mənbəyini və onların gəlir bölgüsünə verə biləcəkləri tövhələri dəqiq təsəvvür etməliyik”.

İqtisadçı-ekspert bu problemləri nəzərə alaraq, ölkədə narazılığın artacağını da istisna etmir:

“Bizdə sosial gərginliyin çox olmasına baxmayaraq, insanlar hələ də vəziyyətin yaxşılaşacağına inanmaq istəyir. Yəni, problemləri həll etmək iradəsi yox, onu ertələməklə sanki qeyri-müəyyənliyə doğru addımlayır. Sanki ölkədə “harada qırılı-qırıla” psixologiyası düşüncələrə hakimdir. Hətta bu sosial gərginliyin kütləvi psixoz əlamətləri də sezilir”.

M.Talıblı sonda qeyd edib ki, belə əlamətləri ictimai münasibətlərdə, intiharların kütləvi olmasında, insan həyatının dəyərsizləşməsinə dair yüzlərlə səbəblərdə də açıq-aşkar görmək olur.

Təbii ki, yaranmış problemlərin qarşısını almaq üçün hökumət ciddi tədbirlər görməlidir. İlk növbədə sahibkarlara qarşı haqsızlıqlar, məmur inhisarçılığı və digər neqativ hallar aradan qaldırılmalıdır ki, ölkədə qiymət artımları qismən azalsın və azad rəqabət mühitində yeni iş yerləri fəaliyyətə başlasın. Amma hökumətimiz hələ ki ciddi tədbirlər görmək əzmini nümayiş etdirmir. Bu isə əhalinin yaşayışını getdikcə daha da çətinləşdirir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}