İranda hökumət əleyhinə etirazların ikinci dalğası başlayıb
Tarix: 13-01-2020 08:41 | Bölmə: Dünya
İranda hökumət əleyhinə etirazların ikinci dalğası başlayıb

İran hökumətinin, Ukraynanın “Boeing 737” sərnişin təyyarəsinin səhvən vurulmasını etiraf etməsindən sonra başlayan etiraz aksiyaları ara vermir.

BBC-nin xəbərinə görə, nümayişçilər aksiyanın ikinci dalğasına start veriblər. Bu dəfə etirazlara Tehran universitetlərində, eləcə də digər şəhərlərdə başlayıblar.

Tehranın Azadi meydanında və digər ərazilərdə nümayişçilərə qarşı mübarizə aparmaq məqsədilə polis dəstələri yerləşdirilib.

Mitinq iştirakçıları Tehranda Şahid-Beheşti Universitetinin girişində ABŞ və İsrail bayraqlarının təsvirini tapdalamaq istəməyiblər. Onlar eyni zamanda hökumət əleyhinə “Bizi aldadırlar, düşmənimiz Amerika deyil, düşmənimiz buradadır” şüarını səsləndiriblər.

Meydanda aksiyaçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma olduğu da deyilir. Polis gözyaşardıcı qazdan istifadə edib.

Aksiyaları işıqlandıran mətbu orqanlar reportajlarına “Biabırçılıq”, “Bağışlamaycağıq” sərlövhələrini seçiblər.

Bəzi kütləvi informasiya vasitələri isə hökuməti səhvini boynuna aldığı üçün təqdir ediblər.

Onu da qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İranda başlayan etiraz aksiyalarını dəstəklədiyini yazıb.

Tramp İran xalqına müraciətində yazıb ki, prezident olduğum dövrdən bəri sizinlə birlikdə olmuşam və hökumətim də sizinlədir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər