İsrail İrandakı nüvə obyektləri əvəzinə hərbi bazaları hədəfə alacaq
Tarix: 08-10-2024 20:40 | Bölmə: Dünya
İsrail İrandakı nüvə obyektləri əvəzinə hərbi bazaları hədəfə alacaq

Tehranı cavab hücumla hədələyən İsrailin İrandakı hərbi bazalarla yanaşı bəzi yüksək səviyyəli kəşfiyyat qurumlarının şəhərciklərini də hədəfə alacağı bildirilir.

Reyting.az
-ın məlumatına görə, “New York Times” qəzeti yazır ki, İsrail İrana hücum zamanı ilk mərhələdə nüvə obyektlərini deyil, hərbi bazaları və bəzi kəşfiyyat qurumlarının kampuslarını vura bilər.

Məqalədə İranın nüvə obyektlərinin heç olmasa ilk mərhələdə İsrailin hədəfi olmadığı iddia edilib. Məlumata görə, Tehran əks-hücumlarla gərginliyi artıracağı təqdirdə bu hədəflər sonraya saxlanılacaq.

Qeyd edək ki, oktyabrın 1-də İranın İsrailə raket hücumlarından sonra Tel-Əviv Tehranı “çox güclü” cavabla hədələyib.

İsrail mediası iddia etmişdi ki, Təl-Əvivin İranın hücumuna cavab olaraq ölkənin neft və nüvə obyektləri, o cümlədən İran lideri Ayətullah Əli Xamnəinin Tehrandakı iqamətgahı, Prezident Aparatı və İnqilab Keşikçiləri Korpusunun baş qərargahı mümkün hədəflər arasındadır.

İranın hərbi rəsmiləri isə İsrailin təhdidlərinə cavab olaraq istənilən hücuma İsrailin bütün enerji obyektlərini və infrastrukturunu hədəf alaraq cavab verəcəklərini açıqlayıblar.

Oktyabrın 3-də ABŞ prezidenti Co Bayden İsrailin İranın neft obyektlərinə hücumunu dəstəkləyib-dəstəkləməyəcəkləri ilə bağlı suala belə cavab verib: “Hazırda bunu müzakirə edirik”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər