2018-ə ötəri baxış: Ən böyük problemimizin həlli yenə mümkün olmadı
Tarix: 29-12-2018 21:57 | Bölmə: Slayd
2018-ə ötəri baxış: Ən böyük problemimizin həlli yenə mümkün olmadı

Artıq 2018-ci il yekunlaşır. Ümumi götürdükdə ilin sosial-iqtisadi və siyasi baxımdan uğurlu olub-olmamasına obyektiv qiymət vermək üçün müxtəlif dairələrin fikirlərini öyrənmək lazımdır. Təbii ki, ötən il ərzində ölkəmiz üçün mühüm iqtisadi layihələrə imza atılıb.

Vətəndaşların gündəlik həyatında hiss olunacaq irəliləyişlər olmasa da, makro-iqtisadiyyatda mühüm nailiyyətlər əldə olunub.

Bu ilin aprelində Prezident seçkiləri kimi mühüm ictimai-siyasi proses baş tutdu. Seçkilərdən sonra hökumətin tərkibində kifayət qədər dəyişiklik aparıldı.

Müxalif düşərgədə nəzərəçarpacaq hadisələr baş verməsə də, ilin sonlarına yaxın hakimiyyət əleyhdarları da qismən fəallaşdı. Hələlik ortada real nəticələr olmasa da, perspektivə yönəlik addımlar atılır.

2018-ci il də Dağlıq Qarabağ münaqişəsinin həllini tezləşdirmədi. Ancaq bütün illərdə olduğu kimi, 2018-də də Qarabağ ətrafında maraqlı hadisələr baş verdi:

Birincisi, Ermənistanda 20 ildən sonra “Qarabağ klanı” hakimiyyətdən uzaqlaşdırıldı.

İkincisi, son bir neçə ayda atəşkəsin pozulması halları azaldı.

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin hazırladığı “Dağlıq Qarabağ: 2018-ci ilin yekunları” adlı hesabatda bildirilir.

Hesabatda qeyd olunur ki, 2018-ci ildə ATƏT-ə sədrlik edən İtaliya münaqişənin həlli istiqamətində fəallıq nümayiş etdirməyib:

“ATƏT-ə sədrlik simvolik xarakter daşıyır, sədr nə qədər fəal olsa da, o, başqa dövlətlərin passivliyi fonunda uğur qazana bilməz. Dağlıq Qarabağ münaqişəsinin həllində əsas söz sahibi böyük dövlətlərdir. Bu dövlətlər isə Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək üçün ciddi addımlar atmırlar. Elə İtaliya da münaqişənin həlli istiqamətində heç bir addım atmadı”.

Hesabatda xatırladılır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 15-də Moskvada 2017-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Qarabağ münaqişəsinin həlli haqqında da bir neçə fikir söyləyib:

“Birincisi, Lavrov 2018-ci ildə Azərbaycan və Ermənistan tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair hansısa müsbət impulslar gözlədiklərini dedi.

İkincisi, Lavrov təmas xəttində vəziyyətin sakit olması üçün əlavə addımlar atılmasının vacibliyini bildirdi.

Üçüncüsü, Lavrov dedi ki, məsələyə mərhələli yanaşma lazımdır: “Bu mərhələli yanaşma nəyi indi etməyin mümkünlüyünü göstərəcək, münaqişənin yekun həlli və Dağlıq Qarabağın statusu ilə bağlı əlavə müzakirəyə ehtiyac olan yolları müəyyən edəcək”.

Dördüncüsü, Lavrov Azərbaycanla Ermənistanın razılaşmasının vacibliyini vurğuladı”.

Hesabatın yekununda vurğulanır ki, 2019 Qarabağ münaqişəsinin həllində dönüş ili ola bilər.

