Fironlar ölkəsindən səfər qeydləri - Vahid Qazi yazır - Fotolar
Tarix: 20-02-2019 13:55 | Bölmə: Slayd
Fironlar ölkəsindən səfər qeydləri - Vahid Qazi yazır

Açığı, Misirdə Hurqada adlı turist məkanı olduğunu bilmirdim. Şərm-əl-Şeyx haqda eşitmişdim, məşhurdur. Hurqadadan isə İsveçin turist firmasından şirnikləndirici endirim qiymətinə səyahət təklifi gələndə xəbər tutdum. Düzdür, Şərm-əl-Şeyxə də sərfəli putyovka vardı, amma mən buranı seçdim. Nəsə Şərm-əl-Şeyx adı gələndə harınlamış ərəb şeyxləri yadıma düşür.

Zarafat öz yerində, Hurqadanı ona görə seçdim ki, burada həm Qırmızı dənizin sahilində uzanıb özünü günə verə bilirsən, həm də nisbətən yaxın olduğu üçün Misirin tarixi yerlərinə rahat səfər edirsən. Hurqada paytaxt Qahirədən 470, qədim Luksordan isə 290 kilometr məsafədə yerləşir.

Fironlar ölkəsindən səfər qeydləri - Vahid Qazi yazır

Misirə gəlib bu yerlərə dəyməmək isə ayıb olardı.

Qırmızının mavi suları

Hurqada Misirin Afrika hissəsində, Qırmızı dənizin sahilində yerləşir. Ölkənin ən çox turist cəlb edən şəhərlərindəndir. Yerli turist firmaları Qahirə, Giza ehramları, Luksordakı Karnak məbədi, Fironlar vadisi, safari gəzintisi, səhrada bədəvi kəndi, mərcan adaları kimi çoxsaylı görməli yerlərə səyahət təklif edirlər.

Fironlar ölkəsindən səfər qeydləri - Vahid Qazi yazır
Hurqada bulvarı

Könlümdən sadaladığım və sadalamadığım nə qədər yer var hamısına baş vurmaq keçir. Misir günəşi ilə İsveç soyuğunu canımdan çıxarmaq da, uşaqlıq xəyalı piramidalara, fironlar oylağına getmək də istəyirəm. Amma olmur, tək deyiləm. Xanımım, bir də qızım Ayan da mənimlədir, gərək səfər yoldaşlarımın da istəyini nəzərə alam. Sonra nə vaxtsa qızımdan məni xəbər alan olsa, deməsin ki, atamın bir qəpiklik yol yoldaşlığı yoxudur, ancaq özünü düşünürdü.

Yoldaşlarımla səfər planını müzakirə edib, ümumi fikrə gəldik. Onların təkidi ilə səhrada bədəvi kəndi, əvvəl “vezdexod” motoarabalarda, sonra dəvə belində safari gəzintisi, akvalanqla dəniz dibinə etmək kimi macəralı əyləncələrdən vaz keçəsi oldum.

Amma tarixi yerləri gəzib-görməyə hamımız həvəsliydik. Odur ki, günləri gəzməklərdə keçirdik.

Qırmızı dəniz sahilində çimərlik

Həm də çimmək mövsümü olmadığından sahildə yaş bədənlə çox qala bilmirsən. Qış ayları buralar küləkli olur. Küləkli havada dəniz də, onun sahili də günəşlənməyə sən deyən elə də əl vermir. Amma girəvələyib bir neçə dəfə özümüzü dənizə verdik. Dəniz demişkən, qoy onu da qeyd edim: əvvəl üzdüklərimin içində ən duzlu Egeyin suyunu bilirdim. Qırmızı dəniz ondan da duzluymuş. Burada istəsən də bata bilmirsən. Məzə üçün nə qədər hıqqandım, gördüm yox, batmaq olmur.

Fironlar ölkəsindən səfər qeydləri - Vahid Qazi yazır

Şəhərə gəldikdə isə deyim ki, Aralıq dənizi sahillərinin turist bölgələrindən, nə bilim, Yunanıstan, İspaniya kurortlarından fərqlidir bura. Küçələrin təmizliyindən tutmuş hotel-restoranlarda servisəcən keyfiyyət xeyli aşağıdır.

Küçədə ərəbcədən sonra ən çox eşitdiyin rus dilidir. Bəh, siz satıcı ərəb oğlanın rus qızı görəndə çiçəyi çırtdamasını görəsiniz, rusca bülbül təki cəh-cəh vurmağa can atmasını eşidəsiniz – komediyadır.

Qahirəyə varanda mən…

Elə hoteldəcə turist firmasının nümayəndəsi ilə danışıb əvvəl Qahirəyə, sonra Luksora səyahət biletləri aldıq.

Qahirəyə gecəyarı yola çıxdıq. 500 kilometrəcən yolu gedib qayıtmaq üçün obaşdan durmaq lazım idi. Minibusumuzda bizdən savayı cavan ingilis cütlüyü də vardı. Təzə evlənənə oxşayırdılar, üzləri gülsə də ünsiyyətcil deyildilər.

Nil çayı

Fironlar ölkəsindən səfər qeydləri - Vahid Qazi yazır

Bir günlük səyahət proqramına Qahirədəki Misirşünaslıq muzeyi, Giza ehramları daxil idi. Nildə qayıqla gəzməyi də mən əlavə elədim. Necə yəni, Misirə gələsən, Nildə üzməyəsən!

Bir ölkəni yaxşı tanımaq istəyirsinizsə, məndən sizə amanat, onun bir yerindən başqa yerinə səfərə çıxın. Yolboyu gördükləriniz həmin ölkə haqda sizdə bolluca təəssürat yaradacaq. Yerli adamlarla təmas isə xalqı tanımağa imkan verəcək.

