Rusiyanın Qafqaz siyasəti daha reallıqlara əsaslanan şəkildə qurulur - Sabiq nazir
Tarix: 07-07-2020 11:03 | Bölmə: Slayd
Rusiyanın Qafqaz siyasəti daha reallıqlara əsaslanan şəkildə qurulur

“Rusiyada referendum keçirilməsi, hakimiyyətdə kimin olması Qarabağ münaqişəsinin taleyinə elə ciddi təsir etməyəcək. Rusiyanın idarəetmə sistemi əslində Bizans sistemidir. Ruslar bu sistemi ənənəvi olaraq tətbiq ediblər. Burada siyasi sistemin kommunizm, kapitalizm və ya çarizm olmasının fərqi yoxdur”.

Bu sözləri Reyting.az-a sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Onun fikrincə, Rusiyada çarlıq dövründə, inqilabdan sonra sosializm zamanı və müasir kapitalizm dövründə Bizans sistemi ənənəvi olaraq tətbiq edilib: “Yəni biz bu quruluşların hər birini analiz edəndə görəcəyik ki, onlarda idarəetmə mərkəzləşmiş sistemdir. Doğrusu, kimlərsə dəyişiklikləri gözləyirdi. Ümidlər var idi ki, nələrsə dəyişəcək. Amma təcrübə də göstərirdi ki, bu, mümkün deyil. Bu boyda ölkəni idarə etmək üçün mərkəzdə olan və hakimiyyəti əlində cəmləşdirən başçı olmalıdır. İstəyirsiniz, bunu Mərkəzi Komitənin katibi, Rus Çarı və ya başqa adla çağırın, fərqi yoxdur. Əsas odur ki, onların iş üslubu, ənənə eynidir və davam edir”.

Tofiq Zülfüqarovun müşahidələrinə görə, Rusiyanın ümumi maraqları çərçivəsində ciddi dəyişiklik müşahidə edilməyəcək: “Əgər kimsə düşünürsə ki, Rusiyada başqa bir adam hakimiyyətə gələrsə Azərbaycana münasibət dəyişəcək, fikrimcə, yanılır, mənim buna inamım yoxdur”.

Amma sabiq nazir bir məqamı müsbət tendensiya kimi qeyd edib: “Bizim bölgəyə aid Rusiya siyasəti daha reallıqlara əsaslanan şəkildə qurulmağa başlayır. Biz hazırda bu tendensiyanı görürük. Bir tərəfdən Azərbaycanla münasibətlərin daha da genişləndirilməsi, digər tərəfdən Ermənistanla münasibətlərin pisləşməsi. Belə tendensiya artıq mövcuddur və davam edir. Bu tendensiyanın əsasında duran da, sözsüz ki, Vladimir Putindir. Bu baxımdan istər-istəməz onun hakimiyyətdə qalması göstərir ki, bu tendensiya davam edəcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}