Əhmədov dayanıqlı inkişafdan danışır

2018-ə ötəri baxış: Ən böyük problemimizin həlli yenə mümkün olmadı

Yeni Azərbaycan Partiyasının sədr müavini, Baş nazirin müavini Əli Əhmədov isə deyib ki, 2018-ci il Azərbaycan üçün çox uğurlu və əlamətdar hadisələrlə zəngin olub. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl, səmərəli və məqsədyönlü siyasət nəticəsində siyasi, iqtisadi, sosial, humanitar, mədəniyyət, idman və digər sahələrdə tarixi əhəmiyyətə malik möhtəşəm nailiyyətlər əldə edilib:

“Bu müddət ərzində ölkəmizdə bütün sahələri əhatə edən sistemli və kompleks islahatlar həyata keçirildi, Azərbaycan iqtisadiyyatının dayanıqlı və dinamik inkişafı davam etdi. Cari ildə bir çox mühüm infrastruktur layihələrin uğurla icra olunması, xüsusilə də nəqliyyat və neft-qaz sektorunda tarixi nailiyyətlərə imza atılması təqdirəlayiq haldır”.

Baş nazirin müavini qeyd edib ki, nüfuzlu beynəlxalq reytinq agentlikləri də ölkəmizin sosial-iqtisadi inkişaf istiqamətində əldə etdiyi uğurları yüksək qiymətləndirirlər:

“Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan ötən illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, 10 ən islahatçı dövlət siyahısına daxil edilib. Bundan başqa, Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı da Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı nailiyyətləri əks etdirir”.

Ə. Əhmədov vurğulayıb ki, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəzifələrin icrası istiqamətində görülən işlər beynəlxalq miqyasda müsbət dəyərləndirilir. Azərbaycan hökuməti bu istiqamətdə öz vəzifələrinə kifayət qədər məsuliyyətlə yanaşır:

“Prezident İlham Əliyevin 2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb və Şuranın daimi əsaslarla fəaliyyət göstərən katibliyi formalaşıb. Azərbaycan hökuməti Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn vəzifələri həyata keçirmək üçün bütün qüvvələrini səfərbər edib və Milli Əlaqələndirmə Şurası qısa vaxt ərzində bir çox mühüm işlər görüb”.

Əhmədov əlavə edib ki, Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsində, sosial rifahının yaxşılaşdırılmasında, inkişafın davamlı olmasında mühüm rol oynayan amillərdən biri ölkəmizdəki mövcud etibarlı təhlükəsizlik və sabitlik mühitidir:

“2018-ci ildə beynəlxalq vəziyyətin gərginləşməsinə, ayrı-ayrı regionlarda qanlı toqquşmaların, müharibələrin baş verməsinə baxmayaraq, Azərbaycan bu gün sabitlik və təhlükəsizlik adası kimi tanınır. Ölkəmizdə sabitliyi təmin edən başlıca faktor isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu, eləcə də xalq-iqtidar birliyidir”.

Ə. Əhmədovun sözlərinə görə, nəticə etibarilə, Azərbaycanda 2018-ci ilin mənzərəsi müsbət xarakterlidir, cari ildə bütün sahələrdə möhtəşəm nailiyyətlərin qazanılması ölkəmizin qüdrətinin daha da artmasını təmin edib, qarşıda yeni perspektivlər açıb.

“İqtidara qarşı ciddi dəyişiklər baş verməkdədir”

2018-ə ötəri baxış: Ən böyük problemimizin həlli yenə mümkün olmadı

Ancaq hakimiyyət əleyhdarları fərqli düşünürlər. Ədalət Partiyasının sədr müavini, politoloq Mütəllim Rəhimli Reyting.az-a deyib ki, 2018-ci il dünyada təlatümlər və narahatlıqlarla dolu bir il kimi yadda qalacaq.

Onun sözlərinə görə, dünya nizamının dəyişdirilməsi istiqamətindəki fəaliyyət iri güclərin qarşı-qarşıya dayanması ilə nəticələnib: “Xüsusilə, ABŞ-ın dünyanın maliyyə və iqtisadi sferasına olan hökmranlığını əldən verməmək cəhdləri onun gözlənilməz addımlar atmasına səbəb oldu. Avropalı müttəfiqlərinə də güzəştə getməyən ABŞ, xüsusilə Çinin iqtisadi inkişafını yubatmaq üçün əhəmiyyətli addımlar atdı. Rusiyaya qarşı da təzyiqləri, sanksiyaları dayandırmadığından bu ölkənin də özünə gəlməsinə mane olmaqdadır. Dollar və neft üzərində ABŞ-ın qurduğu strategiya dünyanı narahatlıqla çalxalamaqdadır. Görünən budur ki, ölkələr arasında əməkdaşlıq münasibətləri öz yerini daha çox etibarsızlığa verməkdədir.