Yolumuz Qırmızı dəniz, Süveyş körfəzi boyunca üzü şimala uzanır. Sahil qırağı istirahət mərkəzləri bir-birini əvəz edir. Bir neçə yüz kilometr uzanan yolda bu qədər turist mərkəzinə heyrət edirsən. Məhz bu yolda Misirin iqtisadi həyatında turizmin hansı miqyasda rol oynadığını anlayırsan.

Ölkənin ən böyük gəliri turizmdəndir. İllik 13 milyard ABŞ dolları civarındadır. Həcminə görə ikinci gəlir mənbəyi isə Süveyş kanalıdır. Ölkə iqtisadiyyatı bu kanaldan ildə 5 milyard dollaracan qazanır.

Yol boyu Azərbaycanın Xəzər sahillərini düşünürəm. Astaradan Nabranacan da yol elə Hurqadadan Qahirəyəcəndir. Xəzər qırağı turizmin inkişafı üçün infrastruktur yaradılarsa, ölkənin mənzərəsi də dəyişər, iqtisadiyyatda ciddi canlanmaya da səbəb olar.

Şəxsi qənaətimdir – ötən yanvarda Maldiv adalarında olanda da müşahidə elədim – müsəlman ölkəsində turizmin inkişafı sekulyarizmə, tolerantlığa da təkan verir. Ən azından çarşablı yerli xanımların, saqqallı dindar kişilərin gözü Avropanın, Uzaq Şərqin kürəyi açıq qadınlarına, şortikli kişilərinə öyrəşir.

Qahirəyə qalanda isə onu deyim ki, təsəvvür etdiyim kimi deyilmiş. Güman edirdim qədim Şərqin arxitekturasında möhtəşəm bir şəhər görəcəm. Şəhər sanki başdan-başa kərpicdən tikilmiş yarımçıq evlərdən ibarətdir. İlk baxışda elə bilirsən burada müharibə olub. Sonra bələdçi izah elədi ki, evlər tikilsə də onun təhvil alınmasında, uçota götürülməsində bürokratik əngəllər var. Odur ki, evlər eləcə suvaqsız, damında armaturu dikələn haldadır.

İnqilab təhrikçisi Təhrir meydanı
Fironlar ölkəsindən səfər qeydləri - Vahid Qazi yazır

Qahirədə ilk getdiyimiz yer onun məşhur Misirşünaslıq muzeyi oldu. Muzeyə yol Təhrir meydanından keçir. Bir az bu meydan haqda deyim, sonra muzeyə girərik.

Təhrir meydanı 1952-ci il inqilabına qədər İsmayıl Paşa adlanıb. İsmayıl Paşa Misirin ilk hidivi olub. Hidiv Osmanlı sultanının Misir üçün təsis etdiyi yeni valilik üsul-idarəçiliyinə deyilirmiş. Atadan oğula ötürülən vitse-sultan deməkdir. Qahirənin düz göbəyində, Nilin sağ sahilində yerləşən meydanda məni elə uzaq tarix yox, təzəlikcə baş verənlər, “Ərəb baharı”ndan ilhamlananların inqilabı düşündürürdü.

Sizi bilmirəm, mən belə yekə meydanları adamla dolu çox görmüşəm. Kiyevdə “Narıncı”, Tiflisdə “Qızılgül”, Bişkekdə “Zanbaq” inqilablarının canlı şahidiyəm. Bakıda 1988-ci ilin meydan hərəkatı, 2003-cü ilin oktyabr fəlakəti də gözümün qabağında olub.

2011-ci ildə Hüsnü Mübarəkin 30 illik hakimiyyətinə bu meydanda başlayan inqilab son qoyub. İnqilab dalğasında hakimiyyətə gələn Məhəmməd Mursini iki il sonra “yeni firon” deyə-deyə elə bu meydandakılar prezident kürsüsündən salıb.

Xalqın etirazı öz yerində, Misirdə bütün inqilabların, çevrilişlərin başında ordu durur. Hərbçilər Misir elitasında həmişə söz sahibi olublar. Monarxiyanın axırına çıxıb 1952-ci il inqilabı ilə ölkəni respublikaya çevirən də, onilliklərin qadağasından sonra ilk azad seçkidəcə qalib gəlmiş “Müsəlman qardaşlar”ın dinçi hakimiyyətini devirən də onlar idi.

Misirin “Müsəlman qardaşlar”ı ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası arasında paralellər aparan analitiklərin fikirlərini qəribçiliyə salmazdım. Amma bu yazının mövzusu o deyil.

Bu yazıda qəsdim dünyanın ən qədim ölkələrindən biri haqda təəssüratımı oxucu dostlarımla bölüşməkdir.

“İtə ataram, yada satmaram”

Fironlar ölkəsindən səfər qeydləri - Vahid Qazi yazır

Qahirədəki Misirşünaslıq muzeyi

Gümanım məni aldatmasa, bir söz deyərdim. Misirşünaslıq muzeyində mənə elə gəldi ki, Luvrda, Britaniya muzeyində gördüyüm qədim Misirə aid eksponatlar burdan daha çox idi. Bu haqda fikrimi “Facebook” səhifəmdə paylaşan kimi dostlar başladılar yazmağa ki, bəs Qərb Şərqin varidatın daşıyıb aparıb, filan, beşməkan. Düz deyirlər, etiraz eləmirəm, daşıyıb aparıblar. Amma bir əmması var – aparıb neyləyiblər?

