Navalnının xanımı Yuliya prezident Putini ittiham edir
Tarix: 13-03-2024 20:27 | Bölmə: Xəbərlər
Navalnının xanımı Yuliya prezident Putini ittiham edir

2024-cü ildə, fevral ayının 16-da Rusiyada həbsxanada vəfat edən siyasətçi Aleksey Navalnının xanımı Yuliya Navalnayanın "The Washington Post" qəzetində “Putin siyasətçi deyil, qanqsterdir” başlıqlı köşə yazısı dərc olunub. Yazının müəllifi Qərb ölkələrini Rusiyada keçiriləcək seçkilərin nəticələrini tanımamağa çağırıb.

Reyting.az
xəbər verir ki, "Washington Post" qəzetində çap olunmuş köşə yazısında Rusiya müxalifət liderinin dul arvadı beşinci dəfə prezident seçilmək niyyətində olan Vladimir Putinin hakimiyyətinin qanunsuzluğundan bəhs edir.

Y. Navalnaya Rusiya prezidenti Putini qatil, qanqster, mafiya qrupunun lideri kimi xarakterizə edir.

Navalnaya müəllifi olduğu köşə yazısında rusiyalıları etiraza qalxmağa və seçkilərdə “Putin əleyhinə günorta” adlı aksiyada iştirak etməyə, Qərb ölkələrini isə Putinin çevrəsinə qarşı sanksiyaların tətbiqinə, eləcə də Putinin özünü legitim dövlət başçısı kimi tanımamağa çağırır.

Yuliya Navalnaya yazısında belə bir xatırlatma verir:

"2024-cü il fevral ayının 16-da, Rusiyada növbəti “seçkilərə” cəmi bir ay qalmış mənim həyat yoldaşım Aleksey Navalnı məhkum olduğu cəzaçəkmə müəssisəsində Vladimir Putinin birbaşa göstərişi ilə öldürüldü. Şəxsən mən heç vaxt siyasətçi olmaq və ya tribunadan danışmaq, beynəlxalq media üçün köşələr yazmaq istəməmişəm. Ancaq Putin mənə başqa seçim qoymadı. Beləliklə, mən sizə Alekseyin bütün bu illər ərzində söyləməyə çalışdığı bir neçə vacib mətləbləri demək istərdim. Putini məğlub etmək və ya ən azı onu ciddi şəkildə cəzalandırmaq üçün sizin kiminlə məşğul olduğunuzdan dəqiq, həm də ətraflı xəbərdar olmağınız gərəkdir. Təəssüf ki, Qərbdə hələ də həddindən çox insan onu legitim bir siyasi lider kimi qəbul edir, onun ideologiyası ətrafında mübahisə aparır, hərəkətlərində siyasi məntiq axtarır. Bu isə yeni yanlışlara səbəb olan və Putinə rəqiblərini dönə-dönə aldatmağa yardım edən böyük səhvdir".

Müəllif daha sonra yazır ki, V. Putin siyasətçi deyil, qanqsterdir.

Xanım Navalnaya qeyd edir ki, Aleksey Navalnı Rusiyada o qədər məşhurlaşdı və o qədər Putin tərəfindən nifrət qazandı ki, Navalnı mübarizəsinin lap əvvəllərindən nələr baş verdiyini anladı.

Müəllifə görə, Putin hakimiyyəti sırf varlanmaq və yalnız şəxsi ambisiyalarını həyata keçirməkdən ötrü ələ keçirib istifadə edir. Elə buna görə də o quldurlar kimi danışır.

Y. Navalnaya yazır: "Putinə mafiyanın lideri kimi baxın - O zaman siz də onun qəddarlığını, kinliliyini, zorakı hərəkətlərə meylini, vulqar dəbdəbəni sevdiyini, yalan danışıb öldürməyə hazır olduğunu başa düşəcəksiniz. Onun din, tarix, mədəniyyət və siyasətlə bağlı bütün söhbətləri Qərb tamaşaçısını çaşdıra bilər. Ancaq Rusiyada hamı bilir ki, quldurlar həmişə böyük xaç taxmağı, kilsələrdə poz verməyi və özlərini yüksək ədalət, ənənəvi dəyərlər uğrunda döyüşçü kimi təqdim etməyi sevirdilər, bu da onların anlayışında peşəkar cinayətkarın qəddar məcəlləsinə sığan nəsnələrdir".

