Anar - Fəxri Uğurlu yazır
Tarix: 14-03-2024 21:31 | Bölmə: Xəbərlər
Anar
Fəxri UĞURLU

Görkəmli ədibin yubileyinə təbrik əvəzi

Anar Azərbaycanda ən çox oxunan, əsərləri ən çox müzakirə olunan yazıçılardandır. O zaman uşaq olsam da, yadımdadır ki, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı işıq üzü görəndən sonra az qala hər küçəyə, hər evə çəkişmə-dartışma salmışdı. Anlayan da, anlamayan da Təhminə başda olmaqla bu romanın personajlarını öz tərəzisinə qoyub çəkirdi, onları danlayırdı, mühakimə eləyirdi, ancaq çox az adam başa düşürdü ki, bu kimi əsərlər ədəbiyyata yeni tendensiyalar gətirir, yeni zövq, yeni üslub, yeni məktəb formalaşdırır, “Ağ liman”la, “Macal”la bəslənən uşaqların, gənclərin başını keyfiyyətsiz makulaturayla, cızma-qaralarla aldatmaq artıq mümkün olmayacaq. Ədəbiyyatımıza, ümumən incəsənətimizə modernizm dalğası gətirmiş, dünya ədəbiyyatıyla genetik bağlarımızı bərpa eləmiş altmışıncılar nəslinin öncüllərindən biri kimi Anarın yeni oxucu tipi yaratmaqda, yeni zövq tərbiyələndirməkdə xidməti əvəzsizdir.

Onun yaradıcılığı çoxşaxəlidir – nəsr, dramaturgiya, tənqid, publisistika, esseistika, kino, jurnalistika… hətta poeziya. Bu sahələrin hər birində Anar öz dövrü üçün hadisə yaratmağı bacarıb. Ədəbiyyatımızda modernizmin pionerlərindən olan “Ağ liman” nəsrimizdə nə boyda hadisədirsə, “Nəsrin fəzası” məqaləsi tənqidimizdə, “Dədə Qorqud dünyası” essesi elmi publisistikamızda, “Üzeyir ömrü” filmi kinomuzda, “Qobustan” jurnalı da mətbuatımızda elə o boyda hadisədir.

…Yadımdadır, atam qaranəfəs evə gəldi, anama məni təcili geyindirib-kecindirməyi tapşırdı. Yeddi yaşım olardı, atamı heç vaxt sözün müsbət mənasında elə həyəcanlı görməmişdim. Kinoya xüsusi maraq göstərməyən, kinoteatra çox nadir hallarda gedən (doğrusu, bundan başqası heç yadıma gəlmir) atam məni təmtəraqla “Dədə Qorqud” filminə baxmağa apardı. Düzdür, film hələ rusca nümayiş olunurdu, öz dilimizdə hələlik səsləndirilməmişdi, mən də danışılanlardan çox az şey anlayırdım, bununla belə təkcə o şəkillərə baxmaq, dastandan oxuduğum parçaların əyani təsvirlərini görmək də bir uşağın öz tarixinə, folkloruna dalması üçün yetərliydi.

İndiki uşaqları, gəncləri o filmlərə baxmağa məcbur eləmək az qala mümkünsüzdür, ancaq bu o demək deyil ki, o filmlər, o əsərlər, o kitablar, o dərgilər öz işini görməyib. Görüb. Kimisi missiyasını başa vurub, kimisinin hələ gələcəkdə də görəcəyi işlər var. Anarın bədii-dramaturji yaradıcılığının sovet cəmiyyətinin neqativlərinə həsr olunmuş səhifələri bu gün aktual görünməyə bilər (çünki içində Anarın da olduğu nəhəng bir proses sonda o cəmiyyətin dağılmasına gətirib çıxardı), fəqət “Ağ liman”, “Macal”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” kimi incilər hələ uzun müddət aktuallığını qoruyacaq. Belə əsərlərin gələn onilliklərdə, yüzilliklərdə də maraq doğuracağına inanıram…



Sovet dövründə qazandığı şöhrətin, hörmətin, məhəbbətin sanki bədəli kimi təqribən son iyirmi beş ildə Anar bəs deyincə tənqid olunub. Bu tənqidlərin haqsız tərəfləri çox olsa da, haqlı tərəfləri də olub. Həm də tənqidlərin mütləq çoxluğu Anarın yaradıcı fəaliyyətinə yox, ictimai fəaliyyətinə yönəlib. Əminəm ki, Yazıçılar Birliyinin sədri olmasaydı, bu qədər tənqid gülləsinə də tuş gəlməyəcəkdi. Mən o fikirdə olmamışam, heç vaxt da olmaram ki, Anarı, ya başqa bir böyük yazıçımızı, şairimizi (ölü olsun, diri olsun, fərq eləməz) tənqid eləmək yaramazlıqdır, ancaq bu işə girişən qoçağın da gərək ağlı, savadı, istedadı Anarınkına bab gəlsin. Elə buradaca deyim ki, görkəmli ədibimizə yarınmaq məqsədiylə onun haqqında yazılmış dayaz mədhiyyələr də elə o haqsız tənqidlər, şər-böhtanlar qədər, yumşaq desəm, etiraz doğurur. Anar müəllimin yerinə olsaydım, bu cür ucuz xidmət göstərənləri, üzdə bir söz, daldada başqa söz danışanları cəzalandırar (bunun üçün onun əlində yetərincə işlək mexanizm var), onlara bu işlə məşğul olmağı qadağan eləyərdim.

Anarın da təmsil olunduğu nəsil Azərbaycan ədəbiyyatında, incəsənətində bütöv bir epoxa yaradıb. Çox təəssüf ki, ölkəmiz müstəqillik qazanandan sonra bu işləri əvvəlki səviyyədə aparmaq mümkün olmadı. Həm də təkcə bizdə yox, bütün postsovet məkanında. Qırılan mexanizmlər hələ də bərpa olunmayıb. Moskvanı itirdik, ancaq İstanbulu fəth eləyə bilmədik, rusdilli oxucunu əldən verdik, fəqət nəinki ingilisdilli, heç türkdilli oxucuya da gedib çata bilməmişik. Demişəm, yenə deyirəm (guya nəsə kəşf eləmişəm): bu işləri başa gətirməkdən ötrü möhkəm mexanizm qurulmalıdır, ən azından Türkiyənin ciddi nəşriyyatlarıyla işgüzar münasibətlər yaradılmalıdır. Şeiri hələlik qoyuram bir qırağa, nəsrimizdə dünya arenasına çıxarılası əsərlər var, az da deyil. Yazıçılar Birliyi bu missiyanın öhdəsindən gələ bilər, bir şərtlə ki, belə işlər vicdanlı, obyektiv, həm də savadlı, istedadlı adamlara həvalə olunsun. Ciddi ədəbi mühitə qeyri-ciddi adamlar vasitəsilə yol tapmaq, vallah-billah, mümkün deyil!

Bu kiçicik yazını belə bədbin əhvalla bitirmək istəməzdim. Əslində, mən yubiley təbriki yazmaq istəyirdim, amma göründüyü kimi, araya giley-güzar da qatdım. Uman yerdən küsərlər.

Bu gün milli ədəbiyyatımızda, incəsənətimizdə müstəsna yer tutan yazıçı Anarın 85 yaşı tamam olur. Bu münasibətlə həm öz adımdan, həm də təmsil olunduğum redaksiyanın kollektivi adından görkəmli ədibimizi təbrik eləyir, ona can sağlığı diləyirəm! Qoy onu sevənləri bundan sonra da sevindirsin!

“Yeni Azərbaycan”, 14 mart 2023-cü il




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}