Aparıb muzeyə qoymaq, haram deyib dağıtmaqdan yaxşıdır, vallah. Elə dünən-srağagün Suriyada, İraqda antik dövrə aid nə qədər abidəni gürzlə, külünglə dağıtmadımı başıpozuq fundamentalistlər? Eramızın neçənci ilindəsə yox ey, XXI əsrdə.

Fironlar ölkəsindən səfər qeydləri - Vahid Qazi yazır

Londonda Şah İsmayılın Ərdəbil məscidi üçün sifariş verdiyi məşhur “Şeyx Səfi” xalısını görəndə adamın əti ürpəşir. O gün jurnalist Aynur Talıbova Filadelfiya muzeyində saxlanan Qarabağ, Şirvan gəbələrinin şəklini paylaşmışdı. Aparmasaydılar, biz qoruya biləcəkdikmi? Nələri qoruyub saxlamışıq? Yeddi arxa dönənlərimizi demirəm heç, iki dönəm babamızın bir muştuğunu, kəmərini, nə bilim nəyinisə saxlamışıqmı “ailə muzeyi”mizdə?

“İtə ataram, yada satmaram” atalar sözümüzdür. ”Kitabi-Dədə Qorqud”ın əlyazması Drezden muzeyində saxlanır, dünyanın neçə muzeyində Azərbaycana aid nə qədər eksponat qorunur, sərgilənir. Bəs “itə atdıqlarımız” hanı?

Ən gözəli bilirsiniz nədir? Yaxşı oğlan olaq, tarixi sənət əsərlərimizi alıb qaytaraq, öz muzeylərimizdə qoruyaq, sərgiləyək.

Elə bu günlərdə misirlilər məhsuldarlıq, ovçuluq və balıqçılıq tanrısı Herişefin kahini Necemanxın qızıl sarkofaqını Nyu-Yorkdakı Metropolitan muzeyindən geri alıblar. Misir rəsmilərinin təqdim etdikləri sənəd Manhetten dairə prokurorluğu araşdırıb və sarkofaqın oğurlanaraq, saxta sənədlərlə satıldığını sübut edib.

Tutanhamonun sərdabəsi


Bax, şəklini çəkdiyim sandıq 1922-ci ildə bir ingilis arxeoloqunun tapdığı Tutanhamonun sərdabəsində imiş. Neçə belə sandıq ləl-cəvahirlə doluymuş orda. Yalan-gerçək, deyirlər, düz bir ton iki yüz kilo. İngilisin yox, o vaxt yerli sakinlərin əlinə keçsəydi, nə qalardı o sandıqlardan?

Belə suallar bir yana, o sandıqlara baxanda düşünürsən: fironlara qalmayan dünya fironluq edənlərəmi qalacaq? Bu günün fironlarını bura ekskursiyaya gətirsələr bunu anlayarlarmı görən?

Günəş tanrısı Amon Ra ilə söhbət

Fironlar ölkəsindən səfər qeydləri - Vahid Qazi yazır

Misirşünaslıq muzeyində günəş tanrısı Amon Ra ilə bu xəyali söhbətim oldu. Şəkildə gördüyünüz heykələ tamaşa edirdim, birdən cana gəlib dilləndi. Demə eşitmədim, Misirin baş tanrısı ilə söhbətimizi olduğu kimi danışım, qulaq asın.

– Dayan, bir sözüm var.

– Kimsən? Nə istəyirsən?

– Adım Radı. Günəş tanrısıyam. Yanımdakı arvadım Mutdur, Göy ilahəsidir. Üstümüzü bu abırda görüb qaçma, gör nə deyirəm. Bizi bu hala İbrahim dinləri salıb, halımıza bax, parça-tikə ediblər! Qayıdanda get Luksora, gör mənim məbədimi necə xarabaya çeviriblər. Adamları tovlayıb məndən uzaq saldılar. Vəd etdikləri xoşbəxtliyi verdilərmi barı sizə?

– Fironlar o boyda fironluq edəndə hara baxırdınız? Niyə qulların yanında olmadınız? Fironlara qulluq elədiniz öz kahinlərinizlə.

– Guya sonrakı dinlər bədbəxt xalqın tərəfinimi tutdular? Bütün sinaqoqlar, kilsələr, məscidlər krallara, sultanlara, prezidentlərə xidmət etmədimi? İnişil Afina akropolunda Zevsin də xaraba qalmış məbədinə getmişdin, qıraqdan baxırdım, eşidirdim Zevslə söhbətini. Qullardan danışırsan! Azad olmusunuz?

Günəş tanrısı Ra və xanımı Mut


Xanımı Mut əyilib qulağına nə dedisə, qoca Ra qaşların çatıb susdu, təzədən daş heykəl oldu.

Bax belə! Sonra da deyirsiniz ki, muzey eksponatı danışa bilmir, dili yoxdur, filan. Elə deyil, muzeydə hər əşya canlıdır, dili var, danışır!

Misirin unikallığı həm də neçə dinə sinə açmağındadır. Firon zülmündən qurtarmaq üçün xalqını İsrailə qaçıran Musa peyğəmbərdənmi deyim? Xristianların çatdırıb sonacan dağıda bilmədiyi antik dövrün məşhuri-cahan İsgəndəriyyə kitabxanasına od vurub yandıran islam sərkərdəsindənmi danışım?

Qayıdan baş dincimizi alaq deyə sürücümüz dəniz qırağında bir yerdə əylədi. Eyvanı Qırmızı dənizə baxan kafedə oturduq. Sahilə düşən cığırı göstərib yol yoldaşlarıma Musa peyğəmbərin İsrail oğullarını məhz buradan keçirdiyini elə əminliklə danışdım ki, dediyimə az qala özüm də inandım.

