Prezident geri çağırılan səfiri yeni vəzifəyə təyin edib
Tarix: 08-01-2021 14:55 | Bölmə: Slayd
Prezident geri çağırılan səfiri yeni vəzifəyə təyin edib

Xəbər verdiyimiz kimi, Nərgiz Akif qızı Qurbanova Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Reyting.az
xəbər verir ki, Prezident İlham Əliyevin digər sərəncamı ilə N. Qurbanova Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, Nərgiz Qurbanova 1975-ci ildə anadan olub. 1991-1994-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisasi üzrə bakalavr və 1995-1997-ci illərdə magistr dərəcələri alıb.

1997-1999-cu illərdə isə Qərb Universitetinin (Azərbaycan) Beynəlxalq menecment ixtisasının magistr dərəcəsini bitirib. N. Qurbanova həmçinin Yönşöpinq Beynəlxalq Biznes Məktəbinin (İsveç Krallığı) Beynəlxalq biznes fakültəsində (2000) və Nitsa Universitetinin (Fransa) Beynəlxalq hüquq fakültəsində (1997) təhsil alıb.

O, 2009-cu ildə Vyana Universitetindən (Avstriya) fəlsəfə elmləri doktoru dərəcəsi alıb.



N. Qurbanova 2001-ci ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışmağa başlayıb və 2001-2010-cu illərdə İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsində müxtəlif vəzifələr tutub.

Səfir təyinatından öncə N. Qurbanova Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsinin rəisi vəzifəsində çalışıb və Azərbaycanın iqtisadi gündəliyinin xaricdə təşviqi, regional və qlobal iqtisadi təşkikatlarla tərəfdaşlıq, Avropa İttifaqı ilə əməkdaşlıq, eləcə də ikitərəfli iqtisadi əlaqələrin və regional iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələləri ilə məşğul olub. N. Qurbanova həmçinin şerpa müavini qismində Türkiyənin sədrliyi çərçivəsində Azərbaycanın ilk dəfə olaraq G20 Sammitinin işində qonaq qismində iştirakına töhfə verib.

N. Qurbanova həmçinin 2004-2007-ci illərdə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinə və 2010-2013-cü illərdə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinə (müşavir, müvəqqəti işlər vəkili və səfirinin müavini olaraq) ezam olunub.

Səfir N. Qurbanova "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919- 2009)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

N. Qurbanova 2016-cı il 12 yanvar tarixində Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdi.

İngilis, fransız (orta) və rus dillərini bilir. Xanım səfir ailəlidir, bir oğlu var.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}