Doğru seçim - Hikmət Sabiroğlu yazır
Tarix: 18-03-2024 23:26 | Bölmə: Xəbərlər
Doğru seçim

Hikmət SABİROĞLU

2008-ci ildən “Qarabağ”a baş məşqçilik edən Qurban Qurbanovun Azərbaycan futboluna nə xidmət göstərdiyi tarixə və yan-yörəyə baş vuranda daha aydın üzə çıxır.

Əslində Azərbaycan futbolu ifadəsi şərtidir, böyük futbol məkanı deyil Azərbaycan. 1936-1991-ci illərdə Sovet İttifaqının 54 çempionatı keçirilib. Azərbaycanın əsas komandası “Neftçi” 27 mövsüm yüksək liqada mübarizə aparıb, bir bürüncdən savayı uğur olmayıb. Gürcüstanın paytaxt “Dinamo”su 51 çempionatda oynayıb, 2 qızıl, 5 gümüş, 13 bürüncə sahib çıxıb. Ermənistan “Ararat”ı qatıldığı 33 çempionatın birində zirvəni fəth edib, iki yol gümüş medal alıb. Bu komandaların hərəyə iki SSRİ kuboku da var. “Neftçi” final üzü də görməyib, Sovet İttifaqının son üç ilində (1989-1991) isə yüksək liqadan bir pillə aşağı dəstədə ayaq sürüyüb.

“Dinamo”nun 1981-ci ildə UEFA Kuboklar kubokunu götürdüyü də unudulmasın.

Müstəqilik illərində də fərqli mənzərə yoxdur. Beynəlxalq turnirlərə 1994-cü ildən qatılan Azərbaycan milli komandası dörd Avropa çempionatının seçmə mərhələsində qrup sonuncusu olub, dördündə yalnız bir komandanı qabaqlayıb. Dörd dünya çempionatının seçmə mərhələsində milli qrupda son pilləni, ikisində sondan əvvəlki pilləni, birində axırdan üçüncü pilləni tutub. Üç Millətlər Liqasında yığma dörd komandalıq qrupda birinci ola bilməyib.

“Qarabağ”ı çıxsaq, UEFA-nın klub turnirlərində uğur adına “Neftçi”nin bir, “Qəbələ”nin iki mövsüm Avropa Liqasının qrup raundunda oynamasını qeyd eləmək mümkündür.

1992-ci ildən “Qarabağ” 10 dəfə Azərbaycan çempionu olub, 7 dəfə ölkə kubokunu qazanıb. 9 çempionluq, 5 kubok Qurban Qurbanovun dövrünə düşür.

Qurban Qurbanovla “Qarabağ” 10 mövsüm UEFA turnirlərinin qrup mərhələsində yarışıb (o cümlədən bir yol Çempionlar Liqası qrupunda), bunun ikisində Konfrans Liqasının 1/16 finalına, birində Avropa Liqasının 1/8 finalına qədər irəliləyib.

Bir ara Azərbaycan milli komandasının da sükanı arxasında dayanan Qurban Qurbanov 2018-ci ildə yığmanı 12 oyuna çıxarıb, 4 qələbə, 5 heç-heçə əldə edib.

Qurban Qurbanovun “Qarabağ”ı ilə “Çelsi”ni, “Tottenhem”i, “Arsenal”ı (London), “Sevilya”nı, “Atletiko”nu, “Vilyarreal”ı, “İnter”i (İtaliya), “Fiorentina”nı, “Roma”nı, “Borussiya”nı (Dortmund), “Ayntraxt”ı (Frankfurt), “Bayer”i, “Marsel”i… qonaq eləmişik. Azman klublarla qorxmadan oynayan bir “Qarabağ” yaradıb Qurban Qurbanov. Elə bir komanda ki, indi azarkeş Avropa Liqasının 1/8 finalını yetərli saymır.

Qurban Qurbanov Azərbaycan futbolunun xarakterini dəyişmiş məşqçidir: evdəsən, ya səfərdə – qələbəyə oynamalısan, hakim rəqibə üz görür – dözməlisən, azlıqda qalmısan, oyun da əlavə vaxta gedib – sonadək vuruşmalısan.

“Qarabağ”ın uğurları minimum imkanlar şəraitində ərsəyə gəlib. Azərbaycanda futbol idarəçiliyi bərbaddır. 1990-cı illərin ikinci yarısından ölkə futbolu federasiya rəhbərliyi ilə siyasi hakimiyyətin qarşıdurmasından əziyyət çəkib. 2003-cü ildən bəri isə futbola futboldan çox uzaq adamlar yön verir. Qurban Qurbanovun gördüyü iş olmasa, futbol məmurları hansı şapalaqla üz qızardardı?

Gürcüstanın milli komandası 2024-cü ilin Avropa çempionatına vəsiqə qazanmağa yaxındır, yığmanın oyunçuları “Napoli”, “Turin”, “Valensiya”, “Mets”, “Şaxtyor” (Donetsk) kimi klubların formasını geyir. Milli FİFA reytinqində 77-ci pillədə qərar tutub. Ermənistan 94-cü, Azərbaycan 113-cü yerdədir.

Bir Henrix Mxitaryan yetiribmi Azərbaycan futbolu? Karyerasında Dortmund “Borussiya”sı, “Mançester Yunayted”, “Arsenal” (London), “Roma” var Henrixin, indi də İtaliya “İnter”ində çıxış edir.

Apreldə ölkənin baş futbol qurumu AFFA-ya yeni prezident seçilməlidir. Kimisə o posta oturdacaqlar. Çörəyi ver çörəkçiyə desək də, başqa məntiq qüvvədədir. Yoxsa düşünərdin ən doğru seçim elə Qurban Qurbanovdur…




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}