Səmavi dinlərin kitablarında bu haqda yazılanları bilirsiniz yəqin, deyir, Allahın əmri ilə Musa yəhudiləri fironun zülmündən xilas edib İsrailə aparırmış. Firon da öz qoşunu ilə onların arxasınca çapırmış. Qırmızı dənizə çatanda Musa əlindəki əsayla dənizi iki yerə bölür, su çəkilir, yəhudilər keçirlər. Onlar keçən kimi sular təzədən qovuşur və fironun qoşunu dənizdə batır. Bax, hal-qəziyyə belə olub. Mən də eşitdiyimi deyirəm, inanıb-inanmamaq öz işinizdir. Şər qarışan vaxtıydı deyə yol yoldaşlarımın üzlərindən oxuya bilmədim fikirlərini, bilmədim inandılar, ya yox.

Misir həm də xristianlığın yayıldığı ilk ölkələrdəndir. VII əsrdə ərəblər işğal edənəcən xristianlıq burada əməlli-başlı özünə yer eləyibmiş. Rəsmi məlumata görə, indi Misirdə 9 milyonacan xristian yaşayır. Onlara kopt deyirlər. Bələdçimiz də koptdur, deyir ki, Misirdə xristianların sayı 20 milyonacandır. 95 milyonluq ölkə üçün az rəqəm deyil. Nədənsə mən rəsmi rəqəmə yox, bələdçimizə inandım.

Misir ehramları – fironluq abidələri

Giza Qahirənin həndəvərində yerləşən Misirin əhali sayına görə üçüncü böyük şəhəridir. Heç həndəvər də demək olmur, hər iki şəhər o qədər böyüyüb ki, bir-birinə qovuşmuş kimidirlər. Aralarındakı polis postunu sərhəd hesab eləmək olar.

Fironlar ölkəsindən səfər qeydləri - Vahid Qazi yazır

Ümumiyyətlə, Misirin hər yanında addımbaşı polis postlarına rast gəlirsən. Bir növ qeyri-rəsmi hərbi rejimi xatırladır. İri şəhərlər bir yana, hər kəndin girəcəyində, bir də çıxacağında əlisilahlı polislər, əsgərlər, zirehli maşınlar var. Bu vəziyyət 2011-2013-cü il inqilab-çevrilişlərindən sonra sabitliyi qorumaq üçündür. O hadisələr ölkə iqtisadiyyatının canı olan turizmi əməlli-başlı çökdürmüşdü. Belə təhlükəsizlik tədbirlərinin hesabına indi-indi canlanma yaranır.

Fironlar ölkəsindən səfər qeydləri - Vahid Qazi yazır

Gizanın girəcəyində də böyük post qoyulub, yoxlanışdan sonra üzü piramidalara sarı hərəkətə icazə verilir. Biz evə dönəndən on gün keçməmiş elə burdaca partlayış olduğu xəbəri gəldi. İraq bizdən! Xəbərdə oxudum ki, bu terrorda 4 vyetnamlı turist ölüb, 10 nəfər yaralanıb.

***

Maşın yoxuşa dırmandıqca Qahirənin böyüklüyünü aydın görürsən. Turist bürosunun ayırdığı bələdçinin dediyinə görə Qahirədə ətrafı ilə birlikdə 20 milyon adam yaşayır. Bu nəhəng mənzərəni görəndə onun dediyinə inanmaya bilmirsən.

Sonuncu təpəni burulan kimi qarşına çıxan nəhəng piramida elə uzaqdan adama qorxunc qəsr kimi görünür. Günəşin şüaları fonunda qara kölgəsi onu daha vahiməli edir.

Giza piramidaları

Misirdə 130-dək piramida var. Ən böyüyü Xufu piramidasıdır, Gizada yerləşir. Rus, türk dillərində, elə bizdə də ona Xeops, yaxud Keops deyirlər. Qədim yunanlardan gəlir bu söz. Məncə, onu elə öz orijinal adında çağırsaq düz olar – Xufu. Əgər firon Xufunun adı onun öz kartuşunda elə 4 hərflə “Xufu” yazılıbsa, biz niyə Xufu deməyək?

Kartuş papiruslarda, ehram divarlarında, taxta sarkofaqlarda, boyunbağı klonlarında hökmdarın adı yazılmış xüsusi mətnə deyilir. İndi turistlər arasında öz kartuşunu düzəltdirmək dəbdir. Qədim Misirdə yazılar heroqliflərlə (fiqur), piktoqrafik (rəsm) işarələrlə yazılırdı. ”Xufu” adındakı “u” hərfi iki quş rəsmi ilə çəkilib. Oğlum Uğur üçün yaşlı bir sənətkara düzəltdirdiyim kartuşda da “u” hərfi həmin rəsmlədir.

Ehramlara yaxınlaşdıqca adamı qəribə duyğu bürüyür. İstənilən nəhəng şey ilk baxdığında adamda qorxu, həyəcan və təəccübün sintezindən qatma-qarışıq hiss doğurur. İlk belə halı Kazbek dağında yaşamışdım uşaq vaxtı. Atam bizi Qafqaz Hərb yoluyla Kislovodska aparanda. Maşını yolun bir qırağında, qurdlamış qar yığnağının yanında saxlamışdı; zirvələrə baxanda deyirdin bəs bu saat başından papağın düşər, aşağı baxanda isə dərinlikdən gözün axar, başın gicəllənərdi – dağın əzəmətindən heyrətə gəlmişdim.

