23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Məzahir Süleymanzadə, mooooo!...
Tarix: 28-07-2017 12:30 | Bölmə: Mahir Qabiloğlu

Axır vaxtlar yazanda, keçmişdə çəkilən Azərbaycan sovet filmləri yaman dadıma çatır. Bu dəfə isə iki film birdən əlimdən tutdu. "Haşiyə” şəklində verməyəcəyəm. Çünki gizli mətləb olmayacaq müqayisələrimdə.

Bu günlərdə jurnalist həmkarlarımız 2-ci binada mənzillə təmin olundular. Bu haqda "Jurnalistlər, bu cür hökuməti də heç söyərlər?” adlı məqalədə fikirlərimi ifadə etdim. Heç kim bu yazıma neqativ reaksiya vermədi. Bəlkə də mənzilə iddialı insan olmadığım üçün. Axı, 14 ildir Prezident Heydər Əliyevin atama hədiyyə etdiyi evdə yaşayıram. Bu sevinci lap çoxdan hiss edənlərdənəm. Qələmim də qırılmayıb, ağzım da bağlanmayıb. Elə atam da... 2003-cü ildən öldüyü günə qədər yazdıqlarına baxsanız, nə qədər problemlərə, mətləblərə toxunduğunu görərsiniz. Çünki yazıçıya ev, təqaüd, yaradıcılıq evi veriləndə "yaradıcılıq şəraitinin yaxşılaşdırılması” deyirlər, jurnalistə isə "mənzil şəraitinin yaxşılaşdırılması”. Bu məsələylə bağlı özəl fikirlərimi bu yaxında çap etdirəcəyim "Əflatun Amaşov plagiatordurmu?” adlı yazımda daha ətraflı izah edəcəyəm.

Qayıdaq Məzahir Süleymanzadəyə. İstəməzdim ki, onun haqqında indi nəsə yazaydım. Əsasən belə yazıları yubiley münasibətiylə notbuka (qələmə) alıram. Amma məcbur oldum. Ona mənzil verilmədi. Çox adama mənzil verilmədi. Bunu təbii qəbul edirəm. Bəzilərinin mənzili vardı, yeni mənzil də verildi. Xidmətlərinə, yaşlarına, ustadlıqlarına görə. Məzahir Süleymanzadəyə də verilə bilərdi. Özünün iyulun 18-də paylaşdığı bir status bizi də buna inandırırdı: "Azərbaycan mətbuatı tarixində iki milyon tirajla qəzet buraxan, kirayədə yaşayan yeganə redaktorun 2013-cü ildə mənzil alan 156 jurnalist sırasına düşə bilməməsini ədalətsizlik yox, anlaşılmazlıq adlandırmışdılar. Sabah onun 255 jurnalist arasında adı olmasa, bu dəfə bunu nə ilə izah edəcəklər? Ümumiyyətlə, Məzahir Süleymanzadənin 411 jurnalist sırasında adı çəkilmirsə, onun jurnalistikada nə işi var? Qoy ədalət zəfər çalsın!”

Çox inanırdı mənzil alacağına. Yazdıqları, xidmətləri bizi də inandırırdı buna. Bir dəfə – 2013-cü ildə uğursuzluğa düçar olmuşdu. Övladlarından da kiçik olan sayt uşaqları ondan qabağa düşmüşdülər. Nəhayət vaxt çatdı. İlkin siyahıda adı olduğu üçün başlandı ünvanına təbriklər yağdırılmağa. Amma bir də gördük ki, Məzahir Süleymanzadə status paylaşır: "Əziz dostlar! Məni mənzil almağım münasibətilə təbrik etməyə tələsməyin...” Bu o demək idi ki, bu dəfə də 65 yaşlı bir insanın növbəsini uzadıblar. Ta 2020-ci ilə qədər. "Heç qorxusu yoxdur” dedim. Alacaq. Məzahir Süleymanzadə mənzili hökmən alacaq. Biz də, Mətbuat Şurası, KİVDF buna tam əmindir. Məzahir Süleymanzadə o günü görsə də, görməsə də... Çünki, ev paylanma prosedurunda orden və medallara aid edilən statuslar bu mənzil bölgüsünə də aiddir: "Sağlığında” və ya "Ölümündən sonra”.

AzTV-də işləyəndə qəribə bir əhvalatla rastlaşdım. Saleh adlı birindən aksiz markalarının tətbiqi iləbağlı müsahibə almaq istəyirdim. Belə hallarda müsahibəyə ya razılıq verərlər, ya da imtina edərlər. O isə başladı mənimlə məzələnməyə:

– İndi sən məndən müsahibə almaq istəyirsən?

– Bəli.

– Harda verəcəksən müsahibəni?

– "Günün ekranı”nda.

