Tarix: 03-07-2017 14:24 | Bölmə: Siyasət / Xəbərlər
Vətəndaş və İnkişaf Partiyası (VİP) Məclisinin IV qurultayında seçilmiş Məclisinin yeni tərkibdə ilk iclası keçirilib. İclasda ölkədəki ümumi vəziyyət, təşkilati məsələ, IV Qurultayda qəbul edilmiş qərarların icrasına yönəlik fəaliyyət, VİP-in 2018-ci ildə keçiriləcək Prezident seçkilərində iştirakı və cari məsələlərə baxılıb.
Gündəlikdəki birinci məsələyə dair geniş məruzə ilə çıxış edən VİP sədri Əli Əliyev ölkədə və Azərbaycanın aid olduğu regionda baş verən prosesləri ətraflı dəyərləndirib. Ə.Əliyev mövcud iqtidarın ölkədə əsaslı siyasi-iqtisadi islahatlara gemək niyyətinin görünmədiyini vurğulasa da, hakimiyyətdaxili yeni strukturlaşmanın köklü dəyişikliklərə hazırlıq ola biləcəyini deyib. VİP sədri xüsusi qeyd edib ki, daxili və beynəlxalq şərtlər Azərbaycanda real islahatların aparılmasını, siyasi sistemin təbii qaydada yenidən formalaşmasının qaçılmaz olduğunu diqqətə çatdırıb.
Məruzə ətrafında müzakirələrə qatılan Məclis üzvləri VİP sədrinin çıxışındakı məqamlara münasibətlərini bildiriblər.
Gündəliyin sonrakı məsələsi kimi VİP-in IV Qurultayından sonra Nizamnamədən irəli gələn bir sıra təşkilati məsələlərə baxılıb. İclasda VİP Məclisinin sədrliyinə növbəti dəfə Rəşid Abbasov seçilib. VİP sədrinin təqdimatı ilə Siyasi Şuranın 10 nəfərdən ibarət yeni tərkibi müəyyən edilib. Bundan başqa, Ə.Əliyevin təqdimatı əsasında Cahan Əliyeva VİP sədrinin birinci, Ramil Hüseynov, Adil Mir-Həsənli, Cavid Cabbarlı, Nailə Qasımzadə isə müavinləri postlarına təyin olunublar.
Üçüncü məsələnin müzakirəsində iştirak edən natiqlər IV Qurultayın qərarlarının icrası üçün VİP Mərkəzi Aparatı ilə rayon təşkilatları arasında kommunikasiyanın gücləndirilməsinin və operativ məşvərət imkanlarının genişləndirilməsinin vacibliyini önə çəkiblər. Bu məsələyə dair tövsiyə və təkliflər dinlənilib. Üçüncü məsələ haqqında çıxış edən VİP sədri Ə.Əliyev 2018-ci ildə keçiriləcək Prezident seçkilərini qarşıdakı yaxın dövrdə ölkənin ən mühüm siyasi hadisəsi adlandırıb. O, ölkə müxalifətinin bu seçkilərdə birgə fəaliyyətinin zəruriliyini qeyd edərək, VİP-in bütün variantlara hazır olmasının vacibliyini bildirib.
Bütün mümkün variantların fövqündə VİP-in seçkilərə öz namizədi ilə qatılması zəruriliyi önə çəkilib. Yalnız müxalifət düşərgəsinin prezident seçkilərində geniş koalisiyasının yaradılacağı və vahid namizədin müəyyənləşdiriləcəyi təqdirdə, VİP-in öz namizədindən imtinasının mümkünlüyü bildirilib.
Hadisələrin digər inkişaf variantlarında VİP-in namizədinin ətrafında koalisiyanın yaradılmasının zəruriliyi vurğulanıb. Ə.Əliyevin çıxışında həmçinin Prezident seçkilərinin nəzərdə tutulan tarixdən əvvəl keçirilməsinin mümkünlüyü də vurğulanıb və VİP strukturlarının hər iki varianta hazırlıq məqsədilə Məclisin qərarı üzrə Seçki Qərargahının yaradılmasının məqsədəuyğunluğu, seçkilərə yönəlik hazırlıqlara dərhal başlanılmasının düzgün addım ola biləcəyi vurğulanıb.
Müzakirədə iştirak edən Məclis üzvləri indiki şəraitdə VİP-in prezident seçkilərində müstəqil iştirakının daha məqsədəuyğun olduğunu diqqətə çatdıraraq, partiya sədri Ə.Əliyevin prezidentliyə namizədliyinin rəsmiləşdirilməsi təklifini irəli sürüblər. Səsvermənin nəticələrinə əsasən, Ə.Əliyevin 2018-ci il seçkilərində VİP-in prezidentliyə namizədi olması haqqında qərar qəbul edilib.
Məclis cari məsələlərin müzakirəsi və uyğun qərarların qəbul edilməsi ilə yekunlaşıb.
Bölməyə aid digər xəbərlər