Amma Misir ehramları başqadır. Onlar dağ deyillər, onları insan tikib. Baxıb şübhə edirsən, istəyirsən sən də bu piramidaları yerdənkənar canlıların tikdiyinə inananlara qoşulasan. 2-3 ton ağırlığında 2 milyonacan daşı 200 kilometr uzaqlıqdakı karxanadan necə daşıyıblar, qaldırıb üst-üstə necə düzüblər? Bunu hansı memar başı düşünüb? Fironlarda tanrılıq iddiasının mənbəyi nə idi? Neçə qul qurban gedib bu tanrılıq hikkəsinə?

Piramidaları dolandığın müddətcə bu suallar səndən əl çəkmir. Suallar cavablardan çoxdur. Bilinəsi tək bir həqiqət varsa, o da odur ki, məhz bu piramidalar, onların tikintisi üçün yaradılan infrastruktur – liman, ticarət, yollar, yeni insan məskənləri və sair – böyük Misir sivilizasiyasının formalaşmasında və min illərcə yaşamasında həlledici rol oynayıb. Sanki həyat bu ehramların ətrafında elə bunlara görə varmış. Nilin sağında və solundakı atkeçməz səhralar da bu sivilizasiyanı yadellilərdən qoruyan hasarmış.

Hələ ayrı bir möcüzədən danışmıram heç. Bilirdinizmi ki, 3800 il qabaq qədim misirlilərin Nildən çəkdikləri kanalla Fəyyum vadisindəki bataqlıqların yerində yaratdıqları su anbarı indi də dünyanın ən böyük süni gölüdür? Mən də bilmirdim, təzə öyrəndim. Elə Sonek adlı timsah başlı su tanrısı da o gölün salındığı Orta Çarlıq dövründə Misir mifologiyasına daxil olub. O vaxt bu yerlər timsahların oylağı imiş.

***

Böyük Xufu Piramidası önündə sanki zaman vakuumuna düşürsən. Burda keçmiş-gələcək söhbəti öz əsl anlamını itirir. Deyirsən bəs “əbədi indi”dəsən – zamanın sükunət çağında ehramlar heç yana tələsmirlər!

Bir də insandan başqa gələcəyə can atan varmı ki…

Misirin ən böyük piramıdası – Xufu ehramı

”İnsan gələcəyinin quludur”, belə yazır Paulo Koelo öz ”Kimyagər”ində. Röyada bəxş edilən xəzinə dalınca uzaq Əndəlüsdən Misir ehramlarına gedən onun qəhrəmanını bu sonsuz səhraya baxanda xatırladım.

Gələcək keçmişdən qorxuludur! Bəlkə ona görə adam gələcəyə hazırlayır özünü?! Fironlar da elə bu ehramları öz gələcəkləri üçün tikdirməyiblərmi?

***


Dünyanın dörd bir tərəfindən turistlər bura həm də bir istəklə gəlir – ehramlarla müxtəlif pozalarda şəkil çəkdirsinlər, sosial şəbəkələrdə yaysınlar. ”Piramidaları gördüm”, - desinlər.

Mən də tənbəllik eləmədim, xeyli şəkil, selfi filan çəkdim. Birini də xanımımla çəkdirdim. Bu arada maraqlı bir söhbətimiz oldu. Öz aramızda qalsın, sizə də deyim. Dedim, görürsən də, insanlar min illərdi sevgi abidələrini yox, fironluğu təcəssüm edən ehramları qoruyur.

Cavabından xoşum gəldi: “Sevgi ehramları səhralarda daşlardan tikilmir, könüllərdə saf duyğulardan hörülür”.

Türk kurqanları ilə Misir ehramlarının qohumluğu

Fironlar ölkəsindən səfər qeydləri - Vahid Qazi yazır

Napoleonun Misir kampaniyası

Napoleon Misiri tutan kimi arxasınca Fransa Elmlər Akademiyasının arxeoloqlarını gətirir. Alimlər ondan sonra da qalıb neçə il Misir piramidalarında tədqiqat aparırlar. O vaxtacan elmə məlum olmayan qədim sivilizasiyaya aid yazıları, nəhayət, 1822-ci ildə oxuya bilirlər. Qədim mədəniyyətin sirləri beləcə aşkar edilir. Bundan təsirlənən Misir hakimi təşəkkür əlaməti olaraq nəhəng sfinksin birini fransızlara bağışlayır. Luvr muzeyində nümayiş olunan həmin sfinksdir. Onu deyim ki, Luvrda o sfinkslə şəkil çəkdirəndə Fransa imperialistlərini qınamışdım, amma Misirdə nədənsə o qınaqdan vaz keçdim.

Fironlar ölkəsindən səfər qeydləri - Vahid Qazi yazır

Parisin Həmrəylik meydanında ucalan obeliski də Misir hakimi Məhmət Əli fransızlara bağışlayıb. Yaman əliaçıq imiş Misir hakimi. Londonda Temza çayı sahilindəki obeliski də o verib ingilislərə.

İsgəndəriyyədən aparılan obelisklərin biri də Nyu-Yorkdadır. “Kleopatra iynəsi” adı ilə tanınan bu obelisklər Qahirədən 820 kilometr cənubda yerləşən Asuan şəhəri yaxınlığındakı qırmızı qranit karxanasında min illər öncə müxtəlif fironların adına kəsilib, Nillə qədim Misirin müxtəlif məbədlərinə daşınıb.

Fironlar ölkəsindən səfər qeydləri - Vahid Qazi yazır

Baxıb düşünürsən ki, əsas ölkələr zəbt etmək deyil, qalıcı olan ağılları, könülləri fəth eləməkdir. Məmlük Sultanlığını da nəzərə alsaq, Misirdə 6 əsrədək türklər hökmranlıq ediblər. Bu müddətdə türk sultanların birinin də ağlına gəlməyib ki, ehramların sirri ilə maraqlana, bunları kim, nə üçün tikib deyə sual verə, alimləri bu işə cəlb edə.