Köşə yazısının müəllifi tövsiyə verməyi də unutmur. Y. Navalnaya V. Putinə bir mafiya lideri kimi baxmağı məsləhət görür, onu necə cəzalandırmaq, Putinin sonunun tezləşdirmək üsullarını başa düşməklə əsas məqsədə çatmağın mümkünlüyünə ümid ifadə edir. "Cinayətkar liderlər üçün status çox vacibdir - həm dəstə daxilində, həm də xarici aləmdə. Təəssüflər olsun ki, Putin Rusiyada hakimiyyəti ələ keçirdi və özünü legitim prezident elan etdi, indi o hətta rus çarlarının varisi kimi tacqoydu mərasimi də keçirə bilər. Bəs nəyə görə demokratiyaya sadiq ölkələr indiyə qədər onun cinayətkar gücünün legitimliyini tanımaqda hələ ki, davam edirlər? Nə üçün ədalətli seçkilərdə qalib gəlmiş dünya liderləri onilliklər boyu seçkiləri saxtalaşdıran, bütün tənqidçilərini öldürən, həbs edən və ya ölkədən qovmuş quldurla özlərini eyni səviyyəyə qoyurlar. İndi isə Avropada onunla qanlı müharibəyə başlayıblar? Ukrayna... Mən də sizlərə söz vermirəm, söz vermirəm ki, 2024-cü ildə, mart ayında keçirilməsi nəzərdə tutulmuş prezident seçkilərinin nəticələrini dərhal tanımaqdan imtina Putin rejiminin sürətlə süqutuna gətirib çıxaracaq. Ancaq bu həm də Rusiya vətəndaş cəmiyyəti, Putinə hələ ki, sadiq olan elita, eləcə də bütün dünya üçün mühüm siqnal olacaq. Rusiyanı hamı tərəfindən tanınan bir prezident yox, nifrət edilən, həm də ictimaiyyət tərəfindən daha çox qınanan cinayətkarın idarə etdiyinə bu addım kəsərli işarə kimi qəbul edilə bilər. Yalnız bundan sonra Putindən qurtulmaq və hətta ona sadiq qalan insanlar üçün də çıxılmaz vəziyyətdən yeganə çıxış yolu kimi normal iqtisadi, eləcə də fəal siyasi həyata qayıtmaq mümkün görünəcək".

Köşə yazısında xüsusi qeyd edilir ki, belə cinayətkarlar üçün pul çox vacibdir. Putin tək Ukraynada yox, elə Rusiyada da sadə insanların çəkdikləri əzab-əziyyətə tam biganədir.

Müəllif yazır ki, o Rusiya iqtisadiyyatının vəziyyətindən elə çox da narahat deyil. Ordunu, cəza strukturlarını saxlamaqla özünü, çevrəsini varlandırmaq üçün Putinin kifayət qədər kapitalı var. Putini narahat edən yeganə şey ailəsinin, yaxın ətrafının gəlirdən məhrum olması ehtimalıdır.

Ola bilsin, sanksiyalarla Putinin özünə yetişmək artıq mümkün olmayacaq. Amma onun yaxın ətrafını, rejiminin idarəçilərini, dirijorlarını oğurlanmış mallardan məhrum etmək olar. "Quldurları pullarından məhrum edin, bax onda, həmin şəxslər liderlərinə sədaqəti itirəcəklər".

Daha sonra Y. Navalnaya öz köşəsində yazır: "Buna görə də mən az-çox görünən bütün sistemli siyasətçilərə, Putinlə əlaqəli “iş adamlarına”, Rusiyanın məmurlarına və təhlükəsizlik işçilərinə qarşı sanksiyaların maksimum dərəcədə genişləndirilməsinə, ehtiyatla həyata keçirilməsinə çağırıram. Putin rejiminin minlərlə nüfuzlu simasını kapitalından, mülkündən məhrum etməklə siz daxili parçalanma və sonradan isə Putin rejiminin dağılması üçün ilkin real şərtlər yaradacaqsınız".

Y. Navalnaya öz köşə yazısında həyəcanını gizlətmir. Müəllifin fikrincə, V. Putinin başladığı əsassız təcavüzə qarşı bu mübarizədə hədəf olaraq Ukrayna dövlətinə, onun ordusuna çox böyük, geniş miqyaslı dəstək Qərb ölkələri üçün də təbii mənəvi seçimə çevrilib. "Sözsüz ki, Putinin Ukraynada hərbi məğlubiyyəti diktatorun rejimini fəlakət həddinə çatdıracaq. Çünki tarixdə çox belə nümunə var", - deyə müəllif yazır.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}