İsrail ordusu “Hizbullah” komandirini öldürüb
Tarix: 08-07-2025 15:43 | Bölmə: Dünya
İsrail ordusu “Hizbullah” komandirini öldürüb

İsrail ordusu dünən Livanın cənubundakı Deyr-Keyfa bölgəsində “Hizbullah”ın Rıdvan qüvvələrinin komandirlərindən olan Əli Əbdülhəsən Heydəri öldürdüyünü iddia edir.

Reyting.az
xəbər verir ki, İsrail ordusunun yazılı açıqlamasına görə, Heydər mülki İsrail vətəndaşlarına və İsrail əsgərlərinə qarşı “Cəlileyi fəthi” planı da daxil olmaqla, çoxsaylı terror hücumları planlaşdırırmış.

Keçən aylarda “Hizbullah”ın Livanın cənubunda terror infrastrukturunu bərpa etmək cəhdlərində Heydərin də əli olduğu bildirilir. Qeyd olunur ki, “Qırmızı qüvvələr” komandirlərindən olan Heydərin fəaliyyəti İsrail-Livan razılaşmasını pozur.

Heydərə hücumdan təxminən iki saat sonra Livanın cənubundakı Beyt Lif qəsəbəsində daha bir “Hizbullah” üzvünün zərərsizləşdirildiyi iddia edilir.

İsrail ordusuna məxsus dronun Tir şəhərinin Deyr-Keyfa qəsəbəsində bir avtomobili, Nəbatiyyə şəhərinin Beyt Lif qəsəbəsində isə motosikleti hədəfə alması nəticəsində iki nəfər həlak olub.

İsrail və Livan arasında 27 noyabr 2024-cü ildə qüvvəyə minən atəşkəsə baxmayaraq, İsrail ordusunun Livanın cənubuna hücumları demək olar ki, hər gün davam edir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
6-07-2025, 20:08 BRICS Sammiti başlayıb