Azərbaycan və Türkmənistanın anlaşmasından dost xalqlar da bəhrələnəcək - Fotolar
Tarix: 22-01-2021 13:36 | Bölmə: Slayd
Azərbaycan və Türkmənistanın anlaşmasından dost xalqlar da bəhrələnəcək

“Mən Azərbaycan və Türkmənistan arasında “Dostluq” yatağı ilə bağlı razılaşmanı çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu tarixi razılaşma hər iki ölkənin maraqlarına xidmət edir, bundan tərəflər faydalanacaq”.

Reyting.az
xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov yanvarın 21-də “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanmasını şərh edərkən deyib.


V. Əhmədov

İqtisadçı xatırladıb ki, Türkmənistan dövləti də neft-qaz ixrac edən ölkədir. V. Əhmədov “Dostluq” yatağının bu dövlətlə birgə işlədilməsi haqda razılaşmanı çox əhəmiyyətli hesab edir: “Yəqin ki, müqavilələr hazırlanacaq, sənədlər üzərində işlər aparılacaq. Əvvəla nəzərə almaq lazımdır ki, “Dostluq” yatağı tarixi yataqdır, orada kifayət qədər neft ehtiyatları var. Hesab edirəm ki, bu yatağın birgə işlənməsi hər iki ölkə üçün əlavə imkanlar açacaq. Əlbəttə, neft yatağı Azərbaycanla Türkmənistanın su sərhəddində yerləşirdi. Səhv etmirəmsə, Türkmənistan bu yatağı “Sərdar”, Azərbaycan isə “Kəpəz” adlandırırdı. Birgə razılaşma ilə “Dostluq” yatağı adını alan bu yer hər iki ölkə arasında mövcud olan dostluq əlaqələrini daha da möhkəmləndirəcək”.

V. Əhmədov xatırladıb ki, Azərbaycan və Türkmənistan dost dövlətlərdir: “Biz TANAP və TAP layihəsini çəkən zaman belə fikir var idi ki, sonradan Türkmənistan qazı Xəzər dənizinin altı ilə həmin layihəyə qoşulsun və bu sərvət dünya bazarına çıxarılsın. Hesab edirəm ki, “Dostluq” yatağına dair tarixi anlaşma bu prosesin də qrşısını açacaq. Ümid edirəm ki, müəyyən müddətdən sonra Türkmənistan qazının da boru xətti ilə dünya bazarına çıxarılması baş verəcək. Ümumiyyətlə, Bakı və Astana arasında çox gözəl münasibətlər var, hər ikisi müsəlman ölkəsidir. Digər tərəfdən, Türkiyə və Pakistanla yüksəksəviyyəli əlaqələrimiz var. Əlbəttə ki, Türkmənistan da daxil olmaqla bu ölkələrlə iqtisadi əlaqələrin qurulması, razılaşmaların əldə edilməsi və inkişafı müsəlman ölkələri kontekstində böyük və nümunəvi addımlardır. Buna qısqanclıqla yanaşan ölkələr də ola bilər. Hamı istəyir ki, belə layihələrdən pay alsın. Amma Azərbaycanın dövlət başçısı kifayət qədər təcrübəli şəxs, beynəlxalq aləmdə tanınmış siyasi xadimdir. O, öz millətinin, dövlətinin maraqları və taleyi ilə bağlı məsələlərdə heç kimə güzəştə getmir. Bir daha qeyd edim ki, belə müqavilələr çox vacibdir”.

Deputat əlavə edib ki, “Dostluq” yatağının perspektivləri kifayət qədərdir: “Əlbəttə, əsas odur ki, yatağın birgə işlənməsi haqda razılaşma əldə edilib. Bundan sonra “Dostluq” yatağında kəşfiyyat işlərinin aparılması, onun ehtiyatlarının müəyyən edilməsi, çıxarılması və daşınması birgə həyata keçiriləcək. Bu, Xəzər dənizində ən mühüm razılaşmalardan biridir və digər ölkələr üçün nümunə sayılacaq hadisədir”.


T. Kərimli

Deputat Tahir Kərimli isə deyib ki, Azərbaycan və Türkmənistan arasında tarixi anlaşma əldə olunub: “Müstəqillik əldə etdikdən sonra mənim ən böyük arzum Xəzər qonşusu olan və mədəni, milli ənənə baxımından yaxın olan Azərbaycan və Türkmənistan arasında yaxınlaşma olub. Bu, Niyazovun hakimiyyəti dönəmində mümkün olmadı. Son illər iki dövlət başçısının səfərlərindən sonra razılıq əldə olundu, münasibətlər qaydasına düşdü və “Dostluq” yatağının birgə mənimsənilməsi haqda razılaşma əldə edildi. Hesab edirəm ki, bu, Türkmənistandan Xəzərin altı ilə Azərbaycana qaz xəttinin çəkilməsi üçün əlavə stimuldur. “Dostluq” yağından bizim ən yaxın neft yatağımıza təxminən 80 kilometr məsafə var. Çox əlverişli vəziyyət yaranıb. Bu yataq birgə istismar ediləcək və hər iki ölkənin xalqı burdan əldə olunan imkanlardan istifadə edəcək. Biz hamımız bu tarixi anlaşma münasibəti ilə sevinirik”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}