Demokratiyadan inkişaf edən ölkələrə qarşı təzyiq aləti kimi istifadə olunması, bu ad altında onların işğalı və istismarı 2018-ci ildə özünü daha qabarıq göstərdi. Ona görə də uzun illər müqəddəs dəyərlər kimi qəbul edilən insan hüquqları, azadlıq, qanun qarşısında bərabərlik, demokratik seçkilər və s. məsələlər artıq qayğı və narahatlıq doğuran məsələlər kimi deyil, “güclü”lərin əlində silah kimi işlədilir. Görünür, məhz bu səbəbdən də regional güc mərkəzlərinə çevrilmək istəyən ölkələr daha cəsarətli addımlar atmağa başlayıblar. Bu sırada Türkiyənin adını xüsusi qeyd etmək olar”.

Azərbaycana gəldikdə, M.Rəhimli qeyd edib ki, 2018-ci il ölkəmiz üçün tarixə xüsusi və yaddaqalan il kimi düşə bilməyəcək:

“Ölkəmiz ötən il ərazi bütövlüyünü bərpa edərək suverenliyini təmin edə bilmədi. Dövlətin rəsmi təbliğat kampaniyasına istinad edərək demək olar ki, demoqrafik böhran yaşayan, iqtisadi problemlər içərisində batan, zəif Ermənistanın işğalçı qüvvələrini regionun ən güclü ordusuna sahib olan Azərbaycan öz torpaqlarından çıxara bilmədi.

2018-ci ildə ölkə iqtisadiyyatının neftdən asılılığı davam edib və tale üzümüzə güldüyündən bu il neftin qiymətləri yüksək olub. Buna baxmayaraq, ilin sonunda bir daha bəlli olub ki, Azərbaycanda minimum əməkhaqqı Ermənistandan 1,5 dəfə aşağıdır.

Hakimiyyətdə kadr dəyişikliləri edilsə də, mahiyyət olduğu kimi qalıb. Hakimiyyətin cavanlaşdırılması siyasətinin düzgün başa düşülməməsi ona gətirib çıxarıb ki, yaşca gənc, düşüncələrinə görə ötən əsrdə qalmış bəzi şəxslər yüksək vəzifələrə gətiriliblər. Nəticədə vətəndaşlar və sıravi məmurlar əvvəlki rəhbərlərə həsədlə baxmalı olublar. Bəzi ciddi dövlət strukturları sanki sınaq laboratoriyalarına çevrilib”.

Politoloq bildirib ki, 2018-ci ilin 2-ci yarısından iqtidara qarşı xalqın düşüncəsində çox ciddi dəyişiklər baş verməkdədir: “Xüsusilə, xarici ölkələrə mühacirət etmiş şəxslərin internet resurslarından istifadə edərək hakimiyyətə qarşı ictimai fikri formalaşdırması ilin sonuna yaxın siyasi mühitdə yeniliklər yaratmağa başlayıb”.

“2018-də Dağlıq Qarabağ danışıqları dalana girdi”

2018-ə ötəri baxış: Ən böyük problemimizin həlli yenə mümkün olmadı

ADP sədrinin müavini Həsrət Rüstəmov isə Reyting.az-ın əməkdaşına deyib ki, ötən il əvvəlki illər kimi Azərbaycanın köklü problemlərinin həll edilməsində irəliyə doğru addım atılmaması ilə yadda qalıb:

“2018-ci ildə də Dağlıq Qarabağ danışıqları dalana girdi və demək olar ki, məsələnin dinc yolla həlli ssenarisi tam iflasa uğardı. Bu il Rusiyanın bölgədə canlanması, Azərbaycana hələ də davam edən siyasi təzyiqlərlə yadda qalacaq bir il oldu. Moskva Ermənistandakı siyasi dəyişikliklərdən sonra demək olar ki, üzünü Bakıya tutub. Amma bu, ölkəmizə yaxşı heç nə vəd eləmir. Xüsusilə də ümid etdiyimiz Qarabağ və işğal edilmiş torpaqların azad olunması baxımından Rusiyanın Azərbaycanda siyasi cəhətdən möhkəmlənməsinin heç bir müsbət nəticəsinin olmayacağı bəllidir”.

