Rasim Musabəyov: “ATƏT-in Minsk qrupunu arxivə göndərdik”
Tarix: 12-11-2020 14:31 | Bölmə: Slayd
Rasim Musabəyov: “ATƏT-in Minsk qrupunu arxivə göndərdik”

“Biz, ATƏT-in Minsk qrupunu qəbul etmiriksə və bu qrup faktiki olaraq proseslərdən kənarda qalıbsa, nə edə bilər? Nəzərə almaq lazımdır ki, imzalanan bəyanatda Rusiya da var. Minsk qrupunun digər həmsədrləri danışmağa başlasa, Rusiya deyəcək ki, biz məsələni həll etmişik, daha sizə ehtiyac yoxdur. Rusiyasız Minsk qrupunun həmsədrlik institutu heç nəyə qadir olmur”.

Bu fikirləri Reyting.az-a Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov ATƏT-in Minsk qrupunun bundan sonrakı fəaliyyətindən danışarkən deyib.

Deputat əlavə edib ki, indi prosesdə Rusiya və Türkiyə tərəfi iştirak edir: “Türkiyənin burada iştirakının bir əhəmiyyəti də odur ki, biz bu addımla Minsk qrupunu arxivə göndərməli olduq”.

R. Musabəyovun fikrincə, erməni tərəfinin Laçın, Kəlbəcər və Ağdamdan çıxmaması ehtimalı da yoxdur: “Bu, Rusiyanın öhdəliyidir. Rusiya onları bu ərazilərdən çıxarmalıdır. Fərz edirəm ki, ermənilər bu məsələdə cığallıq etmək istəsə Rusiya deyəcək ki, onda mən kənara çəkilirəm, Azərbaycan gəlib səni başqa üsulla “yola salacaq”. Ermənilər də bilirlər ki, biz bunu 3 saata edə bilərik. Odur ki, bu ərazilərdən çıxacaqlar. Bu, müzakirə mövzusu belə deyil. Əlbəttə, ermənilərin yaşadığı yerdə yüngül silahlar qala bilər. Kimsə götürüb Azərbaycan tərəfinə atəş açdığı halda yerində oturdulacaq. Sülhməramlılar bunu həyata keçirməsə, onun monitronqini aparan mərkəz məsələni diqqətə alcaq və sülhməramlıların fəaliyyəti şübhə altında düşəcək. Belə olanda Azərbaycan Rusiyadan izahat tələb edə bilər”.

Deputat onu da bildirib ki, hazırda Xankəndində çox az adam qalıb: “Mülki əhali demək olar ki, oradan çıxıb. Orada infrastruktur dağılıb. İşıq, qaz, su yoxdur. Məktəb, bağça, qurumlar işləmir. İnanmıram ki, qış ərəfəsində bu insanlar geri qayıtsın. Olsa da, cüzi sayda olacaq. Ermənistan ordusu da oradan çıxdıqdan sonra az sayda adam qalacaq.

Hər bir məsələ üçün vaxt yetişməlidir. Orada qalan ermənilər bir müddətdən sonra anlayacaqlar ki, onların Xankəndində yaşaması mütləq şəkildə münasibətlərini Azərbaycanla nizamlamaqdan keçir. Həm də nəzərə alın ki, orada rus sülhməramlıları durursa, deməli, nə qərbdən, nə də başqa yerdən ora pul gəlməyəcək. Nə qədər ki, ora qeyri-müəyyəndir sərmayə də olmayacaq, iş yerləri açılmayacaq. Onların yaşamaq perspektivi yalnız Azərbaycanla dil tapmaqdan keçir. Bu zaman da oturub söhbət edəcəyik. Biz bu məsələlərlə bağlı Azərbaycanın süverenliyini qəbul edən erməni vətəndaşlarımızla müzakirələr aparmağa hazırıq. Yəni vətəndaşlarımızla hansı formada münasibət qurmağımız öz daxili işimizdir. Kənar təsirlər artıq mövcud deyil”.

Reyting.az




Bölməyə aid digər xəbərlər