AFFA İntizam Komitəsi klubları cəzalandırıb
Tarix: 20-12-2023 16:31 | Bölmə: İdman
AFFA İntizam Komitəsi klubları cəzalandırıb

“Qarabağ” və “Neftçi” klubları azarkeşlərinə görə cərimələniblər.

Reyting.az
xəbər verir ki, Azərbaycan Premyer Liqasının XVII turunda bu komandalar arasında keçirilən görüşdə hər iki tərəfin fanatları tərəfindən rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib.

Bu hal həm “Qarabağ”da, həm də “Neftçi”də mövsüm ərzində 3-cü dəfə yaşandığından, AFFA İntizam Komitəsi klubların hərəsini 1000 manat cərimələyib.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda “Qarabağ” “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib.

Bununla belə, AFFA İntizam Komitəsi “Qəbələ”nin futbolçusu Samuel Tettehi 4 oyunluq cəzalandırıb.

Rəqibə zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alan 27 yaşlı forvardın cəzasının 2 oyunu şərti olacaq. Onun bu davranışı “Qəbələ”ni 3000 manat ziyana salıb.

Həmçinin, “Kəpəz”lə matçın 26-cı dəqiqəsində və oyun bitdikdən sonra azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sumqayıt” 1500 manat cərimələnib.

“Araz-Naxçıvan”la qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Sabah” isə 700 manat cərimə ödəyəcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər