Ordumuz bir neçə günə separatçıların nəzarətindəki ərazilərdə suverenliyimizi bərpa edə bilər
Tarix: 09-08-2022 18:51 | Bölmə: Slayd
Ordumuz bir neçə günə separatçıların nəzarətindəki ərazilərdə suverenliyimizi bərpa edə bilər

“Mən yorulmadan deyirəm ki, Azərbaycan potensial olaraq üç savaşa hazır olmalıdır:

Birincisi, Rusiya sülhməramlılarının müvvəqqəti olduğu ərazilərimizdə suverenliyimizi bərpa etməyə.

İkincisi, Zəngəzur dəhlizinin açılmasına.

Üçüncüsü, İranla bağlı məsələyə.

İndi birinci məsələyə qayıdaq. Mən qeyd edirdim ki, Azərbaycan anti-terror əməliyyatlarına hazır olmalıdır. Laçın dəhlizinin sərhədə dirənən hissəsi küpün ağzıdır, oranı bağlamalıyıq, postumuz qurulmalıdır. Eyni zamanda Laçın dəhlizi boyu - küpün boynu və gövdəsinə qədər türk əsgərləri ilə birlikdə hərbi postlar qurmalıyıq. İndi buna əməl edilmədi, amma de-fakto Azərbaycan Ordusu küpü perimetr üzrə mühasirəyə almağa başlayıb. Mən hesab edirəm ki, bu, doğru addımdır. Amma bunu bütün perimetr üzrə etmək lazımdır”.


Bu sözləri Reyting.az-a Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib.

S. Əkbər əlavə edib ki, Azərbaycan hakim yüksəklikləri ələ keçirməlidir:

“Mən əvvəlcədən qeyd edirdim ki, Azərbaycanın bir neçə gün, maksimum 72 saat vaxtı olacaq. Biz həmin yüksəklikləri ələ keçirib hazır vəziyyətdə durmalıyıq ki, 3-4 gün ərzində yerdə qalan ərazilərə nəzarəti bərpa edək. Yəni dağın başından ətəyinə enməliyik. Əgər biz bütün perimetr üzrə hakim yüksəklikləri ələ keçirib hazır vəziyyətdə gözləsək, həqiqətən də 3-4 günə bu vəzifəni yerinə yetirə bilərik”.


S. Əkbər

Partiya sədri diqqətə çatdırıb ki, belə bir fürsət qarşıdakı bir ay ərzində olacaq: “Avqustun sonu, sentyabrın əvvəlindən başlayaraq. Biz bundan effektiv istifadə etməliyik. Görünür, qismən istifadə olunacaq, hərçənd ,mən tam istifadə edilməsini arzulayıram. Ehtimal edirəm ki, qismən istifadə etmək o deməkdir ki, erməniləri və rus əsgərlərini alternativ dəhlizə keçirmək, Laçın dəhlizindən, Laçından, Zabux və Sus kəndlərindən “sülhməramlıları” çıxarmaq və bundan sonra Rusiyanın aydın məğlubiyyətini gözləmək...

Məncə, Azərbaycan hökuməti daha ehtiyatlı davranır. Bunun nə qədər çəkəcəyini də söyləmək bir qədər çətindir”.

S. Əkbərin fikrincə, anqlosakslar son 300 ildə rusların müharibələrini araşdırıblar və məlum olub ki, rusların qalib gəldiyi müharibələr ortalama 8 ay, uduzduğu müharibələr isə ilyarım çəkir: “Ən azından Ukrayna oktyabr-noyabra qədər dirənməli və beləcə, Rusiyanın qalib gəlməsinə imkan verməməlidir. Bundan sonra Rusiyanın ağır günləri - tənəzzülü başlayacaq. Yox, əgər tükəndirmə davam etsə, ilyarım çəkəcək. Azərbaycanın isə Türkiyə ilə birlikdə necə qərar verəcəyini görəcəyik. Azərbaycan Türkiyə ilə birlikdə hərəkət edir və Ankaranın sözü nəzərə alınmalıdır. Türkiyə də Suriyada əməliyyat keçirməyi planlaşdırır. Odur ki, Suriyada və Qarabağda əməliyyatlar koordinasiyalı şəkildə getməlidir. Ola bilsin ki, bizim bilmədiyimiz danışıqlar, məlumatlar var. Bakının və Ankaranın geopolitik düşüncəsi ondan ibarət ola bilər ki, Rusiya ilə münasibətləri yumşaq, ehtiyatlı və məsafəli saxlamağa çalışaq. Rusiyanın vəziyyəti ağırlaşdıqca, Qərblə düşmənçilik dərinləşdikcə, tərk etdiyi yerləri Qərbin tutmağındandırsa, Türkiyənin tutmasına sakit yanaşacaq. Ola bilsin ki, belə bir strateji düşüncə var. Əgər belə bir düşüncə varsa, Ankara və Bakı daha ehtiyatlı hərəkət edəcək və Rusiyanı qıcıqlandırmamağa çalışacaq. Bu halda məhdud əməliyyatlarla kifayətlənərək bu mərhələni yekunlaşdıracaq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}