Sivilizasiyaların inkişafında varislik, ənənə, yaddaş mühüm rol oynayır. Türk sultanları bilmirdilər ki, bu ehramların bənzərini elə onların ulu babaları tikərmişlər. Karpat dağlarından Çin Səddinəcən uzanan Böyük Çöldə adına kurqan dediyimiz minlərlə belə təpə-məzar var.

Hakasiyada (Rusiya) Salbık kurqanı

Kurqan mədəniyyəti qədim türklərin islamdan öncə sitayiş etdikləri Tenqriçilik zamanında yaranıb, əsrlər boyu ənənə halında yaşayıb. Adlı-sanlı adamlar öləndə öz əşyaları, bəzən hətta atları ilə də birlikdə basdırılırdı. Daşdan hörülmüş məzar otağının üstü bəzi hallarda 70 metrəcən torpaqla örtülürdü. Qazaxıstandakı Əsik kurqan öyrənilmiş ən məşhurlardandır. Eradan əvvəl V əsrə aid edilir. Uzağa getməyək, Azərbaycanda Xankəndi, Qobustan, Xaçbulaq kurqanları var. Deyilənə görə, Ağdamın Quzanlı qəsəbəsindəki yüksək təpə də kurqandır, uzun illərdir arxeoloqları gözləyir.

Misir ehramlarını öyrənmədilər dedim, əvəzində türklər başqa işlər gördülər. Məmlüklər islamı həm xristianların səlib yürüşlərindən, həm də monqol-tatar istilasından xilas etdilər.

Məmlük ərəbcə kölə deməkdir. Qara dəniz çöllüklərindən əsir gətirilən qıpçaq türkləri tezliklə Əyyubi dövlətində əvvəl orduya, sonra bütün dövlətə sahib oldular.

Sultan Səlimin Misir fəthi

Osmanlı zamanında isə türklər islamı Avropayacan daşıdılar. ”Roma papasından artıq katolik olmaq” deyiminə balaca dəyişiklik edib belə demək olar, “ərəbdən artıq müsəlman” oldular. İslamı Çin səddi, Ural dağları, Adriatik dənizinədək yaydılar.

Amma adamın üstündə Allah var, deyəndə gərək ağlındakının hamısını deyəsən. “Ərəbdən artıq müsəlman” dedim, bəlkə elə islamın hesabına saxlamışıq türklüyümüzü? Hanı iudaizmi, xristianlığı qəbul edən türklər? Əriyib yox olmadılarmı?

Bir dəfə qatı islamçı, eyni zamanda türkçü (ikisini bir yerdə sonacan anlamağa çətinlik çəkirəm) bir tanışımla söhbətdə dilxoşluq edib dedim ki, türklər Dədə Qorqudu tanrı elçisi, “Kitabi Dədə Qorqud” dastanını da tanrı kitabı kimi qəbul etsəydilər indi dünya tanrıçılığa sitayiş edər, türkcə danışardı.

Qoy tanışım öz fikrində qalsın, qayıdım Misirə. Onu deyim ki, Misirdə istər-istəməz dini mövzuda düşüncələrsiz ötüşmək olmur. Qahirədəki Misirşünaslıq muzeyində günəş tanrısı Amon Ranın param-parça heykəli önündə, onun Luksordakı Karnak məbədində olanda bu cürə xəyalatlarım az olmadı.

Dirilik suyu – əbədi yaşam arzusu

Fironlar ölkəsindən səfər qeydləri - Vahid Qazi yazır

Misirin ehram yazılarında aparıcı mövzuların biri ölümsüzlükdür. Elə piramidanın özü əbədilik simvoludur. Nil çayı da qədim misirlilərdə sonsuzluq anlamındadır. Şəkildə gördüyünüz fironun əlindəki bu nişan Nilin əbədiliyinə inamı təcəssüm etdirir.

Fironlar “dirilik suyu”nu tapıb əbədi yaşayacaqlarına inanırdılar. Dirilik suyunu Xızır peyğəmbərdən, İsgəndər Zülqərneyndən üzü bəri kimlər axtarmayıb ki! Tək bizim deyil, bir çox xalqın mifologiyasında dirilik suyu söhbətinə rast gələrsiniz.

Yolda oxumaq üçün götürdüyüm Hararinin “Homo Deus. Sabahın qısa tarixi”nə görə müasir insan fironların o arzusunu gerçəkləşdirməkdədir. Kitabda yazılır ki, bu əsrin sonunacan 150 il yaşamağın, gələn əsrin axırınadək isə ölümsüzlüyün sirri tapılacaq. Demək, qədim fironların ilahiləşmək sevdasını gələcəyin insanı reallaşdıracaq.

150 il yaşayan, yaxud ölümsüz olan insan xoşbəxtliyin reseptini də tapacaqmı? İstər o vaxtın fironları olsun, istər indinin fironluq edənləri, onların əbədi yaşamaq istəyi başa düşüləndir. Bəs o dövrün qulları, indinin əzabkeş insanları necə, ölümsüzlük istərdilərmi?

Odur ki, əsas çox yaşamaq deyil, xoşbəxt yaşamaqdır. Bu günün insanı xoşbəxtliyin də ömrünü uzatmağın yollarını arayır, onu anlardan çıxarıb aylar, illər, bütün ömür boyu uzatmaq istəyir.

İnsan əbədi ömrü yox, daimi xoşbəxtliyi tapanda həyatın sirrini açacaq. Belə düşünürəm!