– Yox əşşi?

– Başa düşmədim.

– İndi sən deyirsən ki, məndən müsahibə alıb, axşam 8-də efirə gedən "Xəbərlər”də verəcəksən?

– Bəli.

– Pul verməyəcəyəm a...

– Mən sizdən pul yox, müsahibə istədim.

– Jurnalist, sən deyəsən məni dolamısan, hə? Pul almayacaqsan və müsahibəni də aparıb xəbərlərdə verəcəksən?

– Bəli.

Dözürdüm. Düzü, çox maraqlıydı bu dialoq mənimçün. Neçə illər idi bu sahədəydim. Amma, ilk dəfəydi ki, rastlaşmışdım belə bir vəziyyətlə. Gözləyirdim ki, sonu nəylə bitəcək. Nəhayət:

– Yaxşı, nə deyirəm ki, götür müsahibəni. Amma dedim a... pul-zad verən deyiləm.

Müsahibəni götürdüm. Geri qayıdıb, baş redaktora olanları məruzə etdim. Dedi ki, hazırla, salmışam plana. Xülasə, axşam saat 20.00 "Xəbərlər”ində müsahibə efirə getdi. Bir də gördüm ki, həmin müdir zəng edir: "Sabah nə vaxt istəsən gəl idarəyə, gözləyirəm. Söhbət var”,- dedi. Düzü, heç çağırmasaydı da gedəcəkdim. Mənimlə niyə belə danışmasının səbəbini öyrənmək üçün. Getdim. Soruşmağıma ehtiyac qalmadı. Amma bu dəfə kreslosundan ayağa qalxdı, çay gətizdirdi və çox hörmətlə sözə başladı:

– Mahir müəllim, sizdə bir S..... adlı jurnalist var. Mənim də yerlimdir. Həftə səkkiz-mən doqquz gəlirdi yanıma. Çəkirdi, danışdırırdı. "Ələsgərin də xələti” öz yerində. Nə vaxt efirə gedəcəyini də deyirdi. Mən də dostlarla yığışırdım televizorun başına. Evdəkilərə, rayondakılara da hay çəkirdim. Veriliş başlayırdı, qurtarırdı da... Amma məni göstərmirdilər. Dostlarım da başlayırdılar "Kişi sözü” filmindəki kimi. Baş qəhrəman Qasım deyir e... indi məni göstərəcəklər. Ekranda da inək göstərirlər, o da moooo eləyir. Yadındadır da o epizod yəqin. İndi bu S..... yerlim də düz üç dəfə məni çəkdi. Üçündə də yalançı çıxdı. Mən də "indi məni göstərəcəklər”,- desəm də, mənim yerimə... O vaxtdan söz vermişəm ki, daha jurnalistlərə müsahibə verməyim. Evdə, dost-tanış yanında biabır olmamaq üçün.

İndi özümü Məzahir müəllimin yerinə qoyuram. İki dəfə pərtlik pis şeydir. Başa düşürəm. Amma təkcə "Moooo”-yla məsələ bitsəydi, dərd yarıydı. Bütün günü sinəsinə sıxıb gəzdirdiyi, ürək dolusu danışdığı "Səhər” qəzeti, "Qətiyyətin təntənəsi” kitabını görən, bu haqda danışılanlardan zinhara gələn və nəticəsini, verilən qiyməti görməyən ailə nə düşünür? Bu suala cavab tapmağımda isə "Ögey ana” filmi köməyimə gəlir. Orda bir epizod var: Atası anadan yetim qalan İsmayıla söz verir ki, onu özüylə yol çəkməyə aparacaq. O da məktəbdə bu barədə lovğalanır. Amma sonda ögey anası onun "dvoyişnik” olmasını atasına deyir. Nəticədə İsmayıl yol çəkməyə getmir. Şagird dostları da başlayırlar mahnı oxuyub, yetim İsmayılı cırnatmağa:

Çox döyürdün döşünə sən,

Yol çəkməyə gedəcəksən

Baş tutmadı arzun, İsmayıl...

Düzdür, Məzahir müəllim üçün mahnı oxuyan yoxdur. Sadəcə səbəb onu yandırır. İsmayılı yol çəkməyə getməsinə əngəl yaradan ögey anası yandırıb-tökdü. Acığını gündəlik səhifəsinə "Ögey ana” sözlərini yazmaqla çıxdı. Məzahir müəllimi isə yandıran həmkarlarının ona qarşı ögeyliyi oldu. Başladı acığını Feysdə status bölməsinə tökməyə. Statusdur da yazır, əcəb də eləyir, ey "MOOOO görməyənlər” və ”Ögey ana”lar

.


Müəllifin bütün yazıları - Mahir Qabiloğlu



Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}