Arif Hacılı: “Seçkilərdə əsas rəqabət Müsavatla YAP arasında gedəcək”
Tarix: 25-01-2020 23:31 | Bölmə: Slayd
Arif Hacılı: “Seçkilərdə əsas rəqabət Müsavatla YAP arasında gedəcək”

“Müsavat Partiyası 60 dairə üzrə namizədləri ilə seçki kampaniyası aparır. Hazırda təşviqat materiallarının, bukletlərin yayılması ilə məşğuluq. Eyni zamanda partiyamızın namizədləri və nümayəndələri “Qapı-qapı” aksiyası keçirərək hər bir seçici ilə təmasda olmağa cəhd göstərirlər”.

Bu fikirləri Reyting.az-a Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

Onun sözlərinə görə, artıq təbliğat mərhələsi başlanıb və Müsavat namizədləri açıq, qapalı meydanlarda görüşlər keçirəcək: “Ancaq seçki kampaniyasının səmərəli təşkili üçün ilk növbədə televiziya kanallarının buna şərait yaratması, pulsuz efir vaxtının ayrılması zəruridir. Təəssüflər olsun ki, buna imkan verilmədi. Biz də daha çox sosial media üzərindən seçki kampaniyasını aparmağa çalışırıq”.

A. Hacılı bildirib ki, Müsavatın seçki şüarları elan edilib, partiyanın seçkilərlə bağlı manifesti ictimailəşdirilib: “Müsavatın namizədləri öz dairələrində və Azərbaycanda tanınan siyasi xadimlərdir. Əminəm ki, Müsavat namizədlərinin olduğu dairələrdə az-çox demokratik seçkilər keçirilsə, namizədlərimiz qalib gələcək”.

Müsavat başqanı 60 dairədən 64 namizədlərinin olduğunu deyib və onlara pulsuz efir vaxtının verilməməsinin səbəblərini açıqlayıb: “Əslində 60-dan daha çox dairədən namizəd irəli sürmək tələbi var. Ona görə də, bizim namizədlərimizin 61 deyil, 60 olmasının səbəbi də budur. Bir neçə dairədən namizədlərimizi qeydə almadılar. Çünki 61 dairədən namizədimiz qeydə alınsaydı hakimiyyət qanunvericiliyə uyğun olaraq bizə pulsuz efir vaxtı ayırmalı olacaqdı”.

A. Hacılı əlavə edib ki, siyasi partiya olaraq seçkilərdə iştirak edən yeganə müxalifət partiyası Müsavatdır: “Cümhuriyyət Bloku yaranıb, eləcə də Hərəkat Bloku var. Biz hər iki blokla əməkdaşlıq edirik. Müsavatın namizədi olmadığı dairələrdən həmin blokdan olan namizədlərin müdafiə edilməsi mümkündür”.

Müsahibimiz qeyd edib ki, Müsavat Partiyası hətta internet televiziyalarda təşkil ediləcək debatlara da hazırdır: “YAP-ın icraçı katibi Əli Əhmədova və Siyavuş Novruzova müraciətim olub. Müsavat Partiyası hakim partiya ilə debata hazırdır. Çünki bu seçkilərdə YAP-dan sonra ən çox namizədlə iştirak edən siyasi qüvvə Müsavatdır. Seçkilərdə də əsas rəqabət Müsavatla YAP arasında gedəcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}