Günəş tanrısının məbədində

Fironlar ölkəsindən səfər qeydləri - Vahid Qazi yazır

Hurqadadan Luksora gedən yoldakı bomboz təpəlik, səhralıq bizim Xızı yolunu xatırladır, Mərəzə təpəliklərinə bənzəyir.

Geriyə qayıdanda elə yorulmuşduq ki, nə fironlar yada düşürdü, nə onlardan qalan piramidalar. Hotelə gecəyarı yarıyuxu çatdıq. Bir gün ara verib yenə səfərə çıxdıq.

Hurqadadan Luksoracan 300 kilometr yol getdik. Ətraf bomboz təpəlik, səhralıqdır. Bir suyu bizim Xızı yolunu xatırladır, Mərəzə təpəliklərinə bənzəyir. Nəfəs dərməyə saxladığımız yolqırağı qəhvəxananın qabağındakı balaca ağaclar xaric üfüqəcən gözoxşayan boşluqda yaşıl adına bir kol da görünmür. Qəhvəxananın ağzında üç-beş Misir funtuna şəkil çəkməyə icazə verən bədəvi qadınları gecə geri qayıdan baş da elə burada gördük.

Səhra düz Qena şəhərinəcən uzanır. Qenaya çataçatda rastımıza çıxan əkin sahələri, bağlar Nilə yaxınlaşmağımızdan xəbər verir. Bu torpaqlar Nil çayından çəkilmiş kanallarla suvarılır. Kanal boyu görünən mənzərələr yerli sakinlərin yaşayış səviyyəsini əyani göstərir. Görünənsə odur ki, buranın camaatı kasıbdır.

Bələdçimiz bizi Luksordakı Karnak Məbəd Kompleksinin giriş qapısında qarşıladı. Rusca danışan gənc bir oğlan idi.

Sfinkslər xiyabanı

Möhtəşəm məbəd kompleksi Nilin sağ sahilində yerləşir. Sfinkslər xiyabanından keçib günəş tanrısı Amon Ranın məbədinə böyük alaqapıdan giririk. Bura Kambocada hinduzm dinində ən yüksək məqamda qərar tutmuş Vişnunun şərəfinə XII əsrdə inşa olunmuş Angkor Vat məbədindən sonra dünyada ikinci ən böyük dini tikilidir.

Yeni Çarlıq zamanında, yəni eramızdan əvvəl 2000-2500-cü illərdə tikilən məbədə hər firon öz adını həkk edib. Məbəd müqəddəs üçlüyün – Amon Ra, arvadı Mut, oğlu Xonsu – şəninə əsrlər boyu qədim misirlilərin ibadət yeri olub. Kompleksin həyətində camaatın gətirdiyi qurbanların, nəzir-niyazın saxlandığı yerlərdən sonra III Tutmosun adına ucaldılan 134 sütundan ibarət örtülü hündür zal gəlir. Zalın o üzündə böyük ərazidə müxtəlif tikililər, müqəddəs göl da var.

Amon Ranın məbədi

Məbədə sadə adamların girişi qadağan imiş. Burada yalnız kahinlər yaşayıb, ibadət edərmişlər. Bir növ xristianların monastrı kimi. Müqəddəs günlərdə firon ailə üzvləri, əyanlarıyla ziyarətə gələrmiş. Xalqın gətirdiyi qurbanlar elə məbədin qapısındaca qəbul olunarmış.

2016-cı ildə Aleks Proyasın çəkdiyi “Misir tanrıları” filmindəki əzəmətli saray-məbəd elə Karnakdakı müqəddəs günəş məbədinin oxşarıdır. Görən kimi həmin filmi xatırladım.

Sal qranit obelisklər

Bax, bu şəkildə gördüyünüz o uzaqda dikələn uzun obelisklərin bir tayı Parisə aparılıb. Aralıdan görən kimi Bakıdakı bayraq meydanı ağlıma gəldi. Bir bayrağı üçcə il saxlaya bilmədik. Külək vurub aşırdı. Bu obelisklərisə 4 min ildir neçə zəlzələ yerindən dəbərdə bilməyib. Uzunluğu 24 metr, ağırlığı isə, yalançı bələdçimiz olsun, 143 tondur. Adam heyrət edir – bu yekəlikdə sal qraniti 240 kilometr uzaqlıqdakı Asuan karxanasından barjda Nillə necə gətiriblər!

Məbədi gəzib dolandıqdan sonra bələdçimiz bizi qayıqla Nilin o üzünə keçirdi. Əvvəlcədən danışdığı restoranda bizə nahar aldı.

Fironlar ölkəsindən səfər qeydləri - Vahid Qazi yazır

Yeridir, qoy bir cümlə də yeməkdən deyim. Tək burda yox, bütöv səfər boyu Misirdə dadı damaqda qalan bir qismət yemək yeyə bilmədim. Haradadır, bizim lülə, tikə, cızbızımız!

Fironlar Vadisi

Çarlar Vadisi (ona “Ölü Vadi” də deyirlər) Nilin sol sahilindədir. Uzun dərə boyunca dağı üzüaşağı yarıb nəhəng sərdabələr düzəldirmişlər. Fironları yerin dərinliklərində qazılmış nəhəng qəbirlərə qoyurmuşlar. Sərdabələrdə şəkil çəkməyə icazə yox idi. Düzdür, oğurluq bir-iki şəkil çəkdim, amma alatoranda yaxşı çıxmadı.

Fironlar ölkəsindən səfər qeydləri - Vahid Qazi yazır

Giza ehramlarından fərqli olaraq burada məbəd yerin üstündə tikilmir, əksinə, dağın altında qazılırdı. İndiyədək 63 sərdabə tapılıb. Ən böyüyü “Məqbərə 320” adlanır.