H. Rüstəmov bildirib ki, ötən ilin yaddaqalan yaxşı hadisəsi isə Cümhuriyyətin 100 illiyinin qeyd edilməsidir: “Təəssüf ki, bu tədbirlər də lazım olduğu səviyyədə keçirilmədi. Amma tarixi əhəmiyyətinə diqqət yetirilməsi özlüyündə olduqca əhəmiyyətlidir.

Dünyada isə 2018 əsasən Suriyada yaşanan insan fəlakəti, dünyanın böyük güclərinin vəhşi, hegemon istəklərinin insanlığın başına necə böyük əngəl olması ilə yadda qalacaq”.

2018 növbəti itirilmiş ildir

2018-ə ötəri baxış: Ən böyük problemimizin həlli yenə mümkün olmadı

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə əməkdaşımızla söhbətində 2018-ci ili növbəti itirilmiş il kimi xarakterizə edib:

“Saxta Prezident seçkisi, Gəncə və Mingəçevir hadisələri, Qarabağın işğalının davamı, korrupsiya qalmaqalları - Zamirə Hacıyeva, Hüseynqulu Bağırov, Abel Məhərrəmov, Etibar Pirverdiyev, Əli Abbasov, Səfər Əbiyev, Allahşükür Paşazadə, Səlim Müslümov, Əli Həsənov (qaçqınkom), KTMT-yə üzvlük təhlükəsi, Lukaşenko açıqlamaları... Bir sözlə, tam qalmaqallı il.

Böyük və layiqincə qeyd olunmamış yubileylər - Cümhuriyyət-100, Elçibəy-80, Dirçəliş-30.

Müsbət olanları da var. Fikrimcə, bu ili hakimiyyət xofunun itməsi, cəmiyyətin oyanması, internet TV-nin inkişaf ili kimi də qeyd etmək olar. Növbəti illərdə bu kommunikasiya siyasi proseslərə təkan ola biləcək”.

“Müstəqilliyimiz qorunub, min şükür!”

2018-ə ötəri baxış: Ən böyük problemimizin həlli yenə mümkün olmadı

Siyasi şərhçi Zəlimxan Məmmədli isə bildirib ki, 2018-də statik vəziyyətin qorunub saxlanılmasını uğur hesab edir:

“Müstəqilliyimiz qorunub, min şükür! Qarabağın işğaldan azad olunması, demokratiyanın bərqərar olunması istiqamətində heç bir uğurun olmaması, sosial durumun daha da ağırlaşması, yırtıcı zümrənin yenə də iş başında olması məyusluq yaradan hallar olub.

Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın inkişafı istiqamətində protokolu, TANAP-ın, Bakı-Tbilisi-Kars dəmiryolunun tikintisini uğurlar sırasına daxili edirəm. Eyni zamanda Cumhuriyyətin 100 illiyi ilə bağlı Azadlıq meydanında Türkiyənin dövlət başçısı Ərdoğanın da qatıldığı hərbi paradı, Borçalı Cəmiyyətinin ofisində Nuru Paşanın büstünün ucaldılmasını, TÜRKSOY-la əməkdaşlığın qurulmasını uğur sayıram.

Siyasi sistemimizdə qütbləşmənin dərinləşməsi artıb ki, bunu dövlətçiliyimiz üçün təhdid hesab edirəm”.

2018-ə ötəri baxış: Ən böyük problemimizin həlli yenə mümkün olmadı

Beləliklə, bəzi ölkələr üçün ağrılı-acılı, Azərbaycan üçün isə sabit və ümumi götürdükdə uğursuz bir ili başa vururuq. Ümid edək ki, 2019 Azərbaycanın ən böyük problemi – Qarabağ münaqişəsinin ədalətli, həm də ölkə vətəndaşlarının qürur duyacağı səviyyədə öz həllini tapacaq. Qoy, Uca Yaradan üzümüzə gələn ildə xalqımıza qələbə sevinci, yüksək rifah, ədalətli və sağlam cəmiyyət nəsib eləsin.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}