IX Ramzesin sərdabəsi önündə

“Məqbərə 320”dəki 37 sarkofaqda fironların, onların arvadlarının, şahzadələrin mumiyası aşkarlanıb. Bu sarkofaqlar qayalığın 13 metr dərinliyində çapılmış 70 metrlik dəhlizin sonundakı otaqlardaymış. Başqa sərdabələr kimi buranı da ilk tapanlar talan ediblər. XIX əsrdə talanlarla bacarmayan dövlət mumiyaları, orada aşkarlanan zinət əşyalarını saxlamaq üçün başqa yerə köçürür. Elə baş vurduğum beş sərdabənin beşini də boş gördüm.

Fironlar ölkəsindən səfər qeydləri - Vahid Qazi yazır

Sonra bələdçimiz bizi Deir əl-Baharı vadisinə, Hatşepsut məbədinə gətirdi. Nəhəng dağın içində çapılıb qabağında üç terras tikilmiş məbəd qadın firon Hatşepsutun əmri ilə 9 ilə inşa edilib. Əri II Tutmos öləndən sonra taxta hələ balaca olsa da oğlu III Tutmos çıxmalıymış. Hatşepsut ərinin vəsiyyətini elan etməsinlər deyə kahinləri rüşvətlə ələ alır, özünü firon elan edir və 21 il ölkənin yarımtanrı hökmdarı olur.

Hatşepsut məbədi

Deir əl-Baharı vadisindəki Hatşepsut məbədi


Onun fironluğu dövründə Misir görünməmiş inkişafa çatır. Nə olsun? Oğlu III Tutmos bu uğurları saya salmır, böyüyüb hakimiyyəti geri alandan sonra Hatşepsutun adını hər yerdən sildirir. Amma tarix yazanı firon da poza bilməz! Karnak məbədində əl yetməyən dalda bir yerdə qalan yazı lövhəsi başqa mətnlərə də açar olur, beləliklə, gələcək nəsillər Hatşepsutdan xəbər tutur. Hatşepsut II Ramzes, Kleopatra kimi məşhur fironlar cərgəsinə düşür.

Fironlar, onların ağlasığmaz tikililəri, qoy elə qaldıqları yerdə qalsınlar. Sizə onu deyim ki, geri qayıdanda yol qırağındakı adamların “hardansa uzaq xoşbəxt ölkələrdən gələn bəxtəvər turistlərə” yarı qibtə, yarı həsrət dolu baxışları fonunda özünü fironların yox, bu sadə adamların – fironlar ölkəsinin kasıb sakinlərinin yanında daha rahat hiss edirsən.

Ta qədimdən bu günəcən belədir – fironu, kralı, şahı-sultanı, lideri-prezidenti varlı olan ölkələrin əhalisi kasıb, ac-yalavac yaşayıb.

Bəşərin ən dəyərlisi – İnsan

Fironlar ölkəsindən səfər qeydləri - Vahid Qazi yazır

Misirdə minillərin sınağından salamat keçib gələn qədim abidələr səni dəyər ölçüsünə bir ayrı bucaqdan baxmağa sövq edir. Düşünürsən, zaman və məkandan asılı olaraq kiminçünsə dəyərli olan sənə də dəyərlidirmi? Yaxud əksinə, sənin dəyər anlayışını başqaları da bölüşürmü? Anlayırsan ki, bir vaxt müqəddəs olmuş bu möhtəşəm abidələr belə insan dəyəri yanında bir heçdir!

Qena şəhərinin sakinləri

Dünən inanıb uğrunda can qoyduğun bu gün də o müqəddəslikdə, o dəyərdədirmi? Qədim misirlilər üçün Karnakdakı Amon Ra məbədi bir vaxtlar ən müqəddəs yer idi. Niyə misirlilər daha Amon Raya, yunanlar Zevsə itaət etmirlər? Romalı sevgililər məhəbbət tanrısı Amuru yada salmırlar?

Vatikandakı Müqəddəs Pyotr kilsəsi, yəhudilərin Ağlayan Divarı, müsəlmanların Kəbəsi min il sonra da indiki müqəddəsliyini saxlayacaqmı? Yoxsa Hararinin “homo deus”u bu yerləri muzey kimi ziyarət edəcək?

Hər şeyin ömrü – bu gün müqəddəs bilinənlər belə – insanın ona inanıb dəyər verdiyi çağacandır!

Bunlar mənim səfərdən gətirdiyim düşüncələrim, subyektiv fikirlərimdir. Misirə qalanda, dünyanın ən görməli qədim ölkələrindən birinə azından bir dəfə də olsa gəlməyinə dəyər. Gəlin, gəzin, özünüz görün. Oxumaq başqa, görmək başqadır..

Vahid Qazi
Hurqada, Misir – Helsinborq, İsveç
Qış ayları, 2019

P.S. Yazıdakı fotoların əksəriyyəti özümündür, bəzi fotoları internetdən götürmüşəm, birini Aynur Talıbovadan almışam.

Fironlar ölkəsindən səfər qeydləri - Vahid Qazi yazır
Fironlar ölkəsindən səfər qeydləri - Vahid Qazi yazır
Fironlar ölkəsindən səfər qeydləri - Vahid Qazi yazır
Fironlar ölkəsindən səfər qeydləri - Vahid Qazi yazır
Fironlar ölkəsindən səfər qeydləri - Vahid Qazi yazır
Fironlar ölkəsindən səfər qeydləri - Vahid Qazi yazır
Fironlar ölkəsindən səfər qeydləri - Vahid Qazi yazır
Fironlar ölkəsindən səfər qeydləri - Vahid Qazi yazır
Fironlar ölkəsindən səfər qeydləri - Vahid Qazi